Tramp Baydenə “nüvə savaşı” vəd edir: ABŞ-ın Rusiyaya məğlub olma ehtimalı artır

Ağ Evin keçmiş sahibi Donald Tramp prezident Co Baydeni “ABŞ-ın və bütün dünyanın düşməni” elan edib, seçkilərdən sonra üçüncü dünya savaşının ola biləcəyinə eyham vurub... ABŞ Konqresi tərəfindən “topal ördək” vəziyyətinə salınmış Bayden administrasiyası hərbi-siyasi təşəbbüsü Rusiyaya uduzmaqla, Qərb ölkələri arasında “kuluar savaşı”na da yol açıb...

ABŞ və Qərbin Rusiya ilə beynəlxalq qarşıdurması artıq həlledici mərhələyə yaxınlaşır. Bu mərhələdə hətta mütləq qalib müəyyənləşməsə belə, hər halda, nisbi üstünlük qazanmış tərəf böyük ölçüdə dəqiqləşmiş olacaq. Üstəlik, belə dəqiqləşmə son nəticədə yeni dünya düzəninin məzmun və keyfiyyəti barədə də müəyyən təsəvvürlərə şərait yarada bilər. Və bu, istənilən halda, dünyada yeni situasiyanın yaranma ehtimalının kifayət qədər yüksək olduğunu düşünməyə əsas verir.

8a0f81741c2717ce6a0610d206931b4f.jpeg (111 KB)

Onu da qeyd etmək lazımdır ki, indi həm Rusiyada, həm də ABŞ və Qərbdə yeni situasiyaya ciddi hazırlıq prosesi də intensiv şəkildə davam edir. Belə ki, Kreml son vaxtlar Rusiyanın gələcək taleyi ilə bağlı pessimist əhval-ruhiyyədən tədricən uzaqlaşmağa başlayıb. Hər halda, son vaxtlara qədər Kremlə yaxın siyasi dairələr daha çox Rusiyanın parçalanmasına yönəlik planların mövcudluğundan narahatlıq ifadə edirdilər. İndisə, Rusiyanın hakim dairələri beynəlxalq rəqiblərin planlarını iflasa uğratdıqlarını iddia edirlər.

Prezident Vladimir Putin son açıqlamalarından birində Rusiyanın Ukrayna savaşından daha da güclənərək, çıxmaq şansı qazandığını əsaslandırmağa çalışıb. Kreml sahibi bildirib ki, Rusiya ABŞ və Qərbin bütün sanksiyalarına tab gətirməyi bacarıb. Onun fikrincə, Rusiya əleyhinə sanksiyalar hazırda kollektiv Qərb üçün bumeranq effekti verməyə başlayıb. Prezident Vladimir Putin onu da vurğulayıb ki, Qərbin sanksiyaları hətta Rusiya iqtisadiyyatının yenidən qurulmasını təmin edərək, gücləndirib. Onun iddiasına görə, Rusiya öz iqtisadi inkişaf göstəricilərinə üzrə Avropa Birliyi ölkələrini ciddi şəkildə qabaqlayıb və dünyada beşinci sıraya yüksəlib.

Təbii ki, bütün bunlar Rusiyanın ABŞ və Qərblə kəskin rəqabətdən geri çəkilmək niyyətində olmadığını göstərir. Əksinə, Ukrayna savaşından yorulmağa başladığını gizlətməkdə çətinlik çəkən Qərbin rəsmi Kiyevə hərbi dəstəyinin zəifləməsindən maksimum səviyyədə faydalanmağa can atır. Bu baxımdan, hesab etmək olar ki, Kremldə beynəlxalq məkanda hərbi-siyasi təşəbbüsün Rusiyanın əlinə keçmək üzrə olmasından açıq-aşkar məmnundurlar. Və bu, son vaxtlar Kremlin davranışlarında özünü birmənalı şəkildə nəzərə çarpır.

putin-bayden-kollaj.jpg (808 KB)

Məsələ ondadır ki, Kreml artıq Ukrayna savaşının dayandırılması üçün Qərblə sülh danışıqlarına hazır olduğunu qabartmağa qətiyyən ehtiyac duymur. Əksinə, son vaxtlar Qərb siyasi dairələrində sülh prosesinə start verilməsinin vacibliyi barədə artan çağırışlara yeni və daha sərt tələb-şərtlərlə reaksiya göstərir. Yəni, Kreml situasiyanın tam sahibi kimi davranmaq şansına can atır.

Üstəlik, ABŞ və Qərbdə daxili ziddiyyətlərin artması da Rusiyanın maraqlarına tamamilə cavab verir. Hər halda, Kreml Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanın Qərb dövlətləri arasında “kuluar qarşıdurması”na yol açdığını nəzərə almaqdadır. Çünki Rusiya ilə hərbi-siyasi qarşıdurma vəziyyətində olan ABŞ və Qərbin mübarizə apardığı geopolitik cəbhələrin sayının artması Kremlin manevr imkanlarını genişləndirir. Və xüsusilə də, Yaxın Şərq böhranı indi Qərbin ciynində əzici yükə çevrilmiş kimi görünür.

ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri isə Rusiyanın üzləşdiyi situasiyanı daha da yüngülləşdirir. Belə ki, ABŞ respublikaçıları hazırda Bayden administrasiyasına qarşı total siyasi hücuma keçib. ABŞ Konqresinin hazırda məhz respublikaçıların nəzarətində olması Bayden admisintrasiyasının demək olar ki, əl-qolunu bağlamağa başlayıb. Hər halda, Ağ Ev Ukraynaya hərbi yardım üçün 60 milyard dollarlıq maliyyə paketinin qəbul edilməsinə hələ də nail ola bilməyib. Bu baxımdan, Bayden administarasiyası indi “topal ördək” vəziyyətinə düşmüş kimi görünür.

bayden-koll-image_big_184691.jpg (216 KB)

Halbuki, respublikaçıların prezidentliyə əsas namizədi Donald Tramp Bayden administrasiyasına qarşı təzyiqləri daha da sərtləşdirməkdə davam edir. Ağ Evin keçmiş sahibi fəaliyyətdə olan prezident Co Baydeni “ABŞ-ın və bütün dünyanın düşməni” elan edib. Onun fikrincə, prezident Co Bayden öz davranışlarına nəzarət edə bilmir və ABŞ demokratiyasını artıq sıradan çıxartmaq üzrədir. Donald Tramp əmindir ki, əgər, Ağ Ev sahibi hakimiyyətdən kənarlaşdırılmasa, prezident Co Bayden hətta bütün dünyanı üçüncü dünya müharibəsinə düçar edə bilər.

Təbii ki, prezidentliyə namizəd Donald Tramp bütün dünyanı xilas edə biləcək yeganə şəxs statusunda yalnız özünü görür. Ağ Evin keçmiş sahibi əmindir ki, həm Ukrayna savaşının, həm də Yaxın Şərq böhranının qlobal müharibəyə çevrilmə təhlükəsinin qarşısını məhz özü ala bilər. Əks halda, yəni, prezident Co Bayden hakimiyyətdə qalarsa, dünyanın bir çox ölkələri arasında müharibələr baş verəcək. Nəticədə dünyada üçüncü dünya müharibəsinin əsası qoyulacaq. Və sonrakı mərhələdə nüvə savaşı qaçılmaz olacaq.

Göründüyü kimi, Donald Tramp Bayden administarsiyası üzərində siyasi qələbə niyyətində tamamilə qərarlıdır. Üstəlik, Ağ Evin keçmiş sahibi öz siyasi qələbəsini təmin etmək üçün həm ABŞ seçicilərini, həm də bütün dünyanı qorxuda biləcək təhlükələr barədə iddialar irəli sürür. Üstəlik, onun gündəmə gətirdiyi üçüncü dünya müharibəsi və nüvə savaşı barədə iddialar ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir göstərə biləcək həlledici mövzular sırasına daxildir. Qərb ölkələrinin bir çoxu Donald Trampın ABŞ-da hakimiyyətə dönüşü ilə bağlı ehtimaldan ciddi şəkildə narahat olsalar da, Rusiya bu variantın reallaşmasını böyük səbrsizliklə gözləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər