QARAKƏND FACİƏSİNDƏN 27 İL ÖTÜR...
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür. "AzerTaym.az" bildirir ki, Qarakənd faciəsindən 27 il ötür. Hadisə 1991-ci il noyabrın 20-də baş verib. Hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır: Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi Alı Mustafa oğlu Mustafayev – telejurnalist Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü. Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib. Faciədən 27 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.