Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur ...
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. AzerTaym.az bildirir ki, Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır. Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 28-nə təsadüf edir. Mərasimlərdə adətən qoyun, qoç, keçi, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınır. Dini qurban kəsmə mərasimi İslamdan əvvəl də mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və sair nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Müqəddəs “Qurani-Kərim”də yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Odur ki, Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir. Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Qurban bayramınız mübarək olsun!