Rektorlardan özəl universitetləri “bağlatdıran” Şeyx Əbdülə cavab – “BİLMƏDİYİ ÜÇÜN BELƏ DANIŞIR”

Tanınmış rejissor  Əbdül Mahmudov məlum olduğu kimi bu günlərdə özəl universitetlərin bağlanması fikrini irəli sürüb. Onun sözlərinə görə, paytaxtda yaranan tıxacların səbəbi də elə özəl universitetlərin çoxluğudur.     

Tələbələri şəhərdən çıxarmaq lazımdırsa, böyük dövlət universitetləri əsas götürülsün

"AzerTaym.az" bildirir ki,AzEdu.az məsələyə özəl universitet rektorlarının fikrini öyrənib. Xəzər Universitetinin rektoru Hamlet  İsaxanlı bidirib ki, Azərbaycanda özəl ali təhsil müəssisələrinin sayı elə də çox deyil:

“Bütün özəl universitetlərdə oxuyan tələbələrin cəmi bir dövlət universitetindəki tələbə sayından azdır. Bütün özəl ali təhsil müəssisələrinin tələbələrini toplasan, nə Azərbaycan Dövlət İqtisad Universiteti, nə də Bakı Dövlət Universiteti etməz.

Bizdə böyük, tələbə sayı heç 3000-ə çatmayan  özəl universitet yoxdur. Amma dövlət ali təhsil müəssisələrinin ümumən, 150 000 tələbəsi var. Şeyx Əbdül görünür bu  proporsiyaları bilmədiyinə görə belə deyir.

Təəssüf ki, bu heç nəyi həll etmir. Tələbələri şəhərdən çıxarmaq lazımdırsa, böyük dövlət universitetləri əsas götürülsün. Bu isə o qədər də sadə iş deyil”.

Rektor həm də universitetlərin müxtəlif rayonlara köçürülməsi məsələsinə müsbət baxdığını qeyd edib:

“Bizdə universitet azdır və daha da çoxaltmaq lazımdır”

Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev isə şəhərdəki sıxlığı rayon maşınlarının çoxluğu ilə əlaqələndirib. Onun sözlərinə görə sıxlığın yaranma səbəbi tələbə sayı deyil:

“Hörmətli Əbdül müəllim avtomobil nömrələrinə baxsa görər ki, bu belədir.

İtaliyada bunun qarşısını almaq məqsədilə şəhərə bir gün tək, o biri gün isə cüt rəqəmli avtomobillər  buraxırlar. Sıxlığı azaltmaq üçün belə qadağa qoyulur. Azərbaycan müstəqil dövlətdir. Əhalinin maddiyyatı inkişaf edib. Əvvəl həyətdə bir avtomobil tapa bilmirdik. İndi isə hərənin 2-3 maşını var. Əgər tıxacdan danışırıqsa deyim ki, tələbələrin çoxunun maşın üçün imkanı yoxdur”.

“Dünyanın harasında özəl universitet yoxdur ki?!”

Rektorun sözlərinə görə Azərbaycan özəl universitet sisteminə 25-26 ildir keçsə də, Kooperasiya Universiteti hələ Sovet vaxtından mövcuddur:

“Bizdə özəl universitetlərin sayı çox deyil. Dünyanın hansı ölkəsində özəl universitet oxdur?

1648-ci ildə Harvard Universiteti yaradılıb. Amerikanın 12 prezidenti buranın məzunu olub. Onlarla belə ali təhsil müəssisəsinin adını çəkmək olar. Qardaş Gürcüstanda, Ukraynada nə qədər universitet var. Bunun ona heç bir dəxli yoxdur.

İndi regionlarda universitetlər açmağa başlayıblar. Hamısını bir günə açmaq mümkün deyil. Amma bu barədə tədbir görülür.

Universitet çox olsun, bizim tələbələr orda-burda deyil, Azərbaycanda təhsil alsınlar. Yüksək səviyyəli mütəxəssislər hazırlayaq və onlar xalq şərəflə xidmət etsinlər”

Qeyd edək ki, rejissor Şeyx Əbdül AzEdu.az-a açıqlaması zamanı özəl universitetlər barədə bunları demişdi:

“Özəl universitetin mahiyyətini hələ də başa düşə bilmirəm. Əgər dövlətin universitetləri varsa, özəl nəyə lazımdır?  Bakını tıxac ediblər, nəfəs almaq olmur. Yazıq kəndlilər bir-birinin həvəsinə mal-qarasını satırlar ki, mənim də övladım gedib Bakıda oxusun. O uşaq niyə Bakıda oxumalıdır? Universitetləri rayonlarda yaradaq. Tələbə gəlib 4 il Bakıda avaralanır. Kəndli boğazından kəsib övladına göndərir. 4 ildən sonra məlum olur ki, nə uşaq var, nə də mal-qara.  Budur faciəmiz!

Özəl universitetlərə son qoyulmalı, ali təhsil müəssisələri şəhərdən çıxmalıdırlar. Bunların hamısı ideologiyaya bağlanır. Kökündə isə elm, sənət və təhsil durur. Peşəkar, canı yanan insanlar bu işlərlə məşğul olmalıdırlar”.






Fikirlər