Deputatın bacısı oğlu vəzifədən NİYƏ AZAD OLUNDU? – Sürücülərin “QƏNİMİ” olan polis

Deputatın bacısı oğlu vəzifədən niyə azad olundu? –

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayevin tutduğu vəzifədən azad edilməsi onun qalmaqallı persona olması ilə bağlıdır. 

“Yeni Sabah” xəbər verir ki, bəzi iddialara görə, Rəşadət Babayevin qalmaqallarla gündəmə gəlməsi onun rəis müavini kimi karyerasının sonunu gətirib. Onun hətta millət vəkili, məşhur 91-lərdən olan Eldar İbrahimovun bacısı oğlu olması da köməyinə çatmayıb.

Rəşadət Babayev rəis müavini olmaqla yanaşı həm də alay komandiri vəzifəsini daşıyırdı. Rəis müavini postunu itirsə də, komandir kimi fəaliyyətini davam etdirir.

Rəşadət Babayevin adı keçən qalmaqallara gəlincə, ilk sırada onun hamilə qadınla kobud rəftarı gəlir. Bu hadisə bir neçə il əvvəl baş verib. Hadisə Tbilisi prospektində qeydə alınıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (DYP 10 AP 400) bir avtomobili saxlayıb.

Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan polis işçisi avtomobili yolun kənarından götürməyi tələb edib. Sürücü o anda polisdən xahiş edib ki, həyat yoldaşı hamilədir və burada düşməyini xahiş edib.

Ancaq Rəşadət Babayev ərinin yanında qadını söyüb. Bundan əsəbləşən sürücü isə avtomobildən düşərək polislə mübahisə edib. Rəis müavini Rəşadət Babayev sürücüyə sillə vurub və onu da söyüb. Hadisəni kənardan görən mühafizəçi də məsələyə müdaxilə edib. Ancaq polis işçisi ona da arxadan təpik vurub. Mediada hadisənin videosu da yayılmışdı. Rəşadət Babayevin bu əməli sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu.

Ötən il isə Rəşadət Babayev Qarabağ əlili Saday Qılıncxanovun oğlu Şəmsəddin Qılıncxanovu döyüb həbs etdirməklə gündəmə gəlmişdi. Bu barədə mediaya mərhum əlilin xanımı Elza Qılıncxanova məlumat vermişdi

Onun sözlərinə görə, 99 YP 400 dövlət nömrə nişanlı yol polisi avtomobilli yolda hərəkətdə olan 99 HJ 343 dövlət nömrə nişanlı "Naz Lifan” markalı avtomobilin sürücüsünə "saxla” əmri verib. Sürücü Qılıncxanov Şəmsəddin Saday oğlu avtomobili saxlayıb. Polis əməkdaşı ondan sənədlərini tələb edib. Hadisə də bundan sonra olub. "Oğlum həm də evakuator sürür. "Naz Lifan”ın sənədlərini axtararkən əlinə evakuatorun sənədləri keçib. O da götürüb sənədi qoyub maşının üstünə. Başlayıb "Naz Lifan”ın sənədlərini axtarmağa. Bu vaxt polis əməkdaşı maşının üstündəki sənədə əl atıb. Oğlum deyib ki, o başqa sənəddir, götürməyin. Bu vaxt DYP maşınındakı o biri polis (Rəşadət Babayevi nəzərdə tutur – red.) düşüb, oğluma deyib ki, nə "tirpaşlıq” edirsən. Bundan sonra Şəmsəddini təpikləməyə başlayıb. Oğlum da əsəbiləşib vurub öz maşınının ön şüşəsini sındırıb”, - deyə Elza xanım bildirmişdi.

Rəşadət Babayev daha sonra Şəmsəddin Qılıncxanovu "polisin qanuni əmrinə tabe olmama” ittihamı ilə həbs etdirib və ona 10 sutka həbs cəzası verilib.

Rəşadət Babayevlə bağlı yadda qalan daha bir qalmaqallı olay onun baykerlərlə mübarizə aparması olub. Motosikletçilərin saxlanılması, cərimə meydançalarına aparılması ilə bağlı baykerlər müxtəlif qurumlara, o cümlədən ölkə rəhbərliyinə müraciət edərək bu cür saxlanılmaların qanunsuz olduğunu bildirmişdilər. Bununla bağlı həm sosial şəbəkələrdə, həm də internet saytlarında bir çox videolar da paylaşılmışdı.

Rəşadət Babayevin isə ona qarşı iradlara münasibəti belə olmuşdu: “Təsəvvür edin ki, ziyalı bir insan yorğun halda işdən gələrək evində istirahət etmək istəyir. Həmin vaxt baykerlər küçələrdə gurultulu səslərlə motosikletlə o tərəf bu tərəfə şütüyürlər. Böyük əksəriyyəti də adrenalin almaq üçün belə edirlər. Yüksək sürətlə təhlükə yaradırlar, qaz verirlər və gurultu qopardırlar. Əlbəttə ki, motosiklet idarə olunması qanunla qadağa olunmur. Lakin onun idarəsi qanunda nəzərdə tutulduğu kimi həyata keçirilməlidir, tələblərə cavab verməlidir. Qeyd edim ki, bir neçə avtomobili olan adamların bəzən 4-5 motosikleti olur. Hər birinin də qiyməti 200-300 minlikdir”.

 

 






Fikirlər