Ankaradan dəqiq cavab verildi: O məzar Rəsulzadənin xanımının deyil - AÇIQLAMA
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın (Vanda xanım) məzarını tapdığını bildirib. Bu informasiya media orqanları və sosial şəbəkələrdə böyük marağa səbəb olub. 1974-cü ildə vəfat edən Leyla (Vanda) xanımın Əsri məzarlığında dəfn olunduğunu göstərən fakt özü-özlüyündə gözəl hadisə sayılsa da, rəsmi təsdiqini tapmadığı üçün məsələni araşdırmaçılarla müzakirə etməyi uyğun bildik. Modern.az məsələ ilə bağlı Rəsulzadəşünas alim, tarix elmləri doktoru Nəsiman Yaqublu ilə əlaqə saxlayıb. Nəsiman Yaqublu açıqlamasında ən dəqiq cavab verə biləcək mənbə - Ankaradakı Milli Kültür Dərnəyinin rəhbəri Cəmil Ünaldan mövzu barədə soruşduğunu deyib. O, Vanda xanımın dəfn olunduğu qəbiristanlığın xristianlara aid hissəsinin artıq dağıdıldığını bildirib: “Mən yaxınlarda Türkiyədə olan zaman bu məsələ ilə bağlı Ankaradakı Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal bəylə məsləhətləşdim. Cəmil bəy dedi ki, o məzarlıq, daha doğrusu, Vanda xanımın dəfn olunduğu ərazi artıq yoxdur. 1974-cü ildə Vanda xanım Ankarada vəfat edib və onu Əsri məzarlığında, daha dəqiq desək, Əsri məzarlığının xristianlara aid hissəsində dəfn ediblər. Amma sonradan həmin hissə-xristianlara aid olan ərazi qapadılıb. Orada qayda belədir ki, müəyyən müddət qəbirlərə diqqət yetirilməsə məzarlar oradan götürülür və ümumiyyətlə, ləğv edilir. Mənə də deyilən məlumata əsasən, Vanda xanımın məzarı da ləğv edilib. Orada heç bir başdaşı və yazı yoxdur. Sadəcə, təxmin edilir ki, bu Vanda xanımın məzarı ola bilər. Amma Cəmil müəllimin dediyinə görə, o məzar da ləğv olunur. Bu barədə ən etibarlı mənbə Cəmil Ünaldır. Çünki Vanda xanım dünyasını dəyişəndə orada olub, dəfnində iştirak edib, xeyli işlər görüb. Onun verdiyi məlumat isə budur ki, həmin yer - xristianların dəfn edildiyi yer artıq yoxdur. Mən bildiyim qədər, xristianlara aid olan hissədə hansı qəbirə görə pul verilmirsə, həmin məzar ləğv edilir. Eynən Avropada olduğu kimi beş ildən sonra o məzarın yerinə başqası olur”. Nəsiman Yaqublu məzarın olmamasını faciə hesab etmir. Onun fikrincə, Leyla xanımın irsini, gördüyü işləri araşdırmaq, hazırda Polşa və başqa yerlərdə yaşayan qohumlarını tapmaq daha vacibdir: “Bu, məncə, faciə də deyil! Əsas odur ki, bu xanımın gördüyü işləri, qohumlarını axtaraq. Leyla xanımın həyatını- təhsilini, gördüyü işləri öyrənmək daha vacibdir. Bildiyim qədəri ilə Rəsulzadənin iki əsərini tərcümə edib. Bu cür faktlar araşdırılmalıdır”.