Prezident Qəbələdə də olub - FOTOLAR

Prezident Qəbələdə də olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda da səfərdə olub.

 Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Həmçinin, Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.

Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun ikinci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən iki kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlər barədə də məlumat verilib.

Bildirilib ki, yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcək.

Dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib. /“Qafqazinfo”

 



 






Fikirlər