"O, Heydər Əliyevin ən doğru seçimlərindən biri olduğunu əməli və bioqrafiyası ilə təsdiqləmiş oldu"
Bu gün daxili işlər naziri Ramil Usubovun nazir təyinatından 22 il ötür.
R. Usubov mövcud hakimiyyətin ən uzunömürlü kadrlarından biri hesab olunur. O mövcud komandada barmaqla sayıla biləcək məmurlardandır ki, Heydər Əliyev dövründən belə bir strateji posta təyinat alıb və İlham Əliyevin dönəmində də öz kreslosunu qoruya bilib.
Etiraf etmək lazımdır ki, Ramil Usubov bu hakimiyyətin təkcə ən uzunömürlü deyil, həm də ən etibarlı kadrı kimi də özünü tanıda bildi. Zaman-zaman onun vəzifədən kənarlaşdırılması üçün rəqibləri tərəfindən çeşidli ssenarilər cızılsa da R. Usubov bu sınaqların hamısından peşəkarlıqla çıxmağı bacarıb.
R. Usubov rəhbərlik etdiyi qurumun ayrı-ayrı strukturları haqqında saytımızda gedən materiallara həssaslıqla və operativliklə reaksiya bildirməsiylə də seçilir. O mövcud hakimiyyətin mətbuatla əməkdaşlıq edən, yazılanlara münasibət bildirən azsaylı məmurlarındandır.
Yeri gəlmişkən, Xankəndindən seçilmiş millət vəkili Flora Qasımova da Ramil Usubovun 22 illik nazir dönəmini məmnunluqla xatırlayır və onun Heydər Əliyev məktəbinin ən parlaq simalarından biri olduğunu deyir:
“Həyat mübarizələr və imtahanlarla insanları sınağa çəkir və məhz bu zaman hər kəsin xarakterinin ilk baxışda görünməyən cəhətləri üzə çıxır. Ramil Usubov da keçdiyi şərəfli yolla, peşəkar fəaliyyəti ilə Heydər Əliyevin ən doğru seçimlərindən biri olduğunu əməli və bioqrafiyası ilə təsdiqləmiş oldu. Ramil Usubov ona əvvəl Heydər Əliyev, sonradan onun layiqli davamçısı İlham Əliyev tərəfindən göstərilən etimadı doğrultdu və başqalarına da yaxşı nümunə olduğunu ortaya qoya bildi. O, həm də xalqın inamını doğruldaraq milyonlarla insanın etimadını, rəğbətini qazana bildi. Mən fürsətdən istifadə edərək ulu öndərin ruhuna ehtiramımı ifadə edir, möhtərəm prezidentimizə bu etimadına görə minnətdarlığımı bildirməklə yanaşı, Ramil Usubovu ürəkdən təbrik edirəm, çətin və şərəfli fəaliyyətində ona davamlı uğurlar arzulayıram”.
"AzerTaym.az" saytının kollektivi də hörmətli naziri təyinatının 22-ci ildönümü münasibətilə təbrik edir, müvəffəqiyyətlər arzulayır.