ATU rezidentlərinin 4-cü ELMİ-TƏCRÜBİ konfransı keçirilib
AzerTaym.az xəbər verir ki Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Rezidentlərin 4-cü elmi-təcrübi konfransı keçirilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək, Azərbaycan Tibb Universiteti Rezidentlərinin Elmi-Təcrübi Konfransının (ATUREK) rezidentlər üçün əhəmiyyətindən bəhs etdi. Tədbir iştirakçılarını və qonaqları salamlayan rektor G. Gəraybəyli xatırladıb ki, ATU baza təhsilindən sonra universiteti bitirmiş və rezidenturaya qəbul olmuş həkimlərin ixtisas hazırlığı məşğul olan müəssisələrdən biridir: “Son illər təhsil sistemində, xüsusilə tibb təhsili sistemində böyük islahatlar, dəyişikliklər baş verib. Bu islahatlar çərçivəsində ənənəvi birpilləli təhsil sistemindən ikipilləli rezidentura mərhələsinin yaranmasını şəxsən mən inqilabi bir proses kimi qiymətləndirirəm. Universitetimiz artıq 5 ildir ki, ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsində qəbul həyata keçirilir. ATU artıq ilk məzunlarını buraxmış, hazırlanan ilk mütəxəssislər ölkəmizin müasir klinikalarında müstəqil həkim kimi fəaliyyət göstərirlər. Həmçinin, ATU-nun bütün klinikalarına rezidentlərin çalışması üçün ən müasir imkanlar yaradılıb, onlar xəstələrin müayinə və müalicəsinə cəlb olunublar”. G.Gəraybəyli ilk dəfə 2013-cü ildə keçirilən ATUREK konfranslarının universitet üçün artıq ənənəyə çevrildiyini bildirdi. Qeyd etdi ki, bu konfranslar rezidentlər və mütəxəssislər arasında təcrübə mübadiləsi aparılmasına, onların elmi əlaqələrini gücləndirməsinə imkan yaradır. Rektor qalibin kim seçiləcəyindən asılı olmayaraq, rezidentlərin hamısını və onların elmi rəhbərlərini təbrik edərək konfransa işində uğurlar dilədi. Daha sonra ATUREK-də plenar məruzələr təqdim olundu. Müxtəlif kafedraları təmsil edən rezidentlər böyrək transplantasiyası, koronar xəstəliklər, tənəffüs yolu xəstəlikləri, uşaqlarda infeksiyalar və digər mövzularda hazırladıqları eli məruzələrlə çıxış etdilər. Qeyd edək ki, Azərbaycanda 2011-ci ildən etibarən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul həyata keçirilir. Respublikada 40 ixtisas üzrə rezidentura keçirilir, bundan 37-si ATU-da keçirilir. Ümumi rezident sayı 1800-dür və bunların 650 nəfəri ATU-nun rezidentura şöbəsinin tərkibindədir. .