M.Ə.Rəsulzadə: “Ruslar... o ruslardır” - Nəsiman Yaqublunun təqdimatında...

Bəhram Bağırzadə "Kukla teatrı"nda niyə israrlıdır? - Əməkdar ...

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin 1926-cı ildə “Yeni Qafqasiya” jurnalında nəşr edilmiş “ruslar... o ruslardır” məqaləsi olduqca aktualdır.Çağdaş dövrümüzdə Rusiyanın işğalçı Ermənistana açıq dəstək verib onu silahlandırması bütün beynəlxalq hüquqa zidd addımlardır.Həmin məqalənin yazıldığı tarixdən 100 ilə yaxın vaxt keçsə də, Sovetlər Birliyi dağılıb ayrı- ayrı müstəqil dövlətlər yaransa da Rusiya elə həmin Rusiyadır ki, ermənipərəst mövqeyində qalır.Məqaləni oxuculara təqdim edirəm.
Nəsiman Yaqublu
Tarix elmləri doktoru
 
RUSLAR... O  RUSLARDIR
Parisdə toplandığını xəbər verdiyimiz Rus Konqresi qapandı. Rus mühacirlərinin ancaq müəyyən bir qismi tərəfindən göndərilən delegelərdən mütəşəkkil bu konqrenin rus monarxistlərindən təşəkkül etdiyi məcmuəmizdə yazılmışdı. Milyukov partisi ilə sosyalistlər və cumhuriyyətçi demokrat zümrələri tərəfindən boykot edilən bu konqre müfridlərlə mötədillər namını daşıyan iki qismə bölündü. Qrandük (Rusiyada şahzadələrə verilən ünvan, ad)Nikolay Nikolayeviçi “Rus xalqının rəisi” sifətiylə təbrik etməkdə belə min bəla ilə birləşən bu konqre “rəis” nəzdində təşəkkülü məmul(arzu edilən, ümid edilən) bulunan heyəti intixab edəmədi. Mötədillər bu heyətin konqre tərəfindən intixabını istədikləri halda, müfridlər bunun bizzat “rəis” tərəfindən təyinini tələb etdilər. “Rəis” ilə xalq arasına girməyi həqiqi monarxizm prinsipinə rəva görmədilər. Çox hərarətli, hətta ədavətli münaqişələrdən sonra konqre rəylərə müraciət etdi. Müfridlər qazandılar. Konqre həmən-həmən parçalanmaq halına gəldi. Çünki mötədillər bu şəkli qəbul etməməkdə israr etdilər. Müfridlərdən məşhur Markov köpürdü, müxalifəti sağdan gələcək terrorla təhdid etdi. “Rəis”in enerjik bir müdaxiləsi konqreni parçalanmaq rəzalətindən qurtardı. Müfridlər təkliflərini geri aldılar. Heyət təşkilindən sarfı nazar olundu. Əski ruslar bütün səy və qeyrətlərinə rəğmən, kəndilərinə baş olacaq müştərək bir müəssisə yaratmaq istedadında olmadıqlarını bütün cahana qarşı göstərdilər. Kəndilərinə müsbət olaraq qalan yalnız bir “rəis” oldu.
Bu nəticə rus monarxistlərini təmin edə bilirmi, edə bilməzmi? Orası bizi əlaqədar etməz. Konqrenin qapandığı sırada hökmran olan haləti ruhiyyəyə baxılırsa, azanın, bilxassə gənc delegelərin adəmi məmnuniyyətlə geri döndüklərinə hökm etmək lazım. Onlar “Eyvah, bizi buraya göndərənlərə nə cavab verəcəyiz?” − öfkələnirmişlər. Varsın onlar öfkələnsinlər və yaxud yeni “tac geydirdikləri” Romanovun “xilaskar rəyasəti”nə güvənərək məmnun olsunlar. Dedik ya, bu bizi əlaqədar etməz.
Böyük məmnuniyyətlə qeyd edəcəyimiz bir şey varsa, o da qara imperializm ənənəsindən bir türlü qurtulamayan bu rus konqresində, rus əsarəti altında inləyən millətlər namına nümayəndə bulunmamasıdır. Fuzuli olaraq Qafqasiya millətləri namına konqreni təbrik edən Salamov namilə məchul birisindən başqa konqreni təbrik edən nə bir qafqasyalı, nə də bir türk bulunmamışdır. Salamovun da Şimali Qafqasiya namından söz söyləmək səlahiyyətində olmadığı Praqadakı dağlılar tərəfindən vəktində təşrih edilmişdir.
Qeyri- rus millətlərin bilxassə türk ellərinin bu konqreyə nisbət aldıqları vəziyət şayanı təqdirdir. Nicatının Romanovların kölgəsindən uman Rusiya ilə çarizm məfkurəsindən ayrılmayan ruslardan iyi bir şey bəkləmək haqqında olmadığımızı söyləmişdik. Vəqayı, bu xüsusda çox haqlı olduğumuzu göstərməkdə gecikmədi.
Konqrenin müqəddimat və əvvəliyyatına nəzərən, monarxist rusların pək mühüm bir məsələni sükutla keçişdirməkdə olduqlarını qeyd eyləmişdik: Milliyyət məsələsi.
Bütün inad və qalın qafalıqlarına rəğmən, zamanın ən böyük şüarını təşkil edən bu məsələni “çarist ruslar” da ehmal edəməmiş, istər-istəməz mövzu bəhsi etmişlərdir. Bu məsələyə konqre komunistlərin milli siyasətlərini tənqid və “milli Rusiya”nın bu məsələyi nasıl həll edəcəyini təsbit etmək surətiylə iki tərəfdən (mənfi və müsbət) yanaşmışdır.
“Komunist hakimiyyətinin mahiyyəti”nə həsr etdiyi məruzatında Oldenburq Sovet hökumətinin Rusiyayı mütənəvve (türlü, çeşidli) lisanlı cumhuriyyətlərə böldüyünü və bu cumhuriyyətlərdə tərbiyə etdiyi məhəlli lisan və harslarla(kültür,mədəniyyət) rus vəhdət və hakimiyyətinə müdhiş bir dərbə endirdiyini”  lisanı təəssürlə qeyd ediyor.
Oldenburqla kiçik kültürlər İnternasionalın müdhiş təxribatına müqavimət göstərəməzlər. Bunun üçün də bolşeviklər “rus kültürü”nü parçalıyor, onu “məhəlli kültürlər”ə taksim ediyorlarmış.
Komunistlərin parçalamaq siyasəti, şübhəsiz, bir əmrivaqedir. Fəqət bu, rus kültüründən ziyadə birləşmək üzərə bulunan türk kültürünə təvəccceh etmişdir. Rus kültürünü isə onlar “müqəddəs Oktyabr lisanı və təlimatı şəklində” olsa da, tərbiyə və tənmiyə etməkdə bər-davamdırlar. Oldenburqlar bu cəhətdən əmin ola bilirlər. Fəqət bu ruslar istərlərdi ki, “kiçik millətlər”in lisan və harsına qətiyyən meydan verilməsin, irəlidə təbii vəhdətlərini bulacaq türk elləri bir həmlədə ruslaşdırılsın. Kimsəyə konuşduğu lisan üzərə “yeni ədəbiyyat və kültür” təsisinə qətiyyən meydan verilməsin.
Bu mənfi nəzərin hədəfi, şübhəsiz, türk ellərindəki harsı hərəkatdır. Komunizm təsənnüünün bütün təzyiqlərinə rəğmən, sovet idarəsi altında bulunan türk ellərinin hər tərəfində hiss olunan milli hars ehtiyacı ilə bu ehtiyacdan doğan elmi və ədəbi hərəkat, anlaşılan, çar məfkurəçilərinə rahat vermiyor. Öylə ya, onlar nazarında Rusiyadakı türklük daima mənfi bir mövqe tutmuşdur. Məruf 3 Həziran Qanunu mucibincə Türkistanı tamamən, Qafqasiya və Volqa boyunu da qismən təmsil haqqından mən edən Stalin ruhu Parisdə toplanan mühacir rusları hələ tərk etməmişdir. Şöylə ki, “milliyyət məsələsi”nə aid bəyanatında knyaz Orusov bir kərə əldən çıxmış Lehistan, Finlandiya və Baltik sahilindəki cumhuriyyətlərin istiqlal və tamamiyyəti mülkiyyələrini diplomatca təsdiq və dövlətlər tərəfindən istiqlalları bil hüquq tanınmış Gürcüstan ilə Ermənistan məsələlərinin şu və ya bu şəkil ilə həll edilə biləcəyini vəd etdikdən sonra susuyor. Nə Azərbaycandan, nə də otuz milyonluq türk dünyasından bir kəlmə ilə olsa da, bəhs etmiyor. Görülüyor ki, Orusovca “milli Rusiya”da türk məsələsi yoxdur. Türkistanda, Volqa boyunda və Qafqasiyada təşəkkül edən türk və müsəlman cumhuriyyətlərini, anlaşılan, rus milliyyətçiləri “komunistlər tərəfindən süni surətdə tərbiyə edilən milliyyətlər” sırasında görüyor, onların vücudunu “milli rus hakimiyyət və səltənəti” üçün müzir(zərərli) buluyorlar.
Qızıl Rus imperializmindən çəkdiyimizi biliyoruz. Bunun nə qanlı, nə mənhus və məşum bir idarə olduğunu üç sənədən bəridir yazıyor, bağırıyor, bütün cahana qarşı elan ediyoruz. Fəqət heç bir zaman bu idarənin yerinə gələcək digər bir rus idarəsindən, bilxassə min dəfə mənfur olan o rus çarizminin ovdətindən bəkləməmişiz. Xilas və nicatlarını, milli varlıqlarının müdafiəsini kəndi qüvvət və istiqlallarından deyil, sağ cinaha mənsub rus qüvvətlərindən bəkləyənlər varsa, görsünlər: bu cinah əski cinahdır.
- Ruslar o ruslardır!
Məhəmməd Əmin Rəsulzadə
“Yeni Qafqasiya”, 27 nisan(aprel)  1926 / 14 şəvval  1344, 
il: 3, №12, s. 12-13
Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”nın təqdimatı ...






Fikirlər