Prezident: "2020-ci ildə Azərbaycan qazı Avropa bazarına çıxarılacaq"

"Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda bütün işlər qrafik üzrə gedir. Cənub Qaz Dəhlizi nəhəng beynəlxalq layihədir, dörd layihədən ibarətdir - “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi, Azərbaycan qazını Gürcüstan üzərindən daşıyan Cənubi Qafqaz boru kəməri, Azərbaycan qazını Türkiyəyə daşıyan TANAP və sonuncu, dördüncü hissə isə TAP-dır - Transadriatik kəmər. Dörd hissənin üçü artıq reallaşıb və TANAP-ın açılışı bu ilin iyun ayında baş verib. Qalan hissənin tikintisi prosesi gedir, ümid edirəm ki, burada da heç bir problem olmayacaq və vaxtında – yəni, 2020-ci ildə Azərbaycan qazı 3500 kilometrlik boru xətti ilə Avropa bazarına çıxarılacaq. Beləliklə, Avrasiyanın enerji xəritəsinə çox dəyərli bir töhfə veriləcək".

"AzerTaym.az" “Report”-a istinadən xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident bildirib ki, bununla Azərbaycan qarşısında duran enerji təhlükəsizliyi ilə bağlı olan bütün məsələləri həll etmiş olacaq:

"Çünki əvvəlki illərdə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftini Aralıq dənizinə çatdırır. Qara dənizə aparan Bakı-Supsa kəməri bizim təşəbbüsümüzlə tikilib, Bakı-Ərzurum qaz kəməri çəkilib və bu dördüncü layihə ilə biz qarşımızda duran bütün vəzifələri icra edirik".






Fikirlər