AZAL-a yeni rəqib gəlir: 56 manatlıq biletə qarşı 6 manatlıq BİLET
"Azərbaycan Hava Yolları" (AZAL) fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək. AZAL-ın mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manatdır. Bakı-Gəncə istiqamətində yenidən fəaliyyəti bərpa olunacaq qatarlarda isə gedişhaqqı 6 manat nəzərdə tutulub. Hazırda Böyükkəsik istiqamətində hərəkət edən Bakı-Gəncə qatarı üçün yollarda əsaslı təmir gedir. 600 kilometr olan yolların təmiri yekunlaşdıqdan sonra qatarların fəaliyyəti bərpa olunacaq. Hələlik gedişhaqqının ilkin qiyməti 6 manat nəzərdə tutulub. indiki iqtisadi durumu nəzərə alaraq sərnişinlərin onlara daha sərfəli olacaq Bakı-Gəncə qatarından istifadə edəcəyi təxmin edilir. Onlar Bakı-Gəncə qatarından istifadə etməklə digər xərclərə də qənaət etmiş olacaqlar. Azərbaycan Dəmiryollar ASC-nin mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, hələlik İsveçrənin “Stadler Rail Group” şirkətindən yalnız 5 qatar alınıb. Təmir prosesi başa çatdıqdan sonra daha 5 qatar alınacaq. Mətbuat xidmətində qatarların Azərbaycan tərəfindən neçəyə alınması ilə bağlı məlumat yoxdur. Sürət həddi isə böyük ehtimalla 120 kilometrdən az olmayacaq: “Çalışacağıq ki, sürət həddi 120 kilometrdən artıq olmasın. Böyük ehtimalla gediş haqqı öncəki kimi 6 manat qalacaq, heç bir dəyişiklik olmayacaq. Bu haqda qatarlar fəaliyyətə başladıqdan sonra daha dəqiq məlumat vermək olar”. Bəs görəsən, Bakı-Gəncə qatar reysinin fəaliyyətinin bərpası aviareysin sıradan çıxmasına səbəb ola bilərmi? İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bu məsələni dəyərləndirib. Onun sözlərinə görə, sərfəli olan bu nəqliyyat vasitəsi daha çox sərnişin cəlb edə biləcək: “Bakı-Gəncə reysinin fəaliyyətə başlaması müsbət addımdır. Zaman etibarı ilə sərnişinlər aviareysdən istifadə etməyə üstünlük verir. Lakin bir çox nüansları nəzərə aldıqda qeyd etməliyəm ki, Bakı-Gəncə aviareysi ilə qatarların hərəkətində o qədər də ciddi zaman fərqi yaranmır. Ən azı bir saat öncə Hava Limanına yetişmək lazımdır. Hava limanına yetişmək də məkandan asılı olaraq kifayət qədər vaxt ala bilər. Yarım saat hava limanına çatdıqdan sonra uçuşun həyata keçməsi üçün bir saat burada gözləmək laızm gəlir. Gəncə Hava Limanına yetişmək üçün isə təxminən 1 saat 45 dəqiqə zaman alır. Şəxsi avtomobillə belə 3,5 saata Gəncəyə çatmaq mümkündür”. Ekspertin sözlərinə görə, millət vəkilləri Bakıdan Gəncəyə hərəkət etmək üçün şəxsi avtomobillərindən istifadə etmək istəmədiklərinə görə aviareysin yenidən bərpasını tələb ediblər. Mövcud mənzərəni dəyərləndirən iqtisadçı hesab edir ki, Bakı-Gəncə qatarı daha çox sərnişin cəlb edə biləcək: “Çünki həm Bakıda, həm də Gəncədə dəmiryol vağzalı şəhərin mərkəzində yerləşir. Vağzalın metronun çıxışında yerləşməsi sərnişinin əlavə xərclərinin cibində qalması deməkdir. Mərkəzdən çox rahatlıqla istənilən istiqamətə hərəkət etmək olar. Yeni qatarların sərnişinlərin rahatlığına cavab verməsi daha bir üstünlükdür. Bütün bu keyfiyyətlər aviareys üçün böyük alternativə çevriləcək”. İqtisadçı belə hesab edir ki, daha çox məmur-deputat kimi imkanlı təbəqələr aviareysdən istifadə edəcək: “Bu təbəqə aviareysin fəaliyyətdə olmasına maraqlı olacaq. Sərnişinlərin sayının azalması ilə AZAL-ın gəlirləri aşağı düşəcək. Bu zaman isə reyslərin aktiv olması dotasiya ilə mümkün olacaq. AZAL dotasiyaya gedəcəkmi, reyslər fəaliyyətdə olacaqmı, bunu demək çətindir”. N.Cəfərli Bakı-Gəncə qatarının yenidən fəaliyyətə başlamasını Bakı-Gəncə reyslərinin sıradan çıxarılması üçün öncədən düşünülmüş addım hesab etmir: “Seçim imkanı hökumətin əlindədir. İstəsə, AZAL-a göstəriş verərək aviareysin bağlanmasına nail ola bilər. Hökumət tərəfindən atılacaq bu addıma qarşı ciddi etirazın olacağını düşünmürəm. İndiki qiymətlər, kommunikasiya xətlərini nəzərə alaraq deyə bilərəm ki, bir müddətdən sonra AZAL dotasiya ilə, yəni büdcəsi hesabına ayrılmış vəsaitlə bunu reallaşdıracaq, ya da ki, bu daşınmanı dayandıracaq”. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) uçuş saat 11:05–də, Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 12:05-də reallaşacaq. Gəncədən uçuş - saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 14:05-də baş tutacaq.
Mətbuat xidmətindən bildirilib ki, artıq iki ilə yaxındır bütün istiqamətlərdə təmir işləri davam edir.