GƏNCƏ və MİNGƏÇEVİR işi böyüyür – HƏBSLƏR başladı, bəzi SAYTLARA GİRİŞ BAĞLANDI
Elmar Vəliyevə sui-qəsd üzrə 12 nəfər saxlandı; Respublika ərazisində elektrik enerjisinin kəsilməsi və Gəncə ŞİH başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə daha 20 nəfər cəzalandırıldı - siyahılar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktından 1 həftə ötür. Bu müddət ərzində ortaya xeyli ilginc məlumatlar çıxıb. Olaydan sonrakı ilk günlərdə Yunis Səfərovun başçıya şəxsi motivlə hücum etməsi fikri daha çox yayılmışdı. İyulun 3-də hüquq mühafizə orqanları - DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq Gəncənin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı törədilmiş hadisənin terror aktı olduğunu elan etdi. Amma ortada bir maraqlı məqam da var: Elmar Vəliyevin qardaşı, Azərbaycan baş prokurorunun müavini, ölkənin hərbi prokuroru olan Xanlar Vəliyev bildirdi ki, Yunis Vəliyevin anası ermənidir, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşıdır. Xanlar Vəliyev kifayət qədər yüksək post tutan vəzifə sahibidir, təcrübəli istintaqçılardan hesab edilir. İllərdir ki, hərbi prokuror postundadır. Onun açıqlaması bu səbəbdən təsadüfi hesab oluna bilməz.
Yunis Səfərovun doğum şəhadətnaməsində anası Leylaxanım Hüseyn qızı və atası Rafiq Yunis oğlunun milliyyətləri qrafasında “azərbaycanlı” sözləri yazılması da şübhələri tam aradan qaldırmır. Hər halda, Yunisin özü, ata-anası uzun illərdir ki, Rusiyada yaşayırlar. Bu səbəbdən Xanlar Vəliyevin səsləndirdiyi “Rusiya izi” maraq doğurmaya bilmir... * * * Bu arada sosial şəbəkələr üzərindən Yunis Səfərovun həbsindən sonra ölümcül döyülməsi ilə bağlı foto və məlumatlar da tirajlanmışdı. Həmin məlumatda vurğulanırdı ki, Yunis Səfərovu polis əməkdaşları döyməyib. İddia olunur ki, onu Xanlar Vəliyevin, Elmar Vəliyevin və digər qardaş oğlanlarından ibarət 11 nəfərlik Vəliyevlər qruplaşması döyüb... Amma bu iddiaların nə dərəcədə doğru olması bilinmir. Y.Səfərovun vəkil Elman Ağayev isə big.az-a açıqlama verərək bildirib ki, müvəkkilinin döyülməsi, ölməsi ilə bağlı iddialar əsassızdır: “İstintaq getdiyi üçün əlavə məlumatlar verə bilmərəm. Tək onu deyə bilərəm ki, Yunis sağ-salamatdır. Mətbuatda döyülməsi məsələsi çox şişirdilib. Mən iyulun 4-ü onu görəndə döyülmüş insan kimi hərəkət etmirdi. Mənimlə normal danışırdı. Üzündəki xəsarəti soruşanda bildirdi ki, polislər onu yaxalamaq istəyərkən olub. Mən onun bütün bədəninə baxmışam. Ondan əlavə heç bir xəsarəti yoxdur. İyulun 5-də də görmüşəm. Hər dəfə onunla görüşəndə döyülüb-döyülməməsini soruşuram. Hətta bədəninə baxıram. Ailəsi ilə əlaqəm hələ ki olmayıb. Buna, düzü, vaxt da tapa bilmirəm. Ziyalı, hüquqşünas bir oğlandır. Savadlı bir gəncdir. Vəkil kimi olmasa da, qanunu biləndir”. “Peşmandırmı?” sualına vəkil onu zamanı gələndə bunu Yunis Səfərovun özü bildirəcəyini vurğulayıb: “Amma onun döyülməsi haqqında çıxan informasiyalar yalandır. Ən azından mən vəkiləm. İstəmərəm ki, müdafiə etdiyim şəxsə qarşı kimsə zor tətbiq etsin. Əgər belə bir şey olsa hər kəsə deyərəm. Hətta onu müdafiə etməkdən belə imtina edərəm. Yunis sağ-salamatdır. Dünən mənimlə birgə qarpız da yeyib, çay içib. Mənimlə rahat danışır. Bu hadisəni törədən şəxsdə təbii ki, müəyyən sıxıntı olacaq”.
Bu arada hadisədən sonra ötən müddət ərzində Elmar Vəliyevin sağlıq durumu ilə bağlı da ziddiyyətli məlumatlar gəlməkdədir. Qanlı olaydan dərhal sonra başçının sağlıq durumuna təhlükə olmadığı xüsusi olaraq vurğulanırdı. Lakin ötən 7 gün ərzində Elmar Vəliyevin sağlıq durumunun yaxşı olmasını təsdiqləyən bir səs yazısı, videomüraciəti və ya xəstəxana otağındakı fotosu yayılmayıb. Ötən gün “Yeni Müsavat”ın “Gəncədə Elmar Vəliyevin vurulması” mövzusunda canlı yayımına qatılan deputat Fazil Mustafa deyib ki, terrora məruz qalan başçı müalicə üçün İsrailə aparılıb. Bu xüsusda YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev azvision.az-a açıqlama verib. Deputat “Elmar Vəliyevin səhhəti normaldır və müalicəsini davam etdirir”, deyib. Bildirib ki, mütəmadi olaraq E.Vəliyevin səhhəti ilə maraqlanır: “Hazırda müalicə davam edir. Elmar müəllim qısa müddətdə işə qayıdacaq”... İyulun 9-da isə Baş Prokurorluq Elmar Vəliyev mövzusunda təxribat xarakterli məlumatları yayan 4 saytın bağlanması, redaktorlara cinayət işi başlanması haqda rəsmi məlumat yayıb. “Yeni Müsavat”a daxil olan həmin rəsmi məlumatda deyilir:
“2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb. Həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib. Belə ki, bəzi profillər vasitəsilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanmışdır. Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanmışdır. Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmiş və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Göstərilənlərlə yanaşı, ”criminalaz.com" və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 03-06 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlamışlar. Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla “topxeber.az” və “fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilmişdir. Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq edilmişlər. “Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmişdir. Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə (facebook, twitter, instagram və s.) “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək". Bu məlumatın ardınca DİN mətbuat xidmətindən musavat.com saytına daxil olan açıqlamaya görə, Elmar Vəliyevə sui-qəsdə görə daha 11 nəfər (Yunis Səfərovla 12) həbs olunub. Musavat.com xəbər verir ki, onlar aşağıdakılardır: Səfərov Yunis Rafiq oğlu - 1983, Gəncə şəhəri Zeynalov Firudin Etibar oğlu - 1982-ci il Tərtər rayonu Zalov Cəfər Mürsəl oğlu - 1977, Gəncə Əzizov Mahir Əziz oğlu - 1986, Yevlax şəhəri Əliyev Muraz Mətləb oğlu, 1989, Gəncə Abdullayev Hamlet Ramiz oğlu, 1978, Gəncə Ələkbərov Fikrət Balaqardaş oğlu, 1979, Bakı şəhəri Həsənov Rauf Rövşən oğlu, 1983 Gəncə Paşayev Ramil Famil oğlu, 1980, Gəncə Salahov Ceyhun İsrail oğlu, 1972-ci il, Gəncə Mustafayev Rasim Hafiz oğlu, 1980, Gəncə Zahidov Elmir Savadxan oğlu, 1996-cı il, Neftçala rayonu Qəzetimizin çap versiyası nəşriyyata gedəndə onların hansı səbəbdən saxlanmaları ilə bağlı rəsmi açıqlama yayılmamışdı. Bundan başqa, respublika ərazisində elektrik enerjisinin kəsilməsi və Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiklərinə görə hüquq-mühafizə orqanları tərəfindən daha 20 nəfər cəzalandırılıb. Musavat.com-un əldə etdiyi məlumata görə, saxlanılmış və xəbərdarlıq edilmiş şəxslər aşağıdakılardır: Qurbanov Rabil Səlvər oğlu, 29.05.81, Bakı şəhər sakini, 30 gün müddətinə; Ferazi Yaşar İbrahim oğlu, 17.06.1959, Xırdalan şəhər sakini, 30 gün müddətinə; Əliyev Elxan Rüstəm oğlu, 05.10.1982, Tovuz rayon Aşağı Ayıblı kəndi, 30 gün müddətinə; Mehdiyev Aqil Səlamət oğlu, 06.10.1985, Salyan rayon sakini, 30 gün müddətinə; Rəhimov Əli Şahbala oğlu, 05.03.1992, Bakı şəhər sakini, 30 gün müddətinə; Camalov Rəşad Şamil oğlu, 14.09.1990, Tərtər rayon sakini, 30 gün müddətinə; Şıxəliyev Elsevən Akif oğlu, 05.07.1991, Lənkəran rayonu, Cəgiran kəndi sakini, 30 gün müddətinə; Quliyev İlqar Humay oğlu, 27.06.1980, Sumqayıt şəhər sakini, 30 gün müddətinə; Sadıqov Əfqan Hətəmxan oğlu, 06.12.1976, Cəlilabad şəhər sakini, 30 gün müddətinə; Əliyev Rüfət Yaqub oğlu, 31.05.1986, Sumqayıt şəhər sakini, 30 gün müddətinə; Şirinov İlknur Adil oğlu, 18.07.1991, Balakən şəhər sakini, 25 gün müddətinə; Kərimov Sədi Hüseyn oğlu, 17.02.1983, Bərdə rayonu, Qəhrəmanlı kəndi, sakini, 20 gün müddətinə; Hüseynli Babək Hümbət oğlu, 22.08.1992, Xırdalan şəhər sakini, 10 gün müddətinə; Həşimov Afiq Mirzəxan oğlu, 10.02.1981, Neftçala şəhər sakini, 10 gün müddətinə; Səfərsoy Rza Əli oğlu, 06.05.1976, Səlyan rayonu Yenikənd kənd sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır; Qasımov Səbuhi Hafiz oğlu, 26.06.1996, Bakı şəhər sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır; Balayev Mahir Adəm oğlu, 18.03.1981, Ağsu rayonu Hacıqədirli kənd sakini, həbsdədir; Həsənov Bəhrəm Hüseyn oğlu, 17.09.1987, Ağdam rayonu Kəngərli kənd sakini, incibati qaydada cərimə olunub; Rəhimov Orxan Oruc oğlu, 07.03.1993, Bərdə rayonu, Otuzikilər kən sakini, incibati qaydada cərimə olunub; Bayramlı Səməd Elmin oğlu, 14.07.1998, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini, xəbərdarlıq edildikdən sonra buraxılıb. Görünən budur ki, hakimiyyət orqanları qətiyyətli istintaq və profilaktik tədbirlərə başlayıblar.