“Neft 5 dollar da olsa, insanlar maaş, təqaüd, müavinət alacaqlar” - İQTİSADÇI
"Büdcəyə Neft Fondundan gələn pulda bir problem olmayacaq, neft 5 dollar da olsa, Neft Fondu büdcəyə 11 mlrd. 350 mln. manat pul köçürəcək. Ona görə də bu il büdcədən maaş,təqaüd, müavinat alanlar öz pullarını alacaqlar, amma büdcə tək Neft Fondundan köçürmələrdən ibarət deyil, bu məbləğ büdcənin 48%-ni təşkil edir". "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, büdcəyə neft şirkətlərindən müxtəlif vergilər şəklində 2 mlrd. manat civarında pul gəlməli idi və bu proqnoz neftin 55 dollar olması varsayımı ilə hesablanıb: "Bu il neft qiyməti ortalama 30 dollar olsa (optimist ssenari), büdcəyə neft şirkətlərindən gələn vergi həcmi azı 1 mlrd. manat azalacaq. Turizm, ictimai iaşə, sərnişindaşıma, qeyri-ərzaq ticarəti və s. kimi qapadılan sahələr var, onlardan gələn vergilər azalacaq, hətta rəsmən qapadılmayan sahələrdən də (ərzaq və aptekdən başqa) büdcəyə vergi daxilolmaları azalacaq. Post-karantin dönəmində də azalma davam edəcək , büdcə, ən azı 500 mln. manat itirəcək. İdxal da azalıb və azalacaq, deməli gömrük rüsumlarından gələn vəsait də azalacaq, bu il ən azı 250-300 mln. gömrükdən daxilolma da azalacaq. Ümumilikdə iqtisadi aktivliyin zəifləməsi başqa müxtəlif sahələrdən gələn vergilərdə də azı 250-300 mln. azalma gözlənilir. Deməli, büdcə daxilolmalarında azı 2 mlrd. manat azalma olacaq. Hökumət pandemiya ilə mübarizə üçün 2,5 mlrd. manat xərcləyəcək, məncə, bu xərc daha 1 mlrd. manat artacaq. Deməli, may ayında büdcəyə yenidən baxacaqlar, 2020 büdcəsinin gəlir hissəsi 2 mlrd. manat azalmalı, xərc hissəsi ilə 3,5-4 mlrd. manat artmalıdır. Bir sözlə, Neft Fondundan bu il daha çox vəsait xərclənəcək".