Ukrayna od içində - Putin tarana getdi ...
Rusiya Ukraynanın strateji obyektlərini hədəf almaqda davam edir, işğal planına qarşı dünyanın hazır “resepti” olmadığı üzə çıxdı; hər tərəfdən Rusiyaya qınaq və sanksiyalar yağır; müharibə neçə gün davam edəcək? Fevralın 24-ü gecəyarısı Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib. Putin Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahları yerə qoymağa və evlərinə qayıtmağa çağırıb. Onun hücum əmrindən dərhal sonra sərhəddə toplanmış hərbi qüvvələr qanadlı və ballistik raketlərlə Ukraynaya nöqtəli zərbələr endirməyə başlayıblar. Hücumun ilk saatları, Zelenskinin müraciətləri... Hücumun ilk saatlarında planlaşdırıldığı kimi, Ukraynanın əsas hərbi infrastrukturuna, aerodromlara, hava hücumundan müdafiə sistemlərinə, silah-sursat anbarlarına şiddətli raket-bomba zərbələri endirilib. Bu zaman intensiv şəkildə “Kalibr” qanadlı raketlərindən və “İsgəndər-M” operativ-taktiki raketlərindən istifadə olunub, o cümlədən Rusiyanın strateji bombardmançıları ölkənin dərinliklərindən, Ukraynanın hava məkanına daxil olmadan uzaqmənzilli qanadlı raketlərlə zərbələr endiriblər. Yerli vaxtla səhər saat 05:00 radələrindən başlayaraq Donetsk, Zaporojye, Luqansk, Odessa, Herson, Nikolayev, Poltava, Çerniqov, Jitomir və Kiyev vilayətlərinə raket zərbələri endirilib.
Ukrayna prezidenti Volodimir Zelenski bunun ardınca iki dəfə həm öz xalqına, həm də Rusiya xalqına müraciət edib. O, xalqını təmkinli olmağa çağırıb, həmçinin, rusiyalılara xitabən ölkəsinin müharibə istəmədiyini deyib. Bildirib ki, Putinlə telefon əlaqəsi saxlamağa cəhd etsə də, qarşı tərəf bundan imtina edib. Hətta onun müraciətinin Rusiya telekanalları vasitəsilə yayımına da qadağa qoyulub. Zelenski milli təhlükəsizlik və müdafiə şurasını toplayaraq ölkədə hərbi vəziyyət elan edib və hər kəsi silaha sarılmağa çağırıb. Prezident ölkədə raket zərbələri endirilməsi ilə bağlı xəbərləri təsdiqləyib. Onun sözlərinə görə, Rusiya Ukraynanın infrastrukturuna və sərhədçilərinə raket zərbələri endirib. “Hər birimiz müstəqilliyimiz üçün çalışırıq. Dövlətinizi qorumaq üçün hazır olun. Moskva nə düşünürsə-düşünsün, ukraynalılar öz torpaqlarında yaşamaq hüququna malikdir. Bu gündən etibarən Ukrayna dünya tarixində yerini tapdı. Rusiya xalqı seçim qarşısındadır. İstəyən müharibəyə etiraz edə bilər”, - Zelenski deyib. Ukrayna Silahlı Qüvvələri yaydığı bəyanatda Rusiya hərbi hava qüvvələrinin ölkənin Kiyevdə yerləşən beynəlxalq Borispol və digər mülki hava limanlarını atəşə tutduğunu açıqlayıb.(BBC) Bundan əlavə, qurum Rusiyanın Odessa şəhərində dəniz limanını ələ keçirməsi ilə bağlı iddiaları təkzib edib. Rusiyanın Müdafiə Nazirliyi isə şəhərlərin hücuma məruz qalması iddialarını inkar edib. Nazirliyin açıqlamasında deyilir ki, Rusiya hərbi əməliyyatları “yüksək dəqiqlikli silahlarla” həyata keçirir və məqsəd “hərbi infrastrukturu, hava hücumundan müdafiə sistemini və hava qüvvələrini” hədəf almaqdır. Aerodromlara və hərbi qərargahlara hücum edildiyini Kiyev təsdiqləyib. Rəsmilər: “Ukrayna ordusu müqavimət göstərir...” Ukraynanın müdafiə naziri Aleksey Reznikov xalqa müraciət edib, sakitliyə çağırıb və bildirib ki, ordu müdafiəni saxlayır, Rusiya qoşunlarına müqavimət göstərir. “Düşmən bizim şərqdəki müəssisələrimizi, habelə digər regionlardakı hərbi idarəetmə mərkəzlərini və aerodromları intensiv atəşə tutur. Hərbçilərimiz əllərindən gələni edirlər ki, sizi müdafiə etsinlər və təcavüzkara ölkənin içərilərinə soxulmağa imkan verməsinlər”, - nazir deyib. Reznikov əhalini evlərində qalmağa, təhlükəsiz yerlərdə sığınacaqlara yerləşməyə çağırıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnıy isə yaydığı bəyanatında bütün bölmələrə düşmənə şiddətli müqavimət göstərmək əmri verildiyini bildirib.
Rusiya aqressiyası... Günün ikinci yarısında Rusiya ordusu Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatları genişləndirib. Belə ki, Belarusda cəmləşdirilmiş Rusiya ordusu qüvvələri də Ukrayna ərazisinə daxil olub. CNN telekanalı Rusiya tanklarının Ukrayna-Belarus sərhədindəki sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə necə daxil olduğunu əks etdirən kadrları yayıb. Ukraynanın sərhəd qoşunlarının onlara müqavimət göstərməsi barədə məlumat yoxdur. Habelə, Ukrayna Dövlət Sərhədi Rusiya qoşunlarının ilhaq edilmiş Krım ərazisindən də hücuma keçdiyini açıqlayıb. Hücum şərq istiqamətindən də davam edib, şahidlər Çerniqov vilayətinin Novqorod-Seversk rayonu istiqamətindən Rusiya tanklarının ölkə ərazisinin içərilərinə doğru irəlilədiyini bildirib. Ukraynanın Quru Qoşunlarının komandanlığı Luqansk vilayətində gedən döyüşlər zamanı Rusiya ordusunun bir neçə tankının, avtomobil texnikasının və digər döyüş vasitələrinin məhv edildiyini bildirir. Ukraynalı rəsmilərin açıqlamalarına görə, Belarusda yerləşdirilən qüvvələr də bu ölkəyə qarşı şimal istiqamətdən hücumlara başlayıb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri onlar tərəfindən məhv edilib. Ukrayna hərbçiləri hələ də hücuma qarşı mübarizə apardıqlarını bildiriblər.
Beynəlxalq reaksiya: “Məsuliyyət Putinin üzərindədir” Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara start verdikdən dərhal sonra ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb. Ağ Ev rəhbəri çıxışında Rusiyanın hücumlarını “səbəbsiz və haqsız” adlandırıb. “Böyük 7-lik” ölkələri ilə iclas keçirəcəyini deyən Bayden Kreml administrasiyasına qarşı “ağır sanksiyalar” tətbiq edəcəyini bildirib. O, Ukraynaya bütün “zəruri dəstək və yardımların davam etdiriləcəyini” vurğulayıb. Bayden baş verən bütün hadisələrə görə yalnız Rusiyanın məsuliyyət daşıyacağını qeyd edib. Ukraynaya hücuma münasibət bildirən Böyük Britaniyanın Baş naziri Boris Conson açıqlamasında Putinin “qanlı yol”u seçdiyini qeyd edib. Britaniyalı hökumət başçısı müttəfiqləri ilə Rusiyaya qarşı mümkün cavab variantlarının müzakirə ediləcəyini açıqlayıb.
NATO-nun Baş katibi Jens Stoltenberg hücumu “beynəlxalq hüququn ciddi pozulması” kimi şərh edib. Hərbi alyansın rəhbəri Twitter hesabında paylaşdığı statusda hərbi əməliyyatların “saysız-hesabsız mülki əhalinin həyatını riskə atdığını” bildirib. O, qısa müddətdə NATO müttəfiqlərinin bir araya gələrək, Rusiyanın “aqressiv davranışlarına” qarşı atılacaq mümkün addımları müzakirə edəcəklərini deyib. “Biz Rusiyanın Ukraynaya tamamilə əsassız dəhşətli hücumunu ən kəskin şəkildə pisləyirik. Düşüncələrimiz bütün ölənlərin və yaralananların, Ukrayna xalqının yanındadır. Biz Belarusu da bu hücuma icazə verdiyinə görə qınayırıq”. Bu barədə NATO-nun Rusiyanın Ukraynaya hücumuna dair bəyanatında qeyd olunub. Daha sonra deyilir: “Bu, yeni hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və Rusiyanın Helsinki Yekun Aktı, Paris Xartiyası, Budapeşt Memorandumu və Rusiya-NATO-nun təsis aktından irəli gələn öhdəliklərinə tamamilə ziddir. Bu, müstəqil dinc ölkəyə qarşı təcavüz aktıdır. Biz Ukrayna xalqını və onun qanuni, demokratik yolla seçilmiş Prezidentini, parlamentini və hökumətini dəstəkləyirik. Biz həmişə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən akvatoriyası daxilində ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyəcəyik. Biz Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa və bütün qüvvələrini Ukrayna və onun ətrafından çıxarmağa, beynəlxalq humanitar hüquqa tam əməl etməyə, ehtiyacı olanların hamısına təhlükəsiz və maneəsiz humanitar çıxış və yardım göstərməyə çağırırıq”.
Ukraynanın prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Bu barədə Aİ Şurasının başçısı Twitterdə məlumat verib. “Prezident Zelenski ilə Rusiyanın Ukraynaya qarşı əsassız irimiqyaslı hərbi təcavüzünü ən kəskin şəkildə pisləmək və Ukrayna ilə güclü həmrəyliyimizi ifadə etmək üçün danışdım”, - siyasətçi qeyd edib. Ukrayna Türkiyədən yardım istəyib. Bunu Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Twitter səhifəsində yazıb. “Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərini bombalayırlar. Biz strateji müttəfiqimiz Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda bizə yardım etməyə çağırırıq”, - diplomat bildirib. Azərbaycanın Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür. Eyni zamanda vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir. Türkiyənin mövqeyi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada təhlükəsizlik zirvəsi keçirilib və Rusiya-Ukrayna məsələsi müzakirə olunub. “Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini telefon danışığımız zamanı ukraynalı həmkarım Volodimir Zelenskiyə də dedim”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Gərginliyin Minsk razılaşmaları çərçivəsində tənzimlənməsi arzumuzu bir daha təkrarlayırıq. Bunu dünən telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə də dedim. Hərbi müdaxilənin qəbuledilməz olduğunu və rədd etdiyimizi bir daha xatırlatmaq istəyirəm. Beynəlxalq hüquqa zidd kimi qiymətləndirdiyimiz bu addım regionun sabitliyinə vurulmuş bir zərbədir”, - dövlət başçısı söyləyib. Bu arada Türkiyə XİN Ukraynadakı vətəndaşlarına müraciət edib. “Ukraynanın hava məkanı hələ ki qapalıdır. Mövcud vəziyyətdə evlərinizdə və ya təhlükəsiz bir yerdə qalmanızı, səyahətdən qaçınmanızı xahiş edirik”, bildirilir. “Ölkəni tərk etmək istəyənlər üçün lazımi dəstək və koordinasiya təmin ediləcək”, - çağırışda vurğulanır. Ən müxtəlif iddialar... Sosial şəbəkə istifadəçiləri Rusiyanın Ukraynanın Xarkov şəhərinə havadan desant atdığına dair görüntüləri yayıblar. Xarkov səmasında çoxsaylı desant paraşütlərinin uçduğu görüntülərdə əks olunub. Bundan əvvəl Rusiya hərbi dəniz qüvvələrinin Azov dənizi və Qara dənizindən də hücuma keçdiyi, Odessaya dəniz desantının çıxarıldığı xəbər verilib. Ukrayna hakimiyyəti ölkənin şərqindən əhalinin total təxliyəsini elan edib. Sakinlərdən Dnepr şəhəri istiqamətində hərəkət etmək xahiş olunur. O cümlədən Luqansk vilayətinin bütün sakinlərinə dərhal evlərini tərk etmək tövsiyə edilib. Şəhər administrasiyası sakinlərə öz avtomobilləri və digər mümkün nəqliyyat vasitələri ilə Dnepr şəhəri istiqamətində hərəkət etməyi göstəriş verib. Litva prezidenti Qitanas Naused Ukraynadakı şəraitlə əlaqədar ölkəsində fövqəladə vəziyyətin tətbiqinə dair sərəncam imzalayaraq parlamentdən sənədin təsdiqlənməsini istəyib. Bu barədə məlumatı “RİA Novosti” yayıb. Cənubi Koreya prezidenti Mun Ce-İn bildirib ki, Seul Rusiyaya qarşı Ukraynaya hücumu ilə əlaqədar iqtisadi sanksiyalar tətbiq etməkdə digər ölkələrə qoşulacaq. Bu barədə dövlət başçısının mətbuat katibi bildirib. Milli Təhlükəsizlik Şurasının Seulda keçirilən iclasında Mun Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməli olduğunu bildirib. “Günahsız həyatlara zərər verən hərbi gücdən istifadə heç bir şəkildə əsaslandırıla bilməz”, - Mun bildirib. O qeyd edib ki, Cənubi Koreya iqtisadi sanksiyalara qoşulmaqla beynəlxalq ictimaiyyətin silahlı təcavüzün qarşısını almaq və sülh üsulları ilə həll yolu tapmaq, səylərini dəstəkləyəcək. Pak sanksiyaların nədən ibarət olduğunu açıqlamayıb. Lukaşenkodan Minskdə danışıqlar təklifi Belarus prezidenti Aleksandr Lukaşenko hərbçilərlə operativ iclas keçirib. O, Ukraynada hərbi əməliyyatların dayandırılması üçün ümid yeri olduğunu deyib. “Danışıqlar üçün Ukraynanın demilitirizasiyası, NATO-ya üzvlükdən imtina etməsi və Donbasda döyüşləri dayandırması lazımdır”. Lukaşenko Kiyevin cəbhədə məğlubiyyətə uğradığını, Moskva ilə danışıqlara ehtiyac olduğunu söyləyib. Belarus lideri Moskva ilə Kiyev arasında danışıqlar üçün Minskdə görüş keçirilməsini təklif edib.
Rusiya qoşunları bəzi istiqamətlərdən Ukrayna ərazilərinin içərilərinə doğru təxminən 5 kilometr irəliləyib, lakin Putinin birinci zərbəsi uğursuz olub. Bu haqda Ukrayna prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib. “Əsas zərbələr saat 05:00 radələrində bizim hərbi infrastruktura, aerodromlara, sursat anbarlarına və hərbi komanda mərkəzlərinə endirilib. İlkin dəyərləndirmələrimizə görə bu zərbələr uğursuz olub, itkilər var, amma onlar əhəmiyyətli deyil və Ukrayna ordusunun döyüş qabiliyyətinə ciddi təsir göstərməyib”, - Arestoviç deyib. Onun sözlərinə görə, Xarkov və Çerniqov vilayətlərində, Suma yaxınlığında, Volınsk istiqamətində Rusiya qoşunları 5 kilometr irəliləyib. Amma düşmənə müqavimət göstərilir və onların irəliləməsi dayanıb. Ukrayna ordusunun 40-dan artıq hərbçisinin, bir neçə mülki sakininin həlak olduğu deyilir. Rusiyanın 7 təyyarəsinin, həmçinin tanklarının vurulduğu, 50 canlı qüvvə itirdiyi, 2 hərbçisinin əsir götürüldüyü haqda məlumat var. Şahidlər nə deyir? “Yeni Müsavat” olaraq gün ərzində bir neçə dəfə Ukraynada yaşayan soydaşlarımızla əlaqə saxlayıb, son durumla bağlı məlumatlar aldıq, onların durumu ilə maraqlandıq. Bildirildi ki, gərginlik olsa da, panika yoxdur, əhali sonadək döyüşə hazırdır. Sadəcə, apteklərdə, mağazalarda, valyutadəyişmə məntəqələrində uzun növbələr var, sakinlər daha təhlükəsiz ərazilərə köç edir, hakimiyyətin çağırışına əsasən, sığınacaqlarda daldalanır, yaxud evlərdə qalmağa üstünlük verirlər. Metro və avtobuslar isə pulsuzdur. Gün ərzində Ukrayna ordusu Luqansk vilayətinin yaşayış məntəqəsini ruslardan geri aldığı barədə də xəbər verilib. Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Şçastye bölgəsində rus ordusunun hücumunu dəf edib. Bu barədə Strateji Kommunikasiya və Strateji Təhlükəsizlik Mərkəzi Facebook-da məlumat yayıb. Qərargahın məlumatına görə, Ukrayna ordusu qarşı tərəfin texnikasını məhv edib, 50-yə yaxın rəqibini məhv edib.
Kiyev hədəfdə Rusiya hərbi texnikası Kiyev istiqamətində hücuma keçib. Bunu Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib. “Kiyev vilayətində rus qoşunları dövlət sərhədini pozaraq hücuma keçdilər”, - Demçenko bildirib. Onun sözlərinə görə, rus hərbi texnika karvanı “Vilça” buraxılış məntəqəsindən keçib. Ən son məlumata görə, Rusiya silahlı qüvvələrinin hərbi birləşmələri Kiyevə daxil olub. Bu iddia ilə “Frans Press” agentliyi çıxış edib. Müharibə neçə gün davam edəcək? Hələlik görünən budur ki, beynəlxalq birlik bəyanatlarla və sanksiya qərarları ilə kifayətlənir, dost Ukrayna xalqı və dövləti isə itkilər verməkdədir... Bir sıra ekspertlər deyir ki, müharibə Qərb dünyasının işğal planına qarşı hazır “resepti” olmadığın üzə çıxardı. O səbəbdən müharibənin neçə gün və hansı nəticə ilə bitəcəyi haqda danışan yoxdur... Hazırladı: E.PAŞASOY,
“Yeni Müsavat”