CAVİD QURBANOV dəmiryollarında böyük layihələrin ANONSUNU VERDİ...
Oktyabrın 13-də Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günüdür. Bu gün münasibətilə oktyabrın 12-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və dəmir yolu işçiləri Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyublar. Daha sonra isə dəmiryolu işçiləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Jurnalistlərə açıqlama verən Cavid Qurbanov son zamanlar dəmiryolu sahəsində görülən işlər və yeniliklər barəsində danışıb. C.Qurbanov bildirib ki, həm şərq-qərb, şimal-cənub dəhlizinin, həm də Bakı Dairəvi dəmiryolunun yenidən qurulması işləri gedir: “Eləcə də elektrik qatarlarının yenidən bərpası, Qəbələyə yolun çəkilməsi işləri davam edir, Bakıdan Yalamaya qədər olan hissədə isə gələn ildən tikintiyə başlanacaq. Həmçinin layihələr sırasında Şahdağa gedən dəmiryolunun proyektləndirilməsi, Lənkəranda dəmiryolunu dəniz kənarından çıxarıb, avtomobil yollarının yanı ilə gedib, bir daha yenidən Astarada birləşdirilməsi, İran tərəfdə icarəyə götürdüyümüz terminal ərazisinin işinin tam bitirilməsi, texnikaların gətirilməsi və digər bu kimi böyük işlər yer alıb. Naxçıvanda isə yollarımızın yenidən qurulması ilə məşğuluq. Ölkə başçısının verdiyi tapşırıqları yerinə yetirmək üçün bu işlərlə çox ciddi məşğul oluruq. Bakı Dairəvi dəmiryolu barəsində məlumat verərək bildirim ki, bu yolla Bakıdan Biləcəri və Xırdalan ərazisindən keçməklə Sumqayıta çatmaq 42 kilometr, əks istiqamətdə isə 47 kilometrdir. Beləliklə də dairənin tamamlanması təxminən 87-94 kilometr arasında dəyişə bilir. Elə yerlər var ki, həmin yolun istiqamətini həm yaxınlaşdıra, həm də genişləndirə bilirik. Ona görə də sonda konkret məsafəni biləcəyik. Dairəvi yolda 14 stansiya olacaq. Yol 30 minə yaxın sərnişinin daşınmasına xidmət edəcək. Burada təqribən 7 cüt qatar işləyəcək. Onların sayı arta-azala bilər. Bakıdan Sumqayıta qədər yeraltı-yerüstü keçidlərin sayı isə 20-yə yaxındır. Binədəki qəzadan sonra qərara almışıq ki, avtomobil yolu ilə dəmiryolunun eyni olduğu ərazilərdə onların birinin səviyyəsini dəyişək. Bu isə körpü və yaxud tunel vasitəsilə ola bilər. Bütün bu məsələlərin hamısına yenidən baxırıq. Yolun Sumqayıtda Sabunçuya qədər olan hissəsində artıq işlər demək olar ki, başa çatıb. Bakıdan Sabunçuya qədər olan ərazidə də işlər gedir. Demək olar ki, Sumqayıt stansiyası tam hazırdır. İlin axırına qədər istifadəyə hazır olacaq”. Cavid Qurbanov söyləyib ki, Bakı-Gəncə qatarlarını ilin sonuna qədər istifadəyə verməyə çalışırlar: “Ölkəmiz inkişaf etdikcə, paytaxtda avtomobillərin sayının artması Abşeron yarımadasında sıxlıq yaradır. Ona görə də bunun qarşısını almaq istiqamətində işlər genişlənməlidir. Biz, Dübəndiyə qədər olan dəmir yolunu yenidən quracağıq. Cənab prezidentin axırıncı müşavirədə söylədiyi kimi ilin sonuna qədər çalışacağıq ki, Bakıdan Gəncəyə qədər sürətli qatarın açılışını təmin edək. Artıq qatarlar Bakıdadır. Qatarlar ikimərtəbəlidir və fərqlənməsi də ondan ibarətdir ki, bu qatarlarda xüsusi VİP və biznes-klasslar var. Həm aşağı səviyyəli klasslada olan vaqonlar var. Hər vaqonda quraşdırılmış soyuducular mövcuddur. Vaqonların baş tərəfində kiçik də olsa mətbəx formasında yer var. Burada ayaqüstü yeməklərin verilməsi nəzərdə tutulub. Eyni zamanda vaqonlar "wifi" ilə də təmin ediləcək. Bütün insanların rahatlığı üçün komfortlar yaradılacaq. Sürətə gəlincə isə biz artıq 159 kilometr sürəti sınaqdan keçirmişik. Qatarların maksimal sürəti saatda 300 kilometrə qədərdir. Ancaq Azərbaycan dəmiryollarının bugünkü imkanlarına görə biz onu maksimum 160 kilometr/saata qədər sınaqdan keçirə bilərik. Hələ ki yollarımızın kənarları tam bağlanmayıb və ölkənin hər yerində təhlükəsizliklə bağlı işlər görülməyib. Ona görə də sürətin bir o qədər qaldırılması mümkün deyil. Lakin get-gedə, işlər görüldükcə biz bu sürəti qaldırmağa çalışacağıq". Cavid Qurbanov Bakı-Lənkəran dəmiryolu barəsində isə aşağıdakıları söyləyib: “Artıq ölkə başçısının söylədiyi kimi vəsait ayrılıb, işlər gedir. İlin sonuna qədər proyektlənmə hazırlanacaq və təmirə başlayacağıq. Ağdaş rayonundakı Ləki stansiyasından dönməklə Qəbələ rayonuna çəkiləcək dəmir yolu xətti üçün torpaq məsələsi artıq həll edilib, 20 km-lik torpaq yatağı hazırdır. Orada relyef bir qədər çətindir. Biz Zaqataladan və Balakəndən çınqıl daşımaqla yeni yol yatağının hazırlanması ilə məşğuluq. Bir neçə ay oradakı qoruqla bağlı problemimiz olub. Ancaq prezidentin tapşırığı ilə həmin məsələni həll etdik. O yolun maliyyəsi ayrılıb və tikintisi davam etdirilir. Turist axınının artmasını nəzərə alaraq biz gələn il çalışacağıq ki, Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir. İnvestisiya qoyuluşlarında bu məsələnin nəzərə alınması üçün çalışacağıq”. Qurbanov söyləyib ki, bir ilə yaxın müddətdə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə 3 minədək konteyner və vaqon daşınıb: "Bir həftə əvvəl Gürcüstan ilə Azərbaycanın dəmiryolları şirkətləri BTQ-nin istismarı ilə bağlı təlimat imzaladı. Orada bilirsiniz ki, relyef bir qədər çətindir. Ancaq buna baxmayaraq, cənab prezidentin iradəsinə söykənərək bu yolun axıra qədər çatdırılmasını təmin etdik. Burada bəzi çatışmayan məsələlər var. Hansı ki, onlar xırda işlərdir. Məsələn, təhlükəsizliklə əlaqədar, yükün müəyyənləşdirilməsi ilə bağlı və digər bu kimi məsələlərlə bağlı da işlər aparılır. Təxminən orada 2 minə yaxın işçimiz var ki, onlardan 30 faizi azərbaycanlılardır. Hansı ki, onlar çox yüksək savada malik işçilərdir. Təxminən 500-ə yaxın da texnikamız da orada çalışır. Ərazidə stansiya və binaların tikintisi başa çatıb. Ümumilikdə, orada qızğın işlər davam edir. Növbəti il ilk olaraq jurnalistlərlə birlikdə Türkiyəyə həmin yolla səyahət edəcəyik. Bu il ərzində birinci dəfə idi ki, bütün dövrlər boyunca ən çox yol təmir edib, istifadəyə vermişik. Hal-hazırda köhnə vaqonlarda Bakıdan-Gəncəyə qədər olan ərazilərdə orta sürət 80-dən aşağı deyil. Əlavə yükdaşımalar üçün bizə vaqonlar lazımdır. Eyni zamanda sərnişin vaqonlarımızın səviyyəsinin daha yüksəyə qaldırılması vacibdir. Bunun üçün cənab prezidentə və nazirlər Kabinetinə müraciət etmişəm". Qəbələyə yolun çəkilməsi işləri davam edir, ölkənin bütün bölgələrinə tez və komfort şəraitdə getmək asanlaşacaq