MERAL AKŞENER “QUMAR MASASI”NA QAYITDI – FETO formulu işə düşdü... (Yenilənib)

Kılıçdaroğluna icra işlərinə qarışmamaq, “kukla prezident” olmaq təklifi qəbul etdirildi

Bir qədər əvvəl Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlunun “Millət” ittifaqının prezident seçkilərindəki namizədi olacağı nəhayət açıqlanıb. Qəbul edilmiş sənəddə “Millət” ittifaqına üzv digər 5 partiyanın rəhbərinin vitse-prezident olacağı vurğulanıb. 

Bütün ciddi qərarların qəbulu üçün onların hər birinin razılığının alınmasının şərt olduğu qeyd edilib. 

Eyni zamanda Kılıçdaroğlu prezident olarsa İstanbul və Ankara bələdiyyə başçılarını uyğun vaxtda vitse-prezident vəzifəsinə təyin ediləcəyi öhdəliyi götürüb.

Bununla da bu gün əvvəl Akşenerin şərti kimi irəlü sürülən və FET0-nun "altılı masa"nın davam etməsi üçün dünən müəyyən etdiyi model qəbul olunub, Kılıçdaroğlu “kukla prezident” olmağa razılıq verib... 

***

İYİ Partiya sədri Meral Akşener 3 gün əvvəl ağır ifadələrlə ittiham edərək ayrıldığı “6-lı masa”ya geri qayıdıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İYİ Partiya sözçüsü Kürşad Zorlu açıqlama verib.

“Sədrimiz Meral Akşener və CHP sədri Kemal Kılıçdaroğlu görüşdü. Akşener Ekrem İmamoğlu və Mansur Yavaşın seçiləcək 13-cü prezidentin köməkçiləri olmaları ilə bağlı təkliflərini çatdırdı. Hörmətli Akşener “Millət İttifaqı”nın toplantısına qatılacaq” –deyə, Zorlu deyib.

Xatırladaq ki, Meral Akşener martın 3-də “6-lı masa”dan ayrıldığını açıqlamışdı. İBB sədri Ekrem İmamoğlu və ABB sədri Mansur Yavaşı prezidentliyə namizəd gösətərən Akşener, masadan ayrılma səbəbini belə izah etmişdi:  "İYİ Partiya bu küncə sıxışdırılıb, məcburiyyət qarşısında, ölümlə qalım arasında seçim etmək məcburiyyətində qalıb. Bunun qarşısında boyun əyməyəcək. 2023-cü ildə millətimiz, demokratiyamız, cümhuriyyətimizin sarsılmaz dəyərləri uğrunda mübarizə apararkən “paltomu assam, namizəd olaram” deyənlərə qarşı möhkəm dayanmağa davam edəcəyik..."

"Biz bu günlərə çirkin sövdələşmələri rədd edərək gəlmişik. Bu istiqamətdə millətimizi siyasətimizin mərkəzinə apardıq və ölkəmizi vilayətdən əyalətə, rayondan mahala gəzdik..." -deyən Akşener Kılıçdaroğlunu şəxsi maraqları naminə Türkiyəni satmaqda itiham etmişdi: "Dünən kimin birgə namizəd olacağını müzakirə etdik. 5 siyasi partiya tək bir ad dilə gətirərək Kılıçdaroğlunun namizədliyi ilə bağlı fikirlərini bildirib. 3 ildən artıqdır küçələrdə tez-tez eşitdiyimiz və uzun müddətdir bütün anketlərdə cənab Ərdoğana qalib gələn iki adla bağlı fikrimizi bildirdik. Bunlar Mansur Yavaş və Ekrem İmamoğlu idi. Başa düşdük ki, kiçik çıxarlar 85 milyonun mübarək qələbəsindən üstün tutuldu. Şəxsi ambisiyaları Türkiyədən üstün tutdular.

Təəssüflə demək istəyirəm ki, altılı masa millətin iradəsini, qərarlarını əks etdirmək qabiliyyətini itirib. Bu qurum ümumi ağıl platforması olmaqdan çıxdı. Alternativlərin qara siyahıya salındığı notarius kontoruna çevrilib".

 

 

"Biz qumar masasında və ya notarius masasında olmayacağıq. 85 milyonun gələcəyini təhlükəyə atmayacağıq. Biz Cümhuriyyətimizin yeni əsrini heç vaxt kor-koranə görməyəcəyik. Millətimizin qələbə ümidini qırmayacağıq" - deyən Akşener “Altılı masa”dan ayrıldığını bəyan etmişdi.

"Biz CHP lideri Kemal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilmişik. Biz bununla razılaşmırıq. Ona görə də “Altılı masa”nı tərk edirik” -deyərək,  Ankara və İstanbul bələdiyyəsinin sədrlərini prezidentliyə namizəd olmağa dəvət etmişdi.

Ancaq onlar bu dəvəti qəbul etməmiş, Kemal Kılıçdaroğlunu dəstəkləmişdi.

Qeyd edək ki, Akeşener bu gün İstanbul və Ankara bələdiyyə sədrləri Ekrem İmamoğlu və Mansur Yavaşla görüş keçirib və ardınca “6-lı masa”ya geri dönəcəyi ilə bağlı açıqlama gəlib.

Bu dəfə isə hər iki bələdiyyə sədrinə gücləndirilmiş icraçı vitse-prezident vəzifəsi təklif verilməsi şərtini irəli sürüb.

 

 

Türkiyənin “Sabah” nəşri yazır ki, sözügedən təklifi bir gün əvvəl Fətullahçı Terror Təşkilatının (FETO) qaçaq üzvü Savaş Genç sosial şəbəkədəki paylaşımında səsləndirib.

Belə ki, Savaş Gencin dünən, 5 mart 2023-cü il tarixində sosial mediada yayımladığı proqramda birliyin yenidən təsis olunması üşün vitse-prezident formulunu səsləndirib.

 

 

S. Gənc çıxışında bunları deyib: “Tapdığım son model budur. Kılıçdaroğlunun namizədliyi irəli sürüləcək. Biz də (?-red.) onun arxasında dayanaraq risk alacağıqsa, Kılıçdaroğlunun edəcəyi bir şey var - Ekrem İmamoğlunu vitse-prezident təyin edəcək. Hətta həm Ekrem İmamoğlunu, həm də Mansur Yavaşı da vitse-prezident təyin etməsi lazımdır. Onların vitse-prezident təyin olunmaları seçki prosesində istefa verəcəkləri anlamına gəlmir. Təəssüf ki, vitse-prezidentlik ABŞ-dakı kimi deyil. Ön seçim də ordaki kimi deyil”.

Onu da qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, bir şəxs eyni anda həm bələdiyyə sədri, həm də vitse-prezident ola bilməz.

Həmçinin Səadət Partiyası, DEVA və Gələcək Partiyaları bu qərarı birmənalı qarşılamayıb, etiraz ediblər. Həm Səadət Partiyasının, həm də Gələcək Partiyasının yetkililəri bələdiyyə sədrlərinə onlardan yüksək vitse-prezident statusunun verilməsinin mümkün olmadığını bəyan ediblər. Hazırda onları razı salmaq istiqamətində iş getdiyi bildirilir.

Ən qəribəsi də odur ki, “Millət ittifaqı”, o cümlədən Akşenerin xalqa yeganə vədi bir il ərzində gücləndirilmiş parlament sisteminə qayıtmaq idi. Ancaq indi bələdiyyəsinin sədrlərinə icraçı vitse-prezident təyin olunması şərti irəli sürülür. 

Bu da əvvəla, parlament sisteminə qayıtmaq vədinin yalan olduğunu ortaya çıxarır.

İkincisi, bələdiyyəsinin sədrlərinin icraçı vitse-prezident təyin olunması tələbi Kılıçdaroğluna icra işlərinə qarışmamağı, “kukla prezident” olmağı təklif etməkdir. Kılıçdaroğlunun buna nə reaksiya verəcəyi hələlik məlum deyil.

Ancaq cəmi bir gün öncə bir-birini ən ağır formada təhqir edənlərin FETO-nun işə qarışmasından sonra yenidən bir araya gəlməyə razılaşması, bazarlıqların başlaması “6-lı masa”nın həqiqətən Akşenerin dediyi kimi qumar masasına çevrildiyini göstərir. Həm də xaricdən idarə olunan qumar masasına...

 






Fikirlər