PREZİDENT və birinci xanım Mingəçevirdə AÇILIŞLARDA OLDULAR

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.

Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də yeni yaradılan Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə pambıq istehsalı 2016-cı ilə nisbətən 2,3 dəfə artaraq 207,5 min tona çatıb. Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafi, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir.

İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlət başçısına və xanımına məlumat veriblər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.

Məlumat verilib ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.

Dövlət başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdiriblər.

Daha sonra Prezident İlham Əliyev “Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə salıb.

Bildirilib ki, “Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeməkxanada yaradılan şəraitlə də tanış olublar.

Yeni fabriklərlə tanışlıqdan sonra dövlət başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Müəssisənin işçisi Hüseyn Həşimov mingəçevirlilər üçün gözəl hədiyyə olan yeni fabriklərin inşasına verdiyi dəstəyə və bütövlükdə şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir "ASAN Həyat" kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat veriblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "ASAN Həyat" kompleksinə daxil olan "ASAN Peşə" ilə tanış olublar.

Təhsil Nazirliyinin və Azərbaycan Respublikasınln Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə" mərkəzi yaradılıb. Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, "ASAN Peşə" mərkəzində 4 istiqamət üzrə - elektrik, mexanik, santexnik, tikişçi peşələri üzrə ən müasir maddi-texniki baza vardır və burada mütəxəssislərin iştirakı nəzərdə tutulub.






Fikirlər