“Bu ilki doğum günüm mənim üçün çox yaddaqalan oldu. Öncə cənab prezident məni təbrik etdi. Bilirsiniz ki, bir neçə gün bundan əvvəl məni prezidentin fərdi təqaüdü ilə mükafatlandırdı. Bundan sonra “Xarıbülbül” musiqi festivalında iştirak etdim. Doğum günümü dünən orada qeyd edib gəlmişəm. Elə bilirdim ki, hamı məni təbrikə gəlib. Festivalda bir rəssam yaxınlaşıb mənə rəsm əsəri təqdim etdi. O işğal dövrünə qədər çəkdiyi məhəlləmizin portret şəkilini mənə hədiyyə etdi. Mənim üçün bundan böyük hədiyyə ola bilməzdi. Ən böyük hədiyyəni cənab prezident 3 il bundan əvvəl mənə bağışladı. O hədiyyə Şuşamız idi. Dünən həmçinin ümummilli lider Heydər Əliyevin 100-cü doğum günü idi. Hiss edirdik ki, sanki onun ruhu Şuşada dolaşır. Nəsə bir ilahi qüvvə var idi orada”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib. Xalq artisti Şuşa təəssüratlarını da bizimlə bölüşüb.
“Bir neçə il bundan əvvəl “Xarıbülbül” festivalında şuşalı qızı Firəngiz Mütəllimova ilə Şuşaya gedəndə qucaqlaşıb ağlamışdıq ki, Şuşa balacalaşıb. Bu gün görürük ki, sən demə Şuşa nə boyda imiş?! Şuşada gecə-gündüz iş gedir. Şuşanı bilirsinizmi prezidentimiz necə dirçəldib?! “Şuşa, sən azadsan, Qarabağ Azərbaycandır” deyən cənab prezident həqiqətən də bunu sözdə yox, əməldə etdi. Bütün Şuşa mənim baba yurdumdur. Şuşada öz evimizi də tapmışam. Düzdür, ermənilər o evi dağıdıb-töküblər. İnşallah ki, qayıdacağıq oralara. Bundan böyük xoşbəxtlik, yaşamaq üçün stimul ola bilərmi?!” deyə sənətkar bildirib.
Xalq artisti yaxın günlərdə filmlərdə çəkiləcəyini bildirib.
“Bir-neçə filmə çəkilməyə hazırlaşıram. İstərdim ki, Qarabağ haqda film olsun və mən də orada iştirak edim. 30 ildə mən də papağı günə verməmişəm, çoxlu filmlərə çəkilmişəm. Amma arzulayıram ki, daha da çox olsun. Bütün bu sadaladığım xoş günlər, hadisələr mənə həqiqətən də stimul verir. Sənət adamı üçün bu stimul böyük bir şeydir” deyə sənətkar bildirib.