Obama Yanukoviçə «Putinin marionetkası» dedi, Rusiya "əks-hücuma" keçdi
ABŞ prezidenti Barak Obamanın CBS telekanalındakı «60 dəqiqə» proqramına müsahibəsi deyəsən, hələ çox müzakirə olunacaq. Müsahibənin hələ qısa anonsu efirə gedib və indidən bir sıra mübahisələrə yol açıb. Tam versiyası sabah yayımlanacaq müsahibədə Obama Rusiya prezidenti Vladimir Putinlə yanaşı, Ukraynanın keçmiş rəhbəri Viktor Yanukoviç barədə də danışıb. Və onu «Putinin marionetkası» adlandırıb. Obamanın bu sözlərinə Kremldən dərhal reaksiya gəlib.
Putinin mətbuat katibi Dmitri Peskov Obamanın bu fikirlərini ağlasığmaz açıqlama adlandırıb: «Xaricdə təşkil olunan, maliyyələşdirilən planla hakimiyyətdən zor gücü və dövlət çevrilişi ilə devrilən bir prezidenti «marionetka» adlandırmaq ağlasığmaz yanaşmadır».
Rusiya parlamentinin aşagı palatasının vitse-spikeri Nikolay Leviçev isə bildirib ki, tarixləri, adları səhv salmaq ABŞ üçün adət halını alıb. Onun fikrincə, Ukraynada «marionetka» rolunu oynayan bir prezident olub, o da ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələn Viktor Yuşenko: «Vaşinqtonun «marionetkası» Yuşenko olub. İndi də Pyotr Poroşenkodur».