Hikmət Mirzəyev müdafiə naziri olacaq? - “İl yarım, iki ildən sonra...”

Hikmət Mirzəyev müdafiə naziri olacaq? - “İl yarım, iki ildən sonra...”

Ötən gün Müdafiə Nazirliyində rotasiya qaydalarına uyğun olaraq bir sıra dəyişikliklər qəbul edildi. Biz bilirik ki, nazirlikdə strateji vəzifə tutan şəxslər nazir müavinləri, ordu komandanları və birlik komandirləridir. Onlar isə general vəzifəsi tutan şəxslərin təqdimatını hazırlayaraq Ali Baş Komandana təqdim edirlər və həmin şəxslər vəzifələrə təyin olunurlar”.

AzerTaym.az bildirir ki,bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

Hərbi ekspert Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) komandanı general-leytenant Hikmət Mirzəyevin Prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini və Quru Qoşunlarının (QQ) komandanı təyin olunması faktına, habelə sosial şəbəkələrdə H. Mirzəyevin növbəti perspektivdə müdafiə naziri təyin edilməsi ehtimallarına şərh verib.

E. Şıxəliyev əmindir ki, Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasında əməyi olan Hikmət Mirzəyevin müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı təyin olunması çox uğurludur:

“Mən Hikmət Mirzəyevin şəxsi keyfiyyətlərinə bələdəm deyə, onun Quru Qoşunları hərbi hissələrindəki döyüş hazırlığının növbəti mərhələyə qaldırılmasında çox böyük faydası olacağını düşünürəm. Müdafiə Nazirliyindən digər hərbçilər də ehtiyata buraxıldılar ki, yaş həddi çatanlar üçün bu, normal bir haldır. Praktikada da belədir ki, hərbçilər yaş həddini doldurub xidmət dövrünü bitiribsə, o, istefaya göndərilir”.

Polkovnik diqqətə çatdırıb ki, keçmiş hərbçilərin istefaya göndərilməsi gənc zabitlərin karyerasının qarşısının açılmasına böyük fayda verir ki, bu qəbildən olan yeni təyinatları normal saymaq olar:

“Fikrimcə, tərxis olunanların yerinə edilən təyinatlar uğurlu sayılacaq. Xüsusən də ordunu Türkiyə modelinə keçməsi prosesindən qiymətləndirsək, kimlərin bu vəzifəyə layiq olacağı yavaş-yavaş bəlli olur. Artıq Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyətində adı korrupsiya və rüşvət əməllərində hallanmamış şəxslərin bu vəzifələrə gətirilməsi mümkün olacaq. Təbii ki, Hikmət Mirzəyevin gələcək karyerasını ordunun Türkiyə mini modeli ilə xarakterizə etsək, görərik ki, bu təyinatın xüsusi bir məqsədi var. Türkiyə modelində müdafiə naziri istefaya göndəriləndə onun yerinə Baş Qərargah rəisi keçir, Baş Qərargah rəisinin yerinə isə Quru Qoşunları komandanı. Yəni rotasiya qaydasına uyğun olaraq sistem belə çalışır”.

Müsahibimiz əlavə edib ki, şəxslər bu vəzifəyə təyin olunanda növbəti karyera pilləsində hansı vəzifəyə gedəcəkləri avtomatik müəyyənləşir:

“Türkiyə Müdafiə Nazirliyindəki Yüksək Hərbi Şuranın müzakirələri əsasında analoji təyinatlar həyata keçirilir. Yəni proseslər bir şəxsi iradəsi üzərindən həll olunmur. Ona görə də Türkiyədə təyinat məsələsi bu kontekstdən baş verdiyi üçün Azərbaycan ordusunda da general rütbəli şəxslərin operativ-strateji rəhbərliyə təyin olunması sözügedən kriteriyaların müəyyən olunması üzərindən həyata keçiriləcək”.

Hərbi analitikə görə, H. Mirzəyev Azərbaycan Silahlı Qüvvələrində istənilən vəzifəyə layiq görüləsi bir adamdır:

“O, hansı vəzifəyə təyin olunarsa, onun öhdəsindən gələ biləcək bir şəxsdir. Məncə, növbəti perspektivdə onun Baş Qərargah rəisi, yaxud müdafiə naziri olmaq ehtimalı baş verərsə, buna təəccüblənməməliyik. Lakin bu təyinatlar dərhal baş vermir. Hikmət Mirzəyevin sözügedən yüksək ali hərbi vəzifələrə təyin olunması üçün, ən azı, il yarım-iki il vaxt lazımdır. Mən bunun ən uyğun təyinatlardan biri olacağını düşünürəm. Necə ki, o Xüsusi Təyinatlı Qüvvələri daim döyüş hazırlığı vəziyyətinə gətiribsə, silahlı qüvvələrimizi də həmin döyüş hazırlığına gətirəcəyinə inanıram”.






Fikirlər