Salome Zurabişvili: “RUSİYA İLƏ dostluq etmək VAXTI DEYİL”

VAXTI DEYİL

Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn Salome Zurabişvilinin fikrincə, hazırda Rusiya ilə əməkdaşlığın doğru zamanı deyil. O, bu barədə BBC-nin Rusca xidmətinə müsahibəsində bildirib.

"Rusiya hələki özünü belə apardığından, insanların oğurlanması da daxil, işğal xətlərində baş verənləri və bu xəttin ərazimizin dərinliyinə, Tbilisinin daha yaxınına... doğru hərəkət etdiyini nəzərə alsaq, Rusiyanın hazırda Ukraynaya qarşı özünü necə aparmasını nəzərə alsaq düşünmürəm ki, bu bizim dərhal əməkdaşlığa başlamağımız deməkdir"- deyə Zurabişvili bildirib.

O, Gürcüstanın Avropa mövqeyini tutduğunu, ölkənin Avropa və Amerikanı təmsil edən Qərb partnyorları Rusiya ilə dialoqa başlayacağı təqdirdə, əlbəttə ki, ölkəsinin kənarda qalmayacağını söyləyib.

Gürcüstan dəfələrlə Rusiyanı Cənubi Osetiya ilə sərhəd xəttində adamları oğurlamaqda ittiham edib.

Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi qəbul edir, Gürcüstan isə onu öz ərazisinin bir hissəsi hesab edir.

Rusiya ilə yanaşı, BMT-nin beş üzvü də Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Öz növbəsində, Rusiya ilə Ukrayna arasında münasibətlər Krımın işğalından və 2014-cü ildə Donbasda başlayan hərbi əməliyyatlardan sonra kəskin sürətdə pisləşib. Ötən bazar günü Rusiya sərhədçilərinin Krım sahillərində Ukraynanın üç gəmisinə atəş açması və saxlaması vəziyyəti daha da gərginləşdirib.






Fikirlər