XVI əsrdə yaşamış, astroloq, kahin kimi tanınan fransalı Nostradamusun adı artıq neçə illərdir ki, dünyanın müxtəlif ölkələrində çəkilir. Onun bəşəriyyətin gələcəyi ilə bağlı verdiyi proqnozlar kitablaşdırılaraq əksər dillərə tərcümə edilib.
Bəzi mənbələr, mütəxəssislər Nostradamusun proqnozlarının doğru çıxdığını, onların möcüzə olduğunu düşünsələr də, bəziləri isə kahinin əslində bir saxtakar olduğu qənaətindədirlər.
Moderator.az “Elmi sirlər” rubrikasında həm birincilərdən, həm də əsasən ikincilərdən-onun saxtakar, şarlatan olduğunu düşünənlərdən və bunu təsdiq edən faktlardan danışacaq:
O, fırıldaqçı idimi?
Din xadimləri Nostradamusu xüsusi qrup insanlar tərəfindən şişirdilən fırıldaqçı hesab edirlər. Onlar hesab edirlər ki, kahinin gələcəklə bağlı səsləndirdiyi 946 proqnozun yalnız 70-i müəyyən mənada doğru çıxıb. Bu da cəmi 7 faiz müsbət nəticə deməkdir.
Bəzi İslam mənbələri Nostradamusun səma cisimləri və müqəddəs kitablardan istifadə edərək irəli sürdüyü proqnozları böyük sufi alimi İbn Ərəbidən oğurladığını iddia edir. İbn Ərəbi bir təsəvvüf alimi olaraq birbaşa proqnozlar verməsə də, sufizmin rəmzlərindən istifadə edərək gələcəkdə baş verənlərlə bağlı ehtimallar irəli sürmüşdü. Lakin böyük sufinin özü də belə bu ehtimallarına ciddi yanaşmamışdı.
Üç avropalı tədqiqatçının Nostradamusun saxtakarlıqları barəsində irəli sürdüyü fərziyyələr də maraqlıdır ki, onları da sizə təqdim edəcəyik:
Çarlz Vard: “O, tapmacalarla danışan bir insandır. Səthi bir xristian, səmimi bir bütpərəstdir. Yanacağını əvvəlcədən xəbər verdiyi Rouzin şəhərini özü yandırmışdı”.
Bernard Capp: “O, öz sözlərinə dramatik çalar geyindirməkdə mahir idi. Ona görə də, gələcək haqqında dediyi xəbərlər bugün də diqqət mərkəzində oldu”.
Ceyms Laver: “Onun yazıları şeir və ədəbiyyat qaydalarına da uyğun gəlmirdi; nizamsız uydurmalarla dolu olan mənasız sözlər yığınıdır”.
Proqnozlar:
Yazıda obyektivliyi qorumaq üçün birincilərin-yəni, Nostradamusun dediklərinin doğruluğuna inananların da səsləndirdiyi faktları təqdim edirik. Onların fikrincə, XX əsrdə gerçəkləşən bəzi hadisələri Nostradamus 400 il bundan əvvəl demişdi:
1. Mussolini haqqında
“Norveçdə, Dasiyada və Britaniya adalarında müttəfiq qardaşlar böyük çətinliklər törədəcəklər. Fransız soyköklü romalı lider... Ordular meşəyə çəkiləcək!”
Nostradamusun XVI əsrdə dediyi sözlər II Dünya Müharibəsinin gedişini tam olaraq özündə əks etdirir. Hitler və Mussolini II Dünya Müharibəsi illərində Norveçə, Dasiyaya, yəni, Rumıniyaya böyük ziyan vuran “qardaşlar, daha doğrusu, bir-birilərinə bağlı olan müttəfiqlər idilər. Meşəyə çəkilən ordu isə faşistlərlə döyüşdə böyük rol oynayan məşhur müqavimət hərəkatıdır. Fransız soykökülü romalı lider isə təbii ki, Mussolinidir.
2. “Berlin divarları” haqqında
“Şərqdəki divar uçurdulacaq. Şimşək və ildırım görünür... Yeddi gündən sonra düşmənlər alaqapının ağzında görüşəcək!”
Şərqdəki divar Berlin divarıdır. Həmin divar 1990-cı ildə dağıdıldı və bir-birinə az qala düşmən kəsilən iki tərəf - daha doğrusu, vahid xalq ala qapıda- Brandenburq darvazasının ağzında görüşdü.
3. Şarl de Qoll haqqında
“Fransızların yaxşı tanıya bilmədiyi bir adam doğulacaq. Özünü döyüş meydanında göstərib düşmənə qalib gələcək. O, döyüşdə qalib gələn zaman isə bir paxılı öldürəcəklər”.
Bu bənd general Şarl de Qolla aiddir. Paxıl adlandırılan adam isəadmiral Darlindir. Onu 1942-ci ilin 24 sentyabrında öldürürlər. Şarl de Qoll II Dünya Müharibəsi zamanı Fransanın taleyini dəyişən bir general idi. Əvvəlcə yaxşı dəyərləndirilməsə də, sonradan bütün Fransanın qəhrəmanı oldu.
4. Hitler haqıqnda
“Nariki adalarından başlayan Reyn çayının sahilində böyük bir şəxsiyyət doğulacaq! O, çox gec gəlsə də, Polşa və Macarıstanı qoruyacaq. Onun başına nə gəldiyini heç vaxt bilməyəcəklər. Lideri dəmir qəfəsə salacaqlar, alman oğlu heç bir qaydalara tabe olmayacaq”.
“Sehirli keşiş”in tədqiqatçıları uzun müzakirədən sonra bu sözlərin məhz dünya tarixini dəyişməyə cəhd edən Nasist Partiyasının lideri Adölf Hitlerə aid olduğunu qeyd edirdilər. Hitlerin ölümü bu gün də müəmma olaraq xatırlanır. Onun gizləndiyi bunkerdən çıxıb çıxmaması, cəsədlərin onun və qadınına aid olub olmaması hələ də sual altındadır.
5. Xirosima və Naqasaki faciəsi haqqında
“İki dənizyanı şəhərə fəlakət üz verəcək. Elə fəlakət ki, misli-bərabəri olmayb. Aclıq və vərəm... Ev-eşiksiz qalan uşaqlar Allahdan kömək istəyəcək”.
Yaponiyanın bu iki şəhəri 1945-ci ildə dünyada misli-bərabəri olmayan dağıntıya məruz qaldı. Hər iki dəniz kənarında yerləşən şəhərə atılan bombadan sonra xəstəliklər də artdı, evsiz-eşiksiz adamların, kimsəsiz uşaqların sayı da...
6. III Dünya Müharibəsi haqqında
“Antixrist üçlüyə heç nə verilməyəcək. Müharibə 27 il çəkəcək. Hər yan qandır, cəsədlər torpağı murdarlayır. Dünya müqəssirləri əzizləyir, mütəfəkkir isə məhv olub gedir”.
Tədqiqatçılar nədənsə onun bu qeydlərini III Dünya Müharibəsinə işarə edirlər. Onların yazdıqlarına görə, bu qeydlərə əsasən guya III Dünya Müharibəsi artıq başlayıb və 2025-ci ildə sona çatacaq.
7. Amerika və Rusiya haqqında
“Hakimiyyət yalnız ikinizə qalacaq! Lakin onların arasında həmrəylik uzun sürməyəcək. Üç il yeddi aydan sonra onlar müharibəyə qoşulacaqlar. Və qələbəni hökmən Amerikada doğulan adam qazanacaq”.
8. Nüvə silahı haqqında
“Səma ərimiş qızıl tək parıldayır. Möcüzəli atəş insanların qatilinə çevrilir. İxtiralarda mənəvi qida yox, bədxahlıq var. Təqib və ölüm hər yeri bürüyür”.