Gül bayramında iməcilik OLACAQ

Hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq

Mərhum prezident Heydər Əliyevin doğum günü ilə bağlı hər ilin 10 may tarixində keçirilən Gül bayramı bu il də, ötən il olduğu kimi, fərqli formatda keçiriləcək.

Belə ki, hələ bir neçə gün əvvəl Bakı meriyasından bildirilib ki, mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq: “Hər il mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər icra hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq”.

İcra hakimiyyətindən məsələ ilə bağlı “Yeni Müsavat”a da bildirildi ki, Gül bayramı ilə bağlı qeyd olunan istiqamət üzrə hazırlıq işləri gedir. Lakin yuxarıda da qeyd olunduğu kimi, meriyadan bu il Gül bayramının ənənəvi qaydada keçirilməyəcəyini söylədilər.

Eyni zamanda müşahidə etdik ki, əvvəlki illərdə əgər aprel ayından etibarən Heydər Əliyev Sarayının qarşısındakı parkda müxtəlif dekorasiyalar qurulub, Bakı meri Hacıbala Abutalıbovun göstərişi ilə xarici ölkələrdən güllər gətirilirdisə, bu il həmin işlər də görülməyib. Parkın vəziyyəti adi günlərdə olduğu kimidir.

Onu da xatırladaq ki, 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişi ilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın aprel hadisələrində şəhid olan hərbiçilərimizin 40 mərasimi ilə eyni günə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.

Qeyd edək ki, Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsüdür.

 






Fikirlər