ADR sədrinin eks müavini Qubad İbadoğlu haqqında nələr dedi? - AÇIQLAMA

Qubad İbadoğlunun saxlanması ilə bağlı prosesi izləmirəm. Məlumatım yoxdur”.

Bunu Musavat.com-a Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) sədrinin eks müavini Əlövsət Talışxanlı partiya sədri Qubad İbadoğlu haqqında həbs qətimkan tədbirinin seçilməsini şərh edərkən bildirib.

O, partiyadan 13 gün öncə istefa verdiyini deyib: “Sadəcə Qubad İbadoğlunun ABŞ-da və Böyük Britaniyada ali təhsil müəssisələrində dərs dediyini bilirəm. Başqa heç nədən xəbərim yoxdur. Allah yolunu açıq eləsin. Nə qədər incikliyimiz olsa da, tezliklə azad edilməsini arzu edirəm. FETÖ ilə əlaqələrinə gəlincə, bu barədə heç nə deyə bilmərəm. Əgər proses Azərbaycan ilə bağlı olsa idi, nə isə demək olardı, amma bu, sırf Türkiyə ilə bağlıdır. Sözün düzü, Qubad İbadoğlunun FETÖ ilə əlaqəsinin olduğunu ehtimal etmirəm”.

Qeyd edək ki, bu gün Nərimanov rayon məhkəməsi istintaqın təqdimatına baxaraq Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət Məcəlləsinin 204.3.1 maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qubad İbadoğlu özünü təqsirli bilmir. Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.






Fikirlər