DEPUTATLAR AKTYOR-MÜƏLLİM davasında kimi haqlı sayır? - “Qurtarın BU OYUNLARI!”

Noyabrın 20-də aktyor Rza Rzayevlə 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev arasında dava-dalaş olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı rəsmi məlumatda bildirlir ki, Nizami Rayon Məhkəməsinin qarşısında baş verən hadisə zamanı aktyor direktoru döyərək, ona bədən xəsarəti yetirib. T.Mirzəliyev aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  Rza Rzayevin də dava-dalaşın səbəbi barədə öz arqumentləri var, Aktyorun sözlərinə görə, Tural Mirzəliyev və onun qohumları məhkəmənin qarşısında ona söyüş söyərək, təxribata çəkiblər.

Milli Məclisin deputatları bu dəfə Modern.az-a iki gündür sosial şəbəkələrdə müzakirə olunan aktyor-direktor davası barədə danışıb, olaya münasibət bildiriblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova hadisə haqqında geniş məlumata sahib olmadığını bildirib:

“Fikrimcə, peşəsindən asılı olmayaraq kiməsə zorakılıq etmək yolverilməzdir. Mənə qarşı bu qədər qərəzli yazılar yazılır. İndi gedim onları – həmin yazanları döyüm? Ona görə dözümlü olmaq lazımdır. Kimsə kiməsə söz atıbsa, ağır söz deyibsə, ona həmin sözlərlə cavab vermək lazımdır. Müəllim peşəsi ən müqəddəs peşədir. Biz onlara hörmət etməliyik. Tez-tez mətbuatda da rast gəlirik ki, sürücüləri, müəllimləri döyürlər, onları aşağılayırlar. Olmaz! Bu, cinayətdir! Sağ olsun, bizim yeni təhsil nazirimiz. Onlar direktorları məktəblərə təyin edərkən qüsurları aradan qaldırırlar. İndi direktorlar çox şəffaf şəkildə seçilir. Direktorun da səhvi ola bilər. Çünki o da insandır. Hər bir insan səhv edə bilər. Direktor ədalətsiz bir hərəkət edibsə, onunla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır. Məsələni sivil yolla həll etmək lazımdır. Biz sivil cəmiyyətdə yaşayırıq. Qurtarın belə hərəkətləri! 1990-cı illər geridə qalıb! 1990-cı illər heç vaxt qayıtmayacaq! Qurtarın bu oyunları! Mən deputat kimi cəmiyyətə səslənirəm ki, bütün məsələləri sivil yolla həll etmək lazımdır. Biz bu şüurla hara gedirik? Bəsdirin də! 1990-cı illərdə Azərbaycanda və bütün postsovet ölkələrində belə bir tendensiya vardı: “Kim güclüdürsə, o haqlıdır”. Ancaq indi isə hüquq güclüdür”.


Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib ki, hadisə ilə bağlı istintaq aparılır, gözləmək lazımdır:

“Aparılan araşdırmadan sonra bilinəcək ki, kim haqlıdır, kim haqsız. Amma bütün mətbuata baxıram ki, hamı tökülüb Rza Rzayevin üstünə. Mən məəttəl qalmışam. Rza Rzayev mənim çox sevdiyim bir insandır. Mən onu çoxdan tanıyıram. O, gənc bir aktyor, rejissor, həm də məmur olub. Rza Rzayev həddindən artıq utancaq, söz deyəndə qızaran bir adamdır. Deməli, ortada nəysə bir şey var ki, o, haldan çıxıb. Baxıram ki, bütün mətbuat bu məsələyə önyarğı ilə yanaşır. Döydü, vurdu, bunu elədi, onu elədi... Rza Rzayevin də qolu qırılıb. Bəs onda, o, öz qolunu qırıb? Görünür, qarışlıqlı bir şey olub. Hər halda, xoşagələn hadisə deyil.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Kimin də nə cəzası varsa, onu alacaq. Rza Rzayev də cəza alıb həbsdə yata bilər. Burada qeyri-adi bir şey yoxdur. Hər kəs öz etdiyi əmələ görə cavab verməlidir. 

Rza Rzayev öz evini satıb 45 dəqiqəlik “Geyilməmiş ayaqqabılar” sənədli filmini çəkən biridir. Bu məsələni vaxtında yoluna qoya bilərdilər. Mən nəinki müəllimin, heç bir kəsin döyülməsinin, vurulmasının tərəfdarı deyiləm. Amma bir adamın üstünə getmək düzgün deyil. Bu adam içki də içmir ki, deyim içkili olub. Hər halda, xoşagəlməz bir hadisədir. Hər şeyi aparılan araşdırma ortaya qoyacaq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli:


“Bu bir siqnaldır. Siqnal ondan ibarətdir ki, müqəddəs peşə sayılan müəllimlərin nüfuzu cəmiyyətimizdə hədsiz dərəcədə zəifləyib. Bu da ilk növbədə onların maddi təminatı ilə bağlıdır. Uşaqlar görəndə ki, özünün evdəki şəraiti müəllimdən qat-qat yuxarıdır, o zaman  başlayır özünü müəllimdən üstün tutmağa. Mən dəfələrlə kişi müəllimlərin az olması ilə bağlı məsələ qaldırmışam. Uşaqlarımız qız kimi böyüyürlər, müəyyən psixoloji problemləri yaranır. Hər vasitə ilə müəllimlərin  əmək haqlarını qaldırmaq lazımdır. Məktəblərdə keçmiş şagird komitələrini bərpa etmək lazımdır. Bəzən adama sual verirlər ki, sovet dövründəki təhsil yaxşıydısa, niyə indi bu qədər dəyişikliklər edirlər? Niyə Boloniya sisteminə keçdik? Tələbələr istədiyi vaxt dərsə girirlər, dərsdən çıxırlar. Bu da müəllimin nüfuzuna xələl gətirir.  Açıq danışaq ki, müəllimlər 100 faiz əsəb, sarsıntı keçirirlər. Çünki aldıqları əmək haqqı qətiyyən onları qane etmir. Bizim millətimizin gələcəyi təhsillə bağlıdır. Bu hadisə də ciddi bir  siqnal olmalıdır. Biz təhsilimizə xüsusi qayğı ilə yanaşmalıyıq. Müəllimlərin, məktəblərin nüfuzunu mütləq qaldırmalıyıq”.

Deputat hadisənin məsuliyyətindən də danışıb:

“Əgər burada yüngül xəsarət varsa və tərəflərin razılığı olarsa, məsələ xətm oluna bilər. Əgər az ağır, ağır xəsarət varsa, bu halda cinayət məsuliyyəti yaranır. Bu halda məsələ hətta tərəflərin barışması ilə də həll olunmaz. Və nəticə ekspertizanın rəyindən asılı olacaq. Hər bir halda, bu hadisə çox ağır məsələdir”.






Fikirlər