“Bu millətə AZADLIQ mütləq lazımdır”

“Döyüşçülər elə həmişə təqib olunur, heç vaxt təltif olunmur”

“Bu millətə AZADLIQ mütləq lazımdır”
Bu gün müasir Azərbaycanın ilk müstəqil qəzeti olan “Azadlıq”ın 24 yaşı tamam olur. “Qafqazinfo”nun müsahibi qəzetin yaradıcılarından biri, tanınmış ictimai-siyasi xadim Hikmət Hacızadədir.

- Hikmət bəy, AZADLIQ üçün darıxmamısınız? Dırnaqlı-dırnaqsız...

- “Azadlıq” üçün həmişə darıxıram. Onun yaranması, ilk addımları mənim yadımdadır. Redaksiya ilə daim təmasdayam, vaxtaşırı müsahibələr verirəm, onlara kömək edirəm, onlar da mənə kömək edir. İndi 20 il əvvəlki kollektiv qalmayıb, amma əsas odur ki, “Azadlıq”ın ruhu qalıb. Azadlıq ruhu, yaradıcılıq ruhu, həmrəylik ruhu...

- “Azadlıq” kimin ideyası idi? Əbülfəz Elçibəyin, yoxsa Nəcəf Nəcəfovun?

- “Azadlıq” hamının ideyası idi. O vaxt radio, televiziya, bütün mətbuat hökumətin əlində idi. Bizə də ideyalarımızı, fikirlərimizi yaymaq üçün mütləq bir mətbu orqan lazım idi. Əvvəllər Xalq Cəbhəsi kiçik bülletenlər nəşr edirdi. Bu bülletenlər 10-20 vərəqdən ibarət idi və qeyri-qanuni çap olunurdu. Sonra Xalq Cəbhəsi daha da gücləndi və biz qəzet nəşr etməyi qərara aldıq. O zamanlar AXC-də qəzetçilik təcrübəsi olan ziyalılar var idi.

Onların ən təcrübəlisi və öndə gedəni Nəcəf Nəcəfov idi. Vaxtilə Nəcəf bəyin rəhbərliyi altında “Molodyoj Azerbaydjana”da işləyən bütün ləyaqətli jurnalistlər də bizə qoşuldu. Bütün demokratik düşərgə “Azadlıq”da idi. Mütərəqqi jurnalistlər, fotoreportyorlar, analitiklər, alimlər – hamı bizə məqalələr gətirirdi.

Sonra başladıq qəzet haqqında düşünməyə. Qəzetin layihəsi hazırlanmalı və ad düşünülməli idi. Qəzetin adı ilə bağlı bir neçə variant səsləndi, o cümlədən Nəcəf bəyin təklifi ilə “Azadlıq” adlandırılması fikri irəli sürüldü. Adlar səsverməyə qoyuldu və nəticə olaraq qəzet “Azadlıq” adlandırıldı. Qəzetin qeydiyyata alınması xeyli çətinliklə başa gəldi, sonralar da çapa icazə verilmirdi, sexə buraxılmırdı. Bütün çətinliklərə baxmayaraq “Azadlıq” nəşr olundu. İlk nömrəsinin nəşri ilə demokratiya, insan haqları, müstəqillik ideyalarını yaymağa başladı. İlk tirajı 200 min idi. İndi heç hökumət qəzetləri üst-üstə bu tirajla çap olunmur.

- Deyirlər, azadlıq, azad olmaq müəyyən vaxta və həddə qədərdir. Azadlığın da müəyyən sərhədləri var. “Azadlıq” qəzetinin uzunömülülüyünə səbəb onun sərhədsiz azadlığıdırmı?

- “Azadlıq”da toplaşan kollektivin hər üzvü bir üsyankar idi. Burda sadə, adi jurnalistikanı bitirmiş gənclər yox, üsyankarlar yığışmışdı. “Azadlıq”da olmaq özü bir təhlükə idi, çünki qəzetin əməkdaşları daim təqib olunur, təyziqlərə məruz qalırdılar, - indi də qalırlar. Bütün təyziqlərə baxmayaraq, əməkdaşlarımız qorxmurdular - üsyana, etiraza davam edirdilər. Buna görə də, “Azadlıq” vuruşan və yenilməz fenomenə çevrildi.“Azadlıq”ın hər əməkdaşı bir Çe Gevara idi...

- Hamı, hətta opponentləri də etiraf edir ki, Milli Azadlıq hərəkatının qələbəsində və müstəqilliyin qazanılmasında “Azadlıq”ın rolu əvəzolunmazdır, Azadlıq qalibdir. İndi də “Azadlıq” demokratik dəyərlər uğrunda mübarizə aparır, lakin hələ ki qalib gələ bilmir. Belə çıxır ki, indiki hakimiyyət o vaxtkından güclüdür...

- Qəzet qalib ola bilməz. O, bütün təyziqlərə baxmayaraq nəşr oluna bilər, mübarizəyə, sözünü deməyə davam edə bilər. “Azadlıq” qəzeti əvvəl də, indi də bütün təyziqlərə baxmayaraq sözünü deməyə davam edir. Düzdür, ola bilər ki, indi 200 min tirajla çap olunmur, amma yenə də ən çox oxunan birinci və sonuncu müstəqil qəzetdir. Bu, artıq qələbədir.

- “Azadlıq” qəzeti və “Azadlıq” meydanı... 24 il əvvəl meydan 1 milyon insanla dolu olardı. İndi o insanların çoxu meydan ətrafındakı bahalı kafe-restoranlara, lyuks otellərə sığınıblar. Bəs vaxtilə 200 min tirajla çap olunan “Azadlıq” qəzetinin oxucuları hardadır?

- İnsanlar 70 il idi ki, susurdular. Etirazlarını bildirib rahatlaşdılar. Müstəqillik istəyən - azadlıq aldı, xaricə gedib gəzmək istəyən - azadlıq aldı, bizneslə məşğul olmaq istəyən - azadlıq aldı. O vaxt bu insanların hamısı o meydanda, 1 milyonun içərisində idi. Digər tərəfdən, indi böyük rəqabət var. İnternet yarandı, müxtəlif qəzetlər nəşr olundu, Qərbdən “Azadlıq” radiosu gəldi və s. İnformasiya vasitələri xeyli çoxaldı. Həm də insanlar yoxsullaşıb. Əhalinin əksəriyyəti 150-200 manat maaş alırsa, hər gün qəzetə 40 qəpiyi necə versin? Bu, ayda 12 manat eləyir – bir kilodan çox ətin pulu...

- Beynəlxalq media qurumlarından birinin rəhbəri “Azadlıq” haqqında danışanda qəzetin əməkdaşlarını müxbir yox, döyüşçü adlandırmışdı. Adətən, yaxşı döyüşçülər təltif olunar. “Azadlıq”ın müxbirləri – döyüşçüləri isə təltif yox, təqib olunur...

- Döyüşçülər elə həmişə təqib olunur, heç vaxt təltif olunmur. Əgər əsl azadlıq istəyən hökumət iqtidara gəlsə “Azadlıq” yenə tənqid edəcək, yenə müxalif olacaq. Onlar tənqidçidir, döyüşçüdür, hakimiyyətə kim gəlsə etirazını bildirəcək.

- Əgər “Azadlıq” döyüşçülərinə medal verilsəydi, kimi nə ilə təltif edərdiniz?

- “Azadlıq”ın əməkdaşları hamısı mənim dostlarımdır. İndi bir-ikisinin adını çəksəm, sabah qalanları inciyəcək.

Mən bir medal təklif edirəm – “Qurd ürəyi” medalı. “Azadlıq”ın əməkdaşlarının hamısı “Qurd ürəyi” medalına layiqdirlər.

- “Azadlıq”ın dərc olunmamış, dəyişdirilmiş başlıqları, məqalələri çox olub?

- Lap çox olub... Başlıqlar dəyişdirilib, məqalələr ixtisar edilib... Kimsə əsəbi halda yazı yazıb gətirib və biz onu müəyyən qədər dəyişmişik, ixtisar etmişik. Bəs redaktor nəyə lazımdır?

- “Azadlıq”ın ilk redaktoru Nəcəf Nəcəfovu XX əsrin Həsən bəy Zərdabisi adlandırırlar. Bəs XXI əsrin Nəcəf Nəcəfovu varmı?

- Yəqin hardasa var... O vaxt xalq susurdu. İnsanları o qədər susdurmuşdular ki, bir cümlə belə qura bilmirdilər. Əlbəttə, belə bir vaxtda bir nəfər danışmağa başlasa olardı Zərdabi. İndi hamı danışır, yazır. Hətta jurnalistlərə, fotoreportyorlara xaricdən də dəstək gəlir, qrantlar verilir. Bu, həm də “Azadlıq”ın mübarizəsinin nəticəsidir.

- Nəcəf bəy haqqında məqalələrdən birində müəllif onu təkcə “Azadlıq”ın yox, bütövlükdə cəmiyyətin redaktoru adlandırır. Əgər Nəcəf bəy sağ olsaydı, indiki cəmiyyətdə nələri necə redaktə edərdi; nəyi ixtisara salardı, nəyi əlavə edərdi?

- İndi dövr çox çətindir. Cəmiyyətin əksəriyyəti hökumətin əlindədir. Bizim əlimizdə yalnız demokratik düşərgə var. O düşərgədə Nəcəf bəy çox şeyi redaktə edərdi, çox şeyi əlavə edərdi, çoxlarını barışdırardı, haqsızlıqları üzə çıxarardı, vuruşardı... Demokratik düşərgədə onun yeri çox görünür...

- Qəzetin əməkdaşlarının dediyinə görə, “Azadlıq”ın 10 yaşında Nəcəf bəy qəzetin ilk sayının ilk səhifəsini çərçivəyə salıb avtoqrafla kollektivə bağışlamaq istəyirdi. Qəzetin 10 yaşına düz 1 həftə qalımış – 17 dekabrda Nəcəf bəy vəfat etdi. Eyni ayda, hətta eyni həftədə “Azadlıq” həm kədərlənir, həm də bayram edir...

- Əfsuslar olsun ki, belədir... Nəcəf bəy çox ləyaqətli insan idi. O, həm də özündən sonra böyük məktəb qoyub getdi. Redaksiyada onun izi, ruhu hələ də hiss olunur.

- “Azadlıq” nəşrə başlayandan 5-6 redaktor dəyişib. Elə bu müddət ərzidə ölkə də 5-6 rəhbər dəyişib. Hər birinin dövründə qəzet təyziqlərə məruz qalıb. Hansının dəyişməyə ehtiyacı var: qəzetin, ya hökumətin?

- Əlbəttə ki, mən deyəcəm hökumətin. “Azadlıq”ın redaktorları dəyişib, ruhu, ideyası dəyişməyib. Bu millətə “Azadlıq” mütləq lazımdır.

- “Azadlıq” qəzeti ilə paralel rusca “Svoboda” çıxırdı. Siz də onun redaktoru idiniz. O vaxt mübarizə azadlıq, müstəqillik uğrunda gedirdi. Sovet hakimiyyətinə, Rusiya imperiyasına qarşı yönəlmişdi. Rəqibə öz dilində cavab vermək necə idi?

- Bizim qəzetimiz Rusiyaya cavab deyildi. Sadəcə o dövrdə Azərbaycanda rusdilli əhali çox idi. Əksəriyyət məktəbdə rusca oxumuşdu, ziyalıların çoxu rusdilli idi. Biz bu qəzeti əsasən onlar üçün – rusdilli azərbaycanlılar üçün nəşr edirdik.

- Siz “Azadlıq”da işləyəndən sonra Rusiyada səfir təyin olunmusunuz. Maraqlıdır, “Azadlıq” 20-24 il əvvəlki saylarında da və indi də Azərbaycan hakimiyyəti ilə yanaşı Rusiya hakimiyyətini də tənqid edir. Bu, nə ilə bağlıdır?

- “Azadlıq”ın rus xalqı ilə işi yoxdur. “Azadlıq” Rusiya imperialistlərinə qarşıdır. Rusiya Azərbaycana qarşı olan addımlarına görə - Qarabağ məsələsində erməniləri dəstəklədiyinə görə, Azərbaycanda insan haqlarının pozulmasını, diktatura rejimini dəstəklədiyinə görə tənqid olunur.

- Azərbaycan ictimai-siyasi həyatına, mətbuatına tam bələd olmaqla yanaşı həm də yumoru sevən insansınız. Yumor və Azərbaycanın ictimai-siyasi həyatı, mətbuatı... Nə vaxtsa “Hikmətli satirik pyes”lər yazmağı düşünürsünüzmü?

- Bir neçəsini yazmışam artıq. Biri var idi - “Ver, gül”. Sonra “Hamlet”i yazmışdım. Bu mövzuda işləyirik hələ də. Yenə də satirik pyeslər olacaq.

- “Azadıq”dan qopan, uçub gedən göyərçinlərin bəzisi başqa qatarlara qoşuldu, bəzisi tək-tənha bir budağa sığındı, bəzisi havada qaldı... Siz hansı yolu seçdiniz?

- Mən “Azadlıq”dan Rusiyaya səfir təyin olunduğum üçün çıxmışdım. Qayıdandan sonra yenidən “Azadlıq”da işlədim. Sonradan mən, Nəcəf bəy və Sabit Bağırov bir analitik mərkəz yaratdıq. Təqdimatlar hazırladıq, tədbirlər keçidik, kitablar tərcümə elədik, özümüz də kitab yazdıq, bir sözlə, maarifləndirməklə məşğul olduq və oluruq.

- Qəzetin daimi olmayan köşə yazarları – köçəri quşları gətirdikləri yazılarla yanaşı, başqa yerlərə məlumatlar da apara bilərlərmi?

- Yazdığı mətnə baxmaq kifayətdir. İnsanın bütün daxili aləmi, fikirləri yazdığı mətndən bilinər.

- 24 il əvvəl “Azadlıq” əldə etmək üçün uzun növbələr yaranardı. İndi isə, “Azadlıq”ı oxumağa belə qorxurlar. Yəni 24 il əvvəldən də 24 il əvvələ qayıtmışıq?


- Bəli, onu düz dediniz. Biz yenidən o qorxulu, qapalı cəmiyyətə, sıxıntı və yalanlarla dolu olan vəziyyətə qayıtmışıq. İntəhası, hələ də qorxmayan, sınmayan insanlar var. Belə insanlar həmişə olacaq. Ona görə də mən nikbinəm.

- Azadlıq göyərçini nə vaxtsa bütün cəmiyyəti qanadları üzərində təmiz havaya, sərhədsiz səmaya – tam azadlığa qovuşdura biləcəkmi?

- Mütləq! Bütün dünyada demokratik dalğa var. Gündən-günə genişlənir. Hal-hazırda Ukraynada davam edir. Növbə bizimdir. Bu mümkün deyil ki, bütün dünyada demokratiya qələbə çalsın, bir ölkə ortada diktatura adası kimi qalsın. Demokratiya dalğası Gürcüstandan keçdi, Ukraynadan keçdi, hətta İrana çatdı.. Yavaş-yavaş bizim sərhədlərimizə yaxınlaşır. Biz yıxılıb-yatsaq belə, yenə də bizi oyadacaqlar.


“Bu millətə AZADLIQ mütləq lazımdır”
“Bu millətə AZADLIQ mütləq lazımdır”






Fikirlər