Trampın “dinc Amerika”sı və İranla müharibə istəyən generalları – Növbəti hədəf niyə Tehran elan olunub?- TƏHLİL
Bob Dreyfus The Nation (ABŞ), 03..01.2017 Trampın komandasına daxil, milli təhlükəsizlik məsələləri ilə məşğul olan general üçlüyü – milli təhlükəsizlik üzrə müşavir qismində Maykl Flinn, müdafiə naziri kimi Ceyms Mettis və Daxili Təhlükəsizlik Nazirlriyinin başçısı kimi Con Kelli, həmçinin Nümayəndələr Palatasının təmsilçisi Mayk Pompeo MKİ direktoru kimi – hamısı rəsmi Vaşinqtonda, həmçinin bütün dünyada narahatlıq doğurur. Bu, Şimali Koreyadan Cənubi Çin dənizi, Meksika sərhədindən Suriyaya qədər hər yerdə baş verir. Həm də söhbət Trampın qarşıdurma və döyüşkənliyə yönəlmiş instinktlərinin üzə çıxmasına təkan verəcək, həmçinin bu prosesə şərait yaradacaq insan qrupundan gedir. Halbuki onların meynstrimdən (əsas istiqamətdən-tərc.) fərqlənən yanaşması, hətta demək olar ki, hərbi işlər və kəşfiyyat məsələlərindəki ekstremizminin Birləşmiş Ştatların ən yeni tarixində misli görünməyib. Həm də istisna deyil ki, Tramp generallarının və MKİ-nin ilk hədəfi İran olacaq. “Bu nə qədər faciəvi olsa da, İranla mümkün müharibə üçün ünsürlər tədricən toplanır”, – deyə 2005-ci ildə Milli Kəşfiyyat Şurasının (National Intelligence Council) Yaxın Şərq Şöbəsinin rəhbərliyindən istefa vermiş MKİ-nin keçmiş analitiki Pol Pillar “National Interest” dərgisinin səhifələrində qeyd edib. Corc kiçik Buş administrasiyası Ağ Evə İraqla müəyyən icəşkənliklə gəlib və artıq 2001-ci il yanvarın 21-də Ağ Evdə Milli Təhlükəsizlik Şurasının müzakirə predmeti olub. İndi isə Tramp administrasiyası öz silahlarının atəşini İrana qarşı yönəldəcək. Ən azı, İrana münasibətdə ədavət hərbi qarşıdurmanın yayılması və rejimin dəyişilməsində təcavüzkar səylərə gətirib çıxarda bilər. Halbuki bu, iki ölkə arasında “qaynar müharibə”ni alovlandırar və İraq və Əfqanıstandakı müharibələr miqyas və intensivliyinə görə bununla müqayisədə əhəmiyyətsiz görünə bilər. Flinn bu il “Döyüş meydanı: radikal islam və müttəfiqlərinə qarşı müharibədə necə qalib gələ bilərik” (The Field of Fight: How We Can Win the Global War Against Radical Islam and Its Allies) adlı kitabında İranla müharibə planını təqdim edib. Onun həmmüəllifi qatı qırğı (über-hawk) Maykl Ledindir. İrana münasibətdə öz ədavətini on illər ərzində sərməst etmiş və prezident Obamanın Fars körfəzində İrana qarşı hərbi gücün artırılması çərçivəsində üçüncü aviadaşıyıcının yerləşdirilməsi üzrə təkidli tələblərinə görə ABŞ SQ Mərkəzi Komandanlığının başçısı vəzifəsindən azad etdiyi Mettis daim təkrar edir: Birləşmiş Ştatların üç ciddi təhlükəsi var – İran, İran və İran. Meksika sərhədində müşahidə aparmağa yardım edəcək Kelli isə ABŞ Cənub Komandanlığının başçısı olarkən İranın Mərkəzi və Cənubi Amerikanın işlərinə ehtimal edilən müdaxiləsinə hay-küyçü baxışın tərəfdarı olub. Hər üçü İranı və siyasi islamı həmişə Birləşmiş Ştatlara qarşı və önəminə görə XX əsrdə nasizm və kommunizmə qarşı mübarizəyə bərabər olan ekzistensial təhlükə kimi təqdim etməyə cəhd edir. Kelli qeyd edib: “Başa düşmürəm, onlar bizə niyə nifrət edirlər, amma düzünü desəm, bu məni narahat etmir – onlar, sadəcə, bizə nifrət edir və irrasional şəkildə bizim məhvimizə can atırlar”. Flinn isə islamı “müflisləşmiş sivilizasiya” (failed civilization) adlandıraraq bu qayda ilə Samuel Hantinqtonun 1996-cı ildə “Sivilizasiyaların toqquşması və dünya düzəninin yenidən bölünməsi” (The Clash of Civilizations and the Remaking of World Order) kitabında təklif edilmiş və özünü çoxdan gözdən salmış tezisinə xas əhvali-ruhiyyə nümayiş etdirib. Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin (Defense Intelligence Agency) keçmiş rəhbəri Flinn Trampla daim görüşmək imkanında olacaq və praktik olaraq Ağ Evdə müdafiə və xarici siyasət məsələləri üzrə hər bir toplantıya qatılıcaq. O, təyinatların ilk raundundan sonra Tramp komandasının ən radikal üzvüdür. Kəşfiyyat İdarəsindəki həmkarları onu “kapitan Kviqin bənzəri” (“Keyndə qiyam” filminin personajı, həmkarları ondakı psixi pozğunluqdan şübhələnirlər-tərc.) Flinn “Döyüş meydanı” kitabında ABŞ-ın İran başda olmaqla düşmən koalisiyası ilə qiyamət savaşına cəlb edildiyinə dair inamını ən xırda təfərrüatları ilə nəql edir. “Biz şərniyyət adamların kütləvi məsiha hərəkatına qarşı dünya müharibəsi vəziyyətindəyik, – Flinn qeyd edir. – Radikal islamçılar, həmçinin Havana, Pxenyan, Moskva və Pekindəki rejimlərin daxil oduğu alyans bizə qarşı durub” (Flinn hesabın düz gəlməsi üçün bu siyahıya Boliviya, Venesuela və Suriyanı da əlavə edib). Flinn yazır ki, “İran bu sistemin özək mərkəzidir”. Flinn təsəvvür etdiyi alyansın mərkəzinə zərbə endirmək üçün rejimin dəyişilməsi üzrə kampaniya aparmağı təklif edir. Flinn etiraf edir: “Təəssüf ki, Amerika prezidentlərindən heç biri İranda rejimi dəyişməyə çağırmayıb”. Flinn arximühafizəkar, American Enterprise Institute-u daha radikal Demokratiyanın müdafiəsi fonduna (Foundation for the Defense of Democracies) dəyişmiş Ledinlə birlikdə İran rəhbərliyinin devrilməsinə yönəlik təzavüzkar cəhdləri dəstəkləyir. Buş administrasiyası öz zamanında Pentaqonun daxilində Pol Vulfoviç və Duqlas Feytin başçılığı altında vəzifəsi “Əl-Qaidə”nin Səddam Hüseynlə əlaqələrinin mövcudluğunu icad etmək olan fövqəlməxfi Özəl planlaşdırma departamenti (Office of Special Plans) yaradıb. Flinn isə inanır ki, İran həm “Əl-Qaidə”, həm də İŞİD-lə ittifaqdadır, amma İranın əsil müttəfiqləri, yəni Livan “Hizbullah”ı və İranın hazırladığı şiə könüllüləri həm İraqda, həm də Suriyada “Əl-Qaidə” və İŞİD-ə qarşı mübarizə aparır. Flinn və Ledin qeyd edirlər: “1998-ci ildə Şərqi Afrikada ABŞ səfirliklərinin yanındakı bomba partlayışları – buna görə məsuliyyəti “Əl-Qaidə” öz üzərinə götürüb – xeylib dərəcədə İranın əməliyyatı idi”, lakin inandırıcı dəlillər var ki, bunları İŞİD-lə birlikdə şiələrin ittiham edərək onalara yanlış müəslmanlar deyən ekstremist sünni qruplaşması “Əl-Qaidə” həyata keçirib. Flinn 2012-ci ildə Kəşfiyyat idarəsində işlərkən öz əməkdaşlarına təkidlə Birləşmiş Ştatların Benqazidəki diplomatik təmsilçiliyinin ərazisinə hücuma İranın rəhbərlik etdiyini sübut edən donkixotvari araşdırma aparmağı və dəlillər tapmağı tövsiyə edib. Lakin Flinnin islam xofu bircə İran çərçivəsindən xeyli kənara çıxır – bir dəfə Twitter-də yazıb ki, “müsəlmanlara münasibətdə vahimə RASİONALdır” və bundan başqa, şəriət qanunlarının Birlşmiş Ştatlarda yayılması haqda əsassız çaxnaşma törətməyə cəhd edib. O, Christian Reporter News media qrupunun You Tube portalına yerləşdirdiyi nitqində aydın şəkildə işarə vurur ki, islamın özünü problem sayır. “İslam siyasi ideologiyadır,- o deyib. – Söz yox ki, o, din olduğu haqda təsəvvürün arxasında gizlənməyə səy edir… O, bədxassəli xərçəng şişi kimidir”. Söhbət siyasi islamdan gedərkən Flinn heç bir fərq görmədən İŞİD və “Əl-Qaidə” kimi terrorçu təşkilatları, Taliban daxil olmaqla üsyançı dəstələri, daha mötədil qrupları, o cümlədən “Müsəlman qardaşlar” təşkilatını – hamısı sünnidir – o cümlədən şiə İranı və “Hizbullah”ı bir yerə yığır. Bunların hamısını böyük alyansın üzvü sayır. Bu cür geniş ümumiləşdirmə gerçəkliyə meydan oxuyur, çünki sadalanan qruplardan hər birinin öz taleyi var, əksəriyyəti bölgədə bir-biri ilə münaqişədədir. Lakin Flinn fikrində qətidir. “Hamısı yaxşı maliyyyə sahibidir, yaxşı silahlanıb, hazırlıqlıdır və əmindirlər ki, axırımıza çıxa bilərlər. Sadəcə, onların bizim üçün ekzistensial təhlükə təşkil edəcəyi anı gözləmək və ancaq bundan sonra qəti fəaliyyətə keçmək axmaqlıq olardı”. Flinn yazır: “2014-cü ildə məni Müdafiə Nazirliyi Kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad ediblər və bu, Konqresin komitələrindən birində çıxış edərkən bu gün bir neçə il əvvəlki tək təhlükəli vəziyyətdə olduğumuzu dedikdən sonra baş verib”. Lakin məsələ bununla tamamlanmayıb. Hərbi karyera başa çatarkən – Flinn bu dövrdə genral Stenli Makkristalın köməkçisi kimi İraq və Əfqanıstanda ən ölümcül kampaniyaların keçirilməsində aparıcı rol oynayıb – Flinn özbaşınalıq, davranış qəribəliyi, konspiroloji nəzəriyyələrə meyli, həmçinin təsdiqlənməmiş, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi əməkdaşlarının “Flinnin faktları” adlandırdığı parlaq təfərrüatlı kəşfiyyat məlumatlarını yaydığına görə işdən azad olunub. Flinnin sui-qəsd nəzəriyyəsinə meyli noyabrda “pissageyt” haqda gülünc xof şəklini aldı və bunun zirvəsi Kolumbiya dairəsində Vaşinqtonda Konnektikut-Avenyüdəki Comet Ping Pong restroranında odlu silah işlətməklə baş vermiş və geniş işıqlandırılan hadisə oldu. Flinn Twitter-də Hillari Klintonun ünvanına ittihamlar söyləyib – o cümlədən uşaqlara münasibətdə seksual cinayətlar barədə. Bundan başqa, işə oğlu kiçik Maykl Flinn qarışdı – o, “pissageyt” adlı bu qəribə əhvalatda Hillari Klinton və onun seçki qərargahının başçısı Con Podestanın uşaqlara münasibətdə qanunsuz hərəkətlər həyata keçirməkdə və yaxud hətta restoranın zirzəmisində onları qətlə yetirməkdə günahkar olduqlarını güman edərək ocağa benzin atdı. Flinn Trampın komandasında vəzifəsindən azad edilərək milli təhlükəsizlik məsələləri ilə məşğul olan yeganə adam deyil. Dəniz piyadası qoşunlarının generalı, Əfqanıstan və İraqda xidmət etmiş Mettis 2010-cu ildə prezident Obama tərəfindən ABŞ SQ Mərkəzi Komandanlığının başçısı təyin edilib, sonra isə Tehrana meydan oxumaq üçün Fars körfəzində Amerika quru və hərbi-dəniz qüvvələrinin genişləndirilməsi ideyasını dəstəklədiyinə görə işdən azad edilib. “New York Times” qəzeti yazır ki, “O, 2010-2013-cü illərdə ABŞ SQ Mərkəzi Komandanlığının başçısı olarkən İrana qarşı o qədər təcavüzkarcasına köklənmişdi ki, Obama administrasiyası onun karyerasına son qoymalı oldu”. Mettis aprelin 22-də Vaşinqtonda yerləşən Strateji və beynəlxalq araşdırmalar mərkəzindəki çıxışında bildirib: “İran milli dövlət deyil. Hərc-mərcliyin yayılmasına yönəlmiş inqilabi layihədir”. Ona “Quduz köpək” deyirlər (“Tramp deyib: “Bu, general Corc Pattonla bizi hər şeydən daha çox yaxınlaşdırır”) və Mettis hamını məhv etməyə hazır olması və ağılsızlığı ilə fəxr edir. O, bir dəfə deyib: “Bu, çox əyləncəli və məmnunluqdur – adamlara atəş açmaq”. Öz əsgərlərinə isə, bax, bunu deyib: “Nəzakətli, peşəkar olun, lakin qarşınıza çıxanların hamısını öldürmək üçün hazır planınız olsun”. Mettis də Flinn kimi siyasi islamın müxtəlif qanadlarını bir yerə sığışdırır və ilk növbədə İranı İŞİD-lə əlaqələndirməyə cəhd edir. Mettis sözügedən mərkəzdəki çıxışında qeyd edib: “Mən İŞİD-i İrana bəraətdən, onun cinayətkar fəaliyyətinin davamı üçün istifadə edilən qurumdan savayı heç nə saymıram”. Mettis iştirakçılara üz tutaraq bildirib: “İran İŞİD-in düşməni deyil. Əslində, İran açıq şəkildə İŞİD-lə ittifaqdadır. Mən istərdim ki, sadəcə, bu sual üzərində düşünəydiniz: Yaxın Şərqdə hansı dövlət İŞİD-in hücumuna məruz qalmır? Bu cür bir dövlət var və bu İrandır. Özü də əminəm ki, bu, təsadüfi deyil”. Tramp komandasının millin təhlükəsizlik sahəsində İrana mübtəla daha bir üzvü MKİ-nin direktoru olacaq Pompeodur. Bu neftçi və 2010-cu ildə Çay partiyasını Kanzas 4-cü seçki dairəsində qələbəyə gətirmiş, Konqresdə təzə adam xarici kəşfiyyat aləmində daha yeni adamdır – o, yalnız 2013-cü ildə Nümayəndələr Palatasının kəşfiyyat üzrə Daimi xüsusi komitəsinin tərkibinə daxil olub. Buna qədər isə Benqazi üzrə Xüsusi komissiyanın tərkibində işləyib. Pompeo ölk daxilində müşahidənin gücləndirilməsi, həmçinin Edvard Snoudenə münasibətdə ölüm cəzasının tətbiqi uğrunda çıxış edir. “Cənab Pompeo hərfi mənada ekstremistdir, – Amerika Alimləri Federasiyasının prezidenti Stiven Afterqud Bloomberg agentliyinə müsahibəsində qeyd edib. – O, kəşfiyyat müşahidəsi, istintaqın aparılması və həmçinin başqa sahələrdə ekstremal mövqe tutur və onun fikirləri meynstrim üçün xarakterik konsensusdan fərqlənir”. Pompeo altı dövlətin İrana münasibətdə Tehranın nüvə proqramına qarşı sərt və uzunmüddətli məhdudiyyətləri nəzərdə tutan Birgə ümumi fəaliyyət planının (BÜFP) kəskin və barışmaz tənqidçisidir. O. keçən il istefadakı 190 general və admiralın, həmçinin başqa zabitlərin yazdığı və bu sazişin “təhlükəli” və müharibəyə səbəb olası adlandırdığı məktubu yayıb. Bundan sonra, təxminən, 24 press-relizdə, üç şərhdə, həmçinin Fox News telakanalında çoxsaylı çıxışlarında guya bu müqavilənin bütövlüyünü pozan məxfi əlavədən danışıb. Pompeo MKİ başçısı vəzifəsinə təyin edilməsinə bir az qalmış Twitter-də bu cür məlumat yerləşdirib: “Dünyada terrorizmin ən böyük sponsoru ilə bu dəhşətli sazişdən imtina etməyin mümkün olacağı anı səbirszliklə gözləyirəm”. Tramp öz generalları və Pompeo ilə birlikdə Birgə ümumi fəaliyyət planından çıxa və yaxud ümumən ondan imtina edə bilərmi? Əlbəttə, məlum olduğu kimi, Tramp vəzifəyə başlayan kimi bu sazişi pozmaq niyyətini elan edib. Və ekspertlərinn əksəriyyəti bunu etməyin çətin və hətta mümkünsüz olacağını bildirsə də, İsrail baş naziri Benyamin Netanyahu CBS telekanalında 60 Minutes proqramında çıxış edərkən deyib ki, bu, mümkündür: “Düşünürəm ki, sərəncamımızda sizin düşündüyünüzdən daha çox imkanlar var. Bu sazişi pozmağa həmişə müxtəlif imkanlar var. Mənim beynimdə, təxminən, beş variant var. Və bunları prezident Trampla müzakirə edəcəyəm”. …Bir şeyi dəqiq demək olar. Tramp dönəmində ABŞ-İran münasibətləri pisləşsə (bu isə bu gün qaçılmaz görünür), iranlı sərt siyasət tərəfdarları siyasi mövqelərini gücləndirəcəklər. BÜFP-nin memarlarından biri olmuş prezident Həsən Ruhaninin 2017-ci ildə təkrar seçilmək uğrunda mübarizəsi getdikcə çətinləşəcək. Vaşinqton tərəfdən düşmən münasibəti güclənərsə, Ruhaninin siyasi mövqeyi sarsılacaq, onun barışmaz əleyhdarlarının şansı isə artacaq. Bu, Ruhanini devirmək istəyən və diplomatik tərəfdaş kimi ABŞ-a etibar etməyin mümkün olmadığını artıq çoxdan bildirən İslam İnqilabı Keşikçiləri Korpusuna da aiddir. İranlı sərt siyasət tərəfdarlarının nüfuzu artdığından Vaşinqtonun fitnəkar fəaliyyəti halında İranın vəziyyəti gərginləşdirəcəyi şansları getdikcə artacaq, öz rəqibini əlverişsiz duruma salmağa çalışacaq. Bu isə son hesabda müharibənin hazır formuludur. Tərcümə Strateq.az-ındır.