MTN generalı və adamlarının məhkəməsi başladı - 315 minlik MƏNƏVİ TƏLƏB

Ləğv edilmiş MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər ki, idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov da generallarla birlikdə mühakimə olunacaq.

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, general Nizami Şirinov 2015-ci ildəki MTN hadisələrindən sonra təqaüddə olub.

Prosesdə zərərçəkənlərdən Rahib Ağayevin general Yaşar Aydəmirovun uzun müddət sürücüsü olduğu və hazırda işləmədiyi bildirilib.

Zərərçəkən şəxslərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı maddi ziyana görə 315 min dollar, mənəvi ziyana görə isə 300 min manat mülki iddia qaldırıb.

Nizami Şirinovun vəkilləri general barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyiblər. Vəsatət təmin edilməyib.

Zərərçəkmiş Yusifovun mülki iddiası icraata qəbul edilib.

Nizami Şirinov da Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. Maraqlıdır ki, Nizami Şirinov daha öncə də MTN-də, sonradan idarə rəisi olduğu şöbənin tərkibində çalışıb. Lakin 1997-ci ildə işində yol verdiyi nöqsanlara görə MTN-dən uzaqlaşdırılıb.

Buna baxmayaraq, Eldar Mahmudov onu 2004-cü ildə MTN-ə qaytarıb və bu dəfə yüksək vəzifə verib. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.

Nizami Şirinovun da adı mətbuatda daha çox rüşvət qalmaqallarında çəkilir. Yayılan iddialara görə, o, hər çağırış vaxtı yüksək məbləğdə rüşvət alaraq əsgərləri MTN-in hərbi hissələrinə hərbi xidmətə qəbul edirdi. Məlumata görə, bu məbləğ 10-40 min manat arası dəyişib.

 

Bundan başqa, vaxtilə MTN-də çalışan bir sıra savadlı kadrlar, zabitlər də işdən əsassız yerə  uzaqlaşdırılmalarına görə Nizami Şirinovu təqsirli bilirlər. Mətbuatda yayılan şikayət ərizlərində bildirilir ki, həmin zabitlər N.Şirinovun rüşvət tələblərinə cavab vermədikləri üçün işdən kənarlaşdırılıblar.

Qeyd edək ki, Nizami Şirinovun özü də 2015-ci ildə MTN-lə vidalaşmalı olub. Onun işdən uzaqlaşdırılması ilə bağlı həmin vaxt MTN-nin birinci müavini olan Mədət Quliyev əmr imzalayıb. N.Şirinovun yerinə isə Hafiz Musayev gətirilib.






Fikirlər