13.01.2014. - Kərəm Həsənovun idarəsi Körpələr Evini də satıb
Lənkəranda yerləşən 15 saylı Körpələr Evi yanvarın 1-dən etibarən fəaliyyətini dayandırıb. 55 nəfər işçisi olan bu müəssisənin bağlanmasına səbəb isə Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Lənkəran rayon İdarəsi tərəfindən satılmasıdır.
Bu barədə AzerTaym.az-a müraciət edən Sitarə Quliyeva bildirib ki, onlar dekabrın 24-dən rəsmi olaraq işdə olublar. Lakin yanvarın 1-dən etibarən onları işə buraxmırlar. «Bizdə olan məlumata görə, işlədiyimiz 15 saylı Körpələr Evi ƏMDK-nin Lənkəran İdarəsi tərəfindən rayondakı Yol İstismarı İdarəsinin müdiri Raqib müəllimə satılıb. Bizim harada işləyəcəyimiz isə bəlli deyil. Bu məsələ ilə bağlı Lənkəran rayon Maliyyə İdarəsi və Lənkəran rayon Təhsil Şöbəsi maraqlanmır. Əksinə bizə kömək etmək əvəzinə (işlə təmin olunmağımıza) bizi idarələrdən qovurlar. Heç bizi dinləmək istəmirlər?»
Sitarə Quliyeva daha sonra bildirir ki, 15 saylı Körpələr Evində çalışan 55 nəfərin hamısı maddi və mənəvi sıxıntı içində yaşayırlar. «Bizim əhvalımızın necə olduğu təsəvvürə belə gəlmir. Bir neçə gün ərzində əsəbi gərginlik vəziyyətində yaşayırıq. Elə insan var ki, həyat yoldaşını itirib, heç bir yerdən gəliri yoxdur. Kimsə ona
kömək etmək iqtidarında deyil»
P.S. Qarşı tərəfin də söz demək haqqını gözləyirik.