Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də...

Əgər insan qəhvə ilə fala baxmağa inanırsa, deməli o, rasional düşünə bilmir...

Bu il Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının yeddi ili tamam olur. Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış bu institut ölkəmizin təhsil sistemində öz yerini tutmaqdadır. İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov AZƏRTAC-a müsahibəsində ali məktəbin fəaliyyətinə nəzər salıb, eləcə də cəmiyyət və din məsələləri ilə bağlı fikirlərini bölüşüb. Onunla müsahibəni təqdim edirik.

-Aqil müəllim, bu illər ərzində institut qarşısına qoyduğu hədəflərə çata bilibmi?

-Mən institutumuzun yaradılmasından öncəki dövrdə ölkəmizdə dini təhsil sahəsini xatırlatmaq və bizim ali məktəbin bu sahəyə nə gətirdiyindən bəhs etmək istərdim. Müstəqillik bərpa ediləndən sonra ölkəmizdə iki ali məktəbdə din sahəsində tədris aparılıb. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, - mən özüm də bu fakültənin məzunuyam, - dinşünaslıq sahəsində mütəxəssis yetişdirirdi. Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində Bakı İslam Universiteti isə daha çox din xadimi hazırlayırdı. İlahiyyat İnstitutu yaradılandan sonra bu iki istiqamət bir ali məktəbdə birləşdi. Hazırda dinşünaslıq ixtisasında İslam dini ilə yanaşı, yəhudilik, xristianlıq, Hind-Çin arealında yaranmış dinlər, ümumilikdə bütün böyük inanc sistemləri tədris olunur. İslamşünaslıq ixtisası üzrə isə əsas məqsəd ibadət yerlərimizə mütəxəssis hazırlamaqdır. Onlar imam, imam müavini, dini ayinin icraçısı kimi fəaliyyət göstərirlər. Məqsədimiz dinə elmi yanaşmağı bacaran, Azərbaycan dövlətçiliyinə bağlı olan, müasir dünyanın reallıqlarını nəzərə ala bilən mütəxəssislər hazırlamaqdır. İnstitutumuzda dinə təkcə teoloji prizmadan deyil, həmçinin psixoloji, sosioloji, fəlsəfi və tarixi yöndən yanaşan fənlər də tədris olunur. Müəllimlərimiz də dünya səviyyəli alimlərdir. Bu isə bizə həm tədrisimizi yüksək standartlar əsasında qurmağa, həm də Azərbaycan üçün yaxşı mütəxəssislər hazırlamağa imkan verir. Fikrimcə, hədəflərimizin bir hissəsinə nail olmuşuq. Lakin çalışırıq ki, institutumuz Qafqazda, eyni zamanda, Şərqdə din sahəsində önəmli ali təhsil müəssisələrindən birinə çevrilsin.

- Bu günlərdə institutun “Qurani-Kərim” dərsliyi nəşr olunub. Bu fənn necə tədris olunur?

- Bəli, bu yaxınlarda institutumuzun prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun qələmə aldığı “Qurani-Kərim” dərsliyi nəşr olunub. “Qurani-Kərim”in tədrisi Peyğəmbərimizin (s) dövrünə gedib çıxan bir tarixə malikdir. Biz də çalışırıq ki, o ənənəni nəzərə alaraq, müasir öyrətmə metodlarını da tətbiq edərək öyrədək. Əgər əvvəllər “Qurani-Kərim”i tələbə oxuyur, müəllim də qulaq asırdısa, hazırda müasir texnologiyaların köməyi ilə dünyadakı məşhur Quran qareləri dinləyə bilirik. Bu sahədə institutumuzun çox yaxşı mütəxəssisləri var.

- İlahiyyat İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verərdiniz.

- Azərbaycan dilində din sahəsində dərs kitablarının böyük əksəriyyətini, demək olar, bizim müəllimlərimiz yazırlar. Eyni zamanda, “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda yer alan dərgilərdə onların məqalələri dərc edilir. Qeyd edim ki, humanitar sahədə bu, heç də asan deyil. Müəllimlərimizin əksəriyyəti ingilis və ərəb dillərində sərbəst şəkildə məqalə yazır, mühazirə söyləyirlər, beynəlxalq simpoziumlarda və konfranslarda çıxış edirlər.

- Beynəlxalq əməkdaşlıqda hansı ölkələrə üstünlük verilir?

- Ümumilikdə dünyada din sahəsində fəaliyyət göstərən qabaqcıl ali təhsil və tədqiqat müəssisələri ilə əlaqə yaratmağa çalışırıq. Qardaş Türkiyənin 20-dən çox universiteti ilə müqaviləmiz var. Həmçinin Özbəkistan, Qazaxıstan, Pakistan, Gürcüstan, Rusiya, Malayziya, İndoneziya, ABŞ və digər bir çox dünya ölkələrinin ali məktəbləri və tədqiqat mərkəzləri ilə əməkdaşlıq edirik. Tələbə-müəllim mübadiləsinə önəm veririk. Hər il iki tələbəmiz Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Universitetində bir semestr ərəb dilində təhsil alır. İki tələbəmiz Türkiyənin 29 Mayıs Universitetində bir semestr təhsil alır. Bu il ilk dəfə iki məzunumuz İslam dünyasının ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Malayziyanın Beynəlxalq İslam Universitetində magistratura təhsilinə başlayıb. Bir neçə il əvvəl “Nur Mübarək” Universitetindən iki nəfər bizim institutda bir semestr ingilis və ərəb dillərində təhsil alıb, həmçinin Özbəkistan Beynəlxalq İslam Akademiyasının (ÖBİA) tələbə və müəllim heyətinə seminar təşkil olun

- Məzunların işlə təminatında problem olurmu?

- Bu sahədə imkanlarımız çoxdur. Məsələn, İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vəzifələrinin tutulması üçün keçirilən müsahibədən müvəffəqiyyətlə keçən məzunlarımız ibadət ocaqlarında din xadimi kimi fəaliyyət göstərirlər. Məzunlarımız dövlət orqanlarında da işləyə bilərlər. Akademik sahədə fəaliyyətlərini davam etdirə bilərlər. Magistraturada ilahiyyat sahəsi üzrə 5 ixtisaslaşma mövcuddur: dinin sosiologiyası, dinin psixologiyası, dinin fəlsəfəsi, dinlər tarixi və islamşünaslıq. Bu ildən islamşünaslıq sahəsini şaxələndirəcəyik. Magistraturaya ənənəvi İslam elmləri üzrə də qəbul aparacağıq. Azərbaycan İlahiyyat İnstitutunda doktorantura təhsili almaq mümkündür. Ali Attestasiya Komissiyası bizə Müdafiə Şurası da verib. Bütün bunların formalaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük dəstəyi var. Yaxın vaxtlarda komitənin dəstəyi ilə institutda Din Araşdırmaları Mərkəzi və Ərəb Dili Mərkəzi də təsis olunacaq.

- Necə düşünürsünüz, məktəblərdə din tədrisi lazımdırmı?

- Din tədrisi məsələsində müxtəlif fikirlər var. Bu sahənin mütəxəssisi olaraq bir deyimi xatırlatmaq istəyirəm: “Müqəddəs yer boşluq qəbul etmir”. Biz cəmiyyətimizin fərdlərinə, öz övladlarımıza bu barədə məlumat verməsək, başqaları gəlib məlumat verəcək. Bu gün artıq bilik mənbələri çoxalıb. Əvvəllər bilik mənbəyi təkcə ailəmiz, daha sonra bağça, məktəb və universitet idisə, indi internet var. Bu gün bir çox məsələlərdə biliklərin çoxalması və təəssüf ki, korlanması baş verir. Uşaqlarda dinin sağlam bünövrəsi əvvəlcədən qoyulmalıdır. Amma bu biliklər hansısa bir dinin və ya dini ideologiyanın insanlara təlqin edilməsi şəklində olmamalıdır. Təsviri xarakterdə olmalıdır. Dünya təcrübəsindən istifadə oluna bilər. Məsələn, Avropanın bəzi ölkələrində din tədrisi seçmə fənn, bəzilərində isə əsas fənn kimi tədris edilir. Lakin bir din deyil, cəmiyyətdə mövcud olan dinlər başda olmaqla ümumilikdə dinlər haqqında da təsviri biliklər öyrənilməlidir. Dinlər haqqında məlumat verəcək bir fənnin olmasına bir ehtiyac var. Ölkəmizdə orta məktəblərdə “Həyat bilgisi” dərsliyində bu haqda məlumat verilir, tarix fənnində dinlər haqda müəyyən mövzuların daxilində məlumat var. Ədəbiyyat fənnində, xüsusilə orta əsrlər ədəbiyyatında bu barədə məlumatlara rast gəlmək mümkündür. Necə ki, ölkələrin coğrafiyası, tarixi haqqında tədris aparılır, eləcə də cəmiyyətdə mövcud olan bir fenomen kimi din haqqında da biliklərin verilməsi faydalıdır. Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də. Bu da bir növ tarixi bilgidir. Əgər biz bu bilgini doğru istiqamətdə verməsək, bu ya xurafatçılıq şəklində, ya da radikalizm formasında özünü göstərəcək. Dinin doğru şəkildə öyrədilməsi cəmiyyətin bütün təbəqələrinin, inanc sahiblərinin və inancsızların da xeyrinədir.

- Yeri gəlmişkən, xurafat haqqında fikirlərinizi bilmək istərdik.

- Elə bir cəmiyyət yoxdur ki, orada xurafat olmasın. Bu, Avropanın ən inkişaf etmiş ölkələrində də, ABŞ-da da mövcuddur. ABŞ-da xurafatı önə çəkən nə qədər dini qruplar var. Bir ilahiyyat mütəxəssisi kimi heç vaxt xurafatın olmasını istəməmişəm və istəmərəm də. Xurafatla mübarizə aparmaq lazımdır. Təəssüf ki, xurafatın tamamən silinməsi mümkün deyil, lakin azaldılması mümkündür. Dünyagörüşü yüksək olan bir insan xurafata meyil etməz. Fikrimcə, süni intellekt əsrində xurafat tam şəkildə silinməsə də, xeyli azalacaq.

- Mövhumatın aradan qaldırılması üçün nə etmək lazımdır?

- Maarifləndirmə aparılmalıdır. Ölkəmizdə bu istiqamətdə çox işlər görülüb. İnsanlara başa salınmalıdır ki, əgər bir problemlə qarşılaşırlarsa, bu problemin həlli yolu baxıcılarda, falçılarda deyil. Bu problemin həlli insanın özündədir. O, özü bu problemi həll etməlidir. Atalar sözü var: “Suda boğulan saman çöpündən yapışar”. Falçılar, baxıcılar özünü çarəsizlikdə hiss edən insanların duyğularını istismar edən həmin saman çöpüdür. Onu da deyim ki, İslam dinində bu, ümumiyyətlə qadağandır, ən böyük günahlardan biri sayılır. Bu, Allaha şərik qoşmaqdır. Peyğəmbərimizin (s) bir hədisi var: “Falçı və kahinin yanına gedib onun söylədiklərini təsdiq edən Məhəmmədə nazil olana inanmamışdır”. “Qurani-Kərim”də belə əməllərdən Allaha sığınılır. Təkcə İslamda deyil, xristianlıqda və yəhudilikdə də fala inanma yoxdur. Çox təəssüf ki, belə hallara hətta dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinir. Bu, tarixin dərinliklərindən gəlmiş mənfi bir ənənədir ki, günümüzdə də davam edir. Bir insan qəhvə ilə fala baxılmasına, kartla fala baxılmasına inanırsa, deməli, onun rasional düşünməklə əlaqəli müəyyən problemləri var. O insan rasional düşünə bilmir.

- İnstitutunuzun tələbələri burada təhsilə başlamazdan əvvəl müəyyən bir mühitdə tərbiyə almış insanlardır. Onlar arasında mövhumata meyil göstərəni olurmu?

-İnsan beyni “hard disk” deyil ki, yazılanı silmək mümkün olsun. İnsanın zehnində məlumatlar var. Bu məlumatlar onun dünyaya baxışının formalaşmasına təsir edir. Din sahəsi də belədir: əvvəlcə ailədə formalaşır və bu, bəzən xurafat və hətta bəzən radikalizm şəklində təzahür edə bilər. Biz tələbələrə birinci kursdan deyirik: “Siz din sahəsində indiyədək eşitdiklərinizi, oxuduqlarınızı unudun. Bu sahəyə yeni başlayan bir mütəxəssis kimi yanaşın və müəllimlərinizə güvənin. Bu müəllimlər öz sahələrində ən yüksək elmi pilləyə yüksəlmiş şəxslərdir. Onların təqdim etdiyi metodlara əsaslanaraq dinləri öyrənməyə çalışın”. Onu da deyim ki, biz bu məsələdə məqsədimizə əsasən çatırıq. Bəzən uşaqların cəmiyyətdə öyrəndikləri ilə burada öyrəndikləri üst-üstə düşmür. Bu zaman diskussiyalar təşkil edirik. Nəticədə tələbələrimizin dinə baxışında dəyişiklər baş verir, onlarda elmi prizmadan yanaşma bacarığı formalaşır.

-İlahiyyat İnstitutunun nəzdində İlahiyyat Kolleci də fəaliyyət göstərir. Tədrisdə bu, dini bilgilərin möhkəmləndirilməsidir, təkrarlıqdır, yoxsa davamlılıqdır?

- Bu kollec din təhlilində davamlılığı təmin etmək və İlahiyyat İnstitutu üçün baza rolunu oynamaq məqsədilə yaradılıb. Din təhsilinin digər təhsillərdən fərqli tərəfləri var. Hər təhsildə davamlılıq olmalıdır, amma din təhsilində xüsusilə. Bu, ailədən başlayır, daha sonra məktəb, kollec və institutla davamlılıq təmin olunur. Beləliklə, daha yaxşı mütəxəssislər yetişir. Cari tədris ilində kollecə qəbul 11 illik təhsil bazasında aparılıb. Yaxın gələcəkdə 9-cu sinfi bitirdikdən sonra da kollecə qəbulun aparılması nəzərdə tutulur.

- Dini məzhəblərə münasibətinizi bilmək istərdik. Məsələn, İslam dinində sünni, şiə məzhəbləri var...

- Dinlərin tarixinə baxanda görürük ki, böyük dinlərin hamısının məzhəbləri var. Məsələn, xristianlıqda tarixdə monofizit, diofizit şəklində qruplaşdırdığımız məzhəblər mövcuddur, onların öz içində müxtəlif məzhəblər var, ən geniş yayılanı katoliklik, pravoslavlıq və protestantlıqdır, ancaq onların xaricində də xeyli məzhəb var. Yəhudiliyin tarixinə nəzər salsaq görürük ki, ferisilər (peruşim), sadukeylər (səduqim), essenilər (issiyim) olub. Müasir dövrdə də iudaizm ortodoks, mühafizəkar, reform yəhudiliyi kimi müxtəlif qollara ayrılıb. Hinduizmin tərkibində vişnuizm, şivaizm, saktizm, smartizm, Buddizmdə mahayana və theravada kimi məzhəblər var. “Məzhəb” sözü ərəb dilində “gedilən yol” deməkdir, yəni dini başa düşməyin müxtəlif yollarıdır. Mən məzhəblərə məktəblər deyirəm. Dinin müxtəlif məktəblərinin olması təbiidir. Amma təbii olmayan o məzhəbləri din yerinə qoyub mütləqləşdirmək və insanları bölən vasitəyə çevirməkdir. İnstitutumuzda dinləri də, məzhəbləri də tarixi baxımdan təsviri olaraq öyrədirik. Müəyyən klassik İslam elmlərini öyrədəndə İslamın bütün rənglərini uşaqlara öyrədirik, amma birini o birindən üstün göstərmirik. Məzhəbdə olmağı normal qarşılayırıq, amma məzhəbçi olmağı normal qarşılamırıq. Tədrisimiz də bunun üstündə qurulub. Buna “məzhəbüstü tədris” deyirik.

- İnstitutunuzda qeyri-İslam dinindən olan tələbə təhsil alarsa, burada tədris edilən istiqamətlər onun bilik qazanmasına kifayət edəcəkmi?

- İndiyədək praktikada buna rast gəlməmişik. Lakin dinşünaslıq ixtisasında bütün dinlərin nümayəndələri təhsil ala bilərlər. Bizim həm xristian, həm də yəhudi icmaları ilə yaxşı münasibətlərimiz var. Bir neçə il əvvəl İlahiyyat İnstitutu Qəbələ rayonunun Nic qəsəbəsində Alban-udi icması üçün xristianlıq kursu təşkil edib. İnstitutumuzun elmi bazası dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün ilahiyyat elmini tədris etmək imkanına malikdir.

 

 

 

 

 






Fikirlər