14.01.2014. - “Əli Kərimli mənə birinci müavin olmağı təklif etdi”
AzerTaym.az saytı son günlər müxalifət camiəsində baş verən qalmaqallarda ən çox adı hallanan şəxs kimi və eyni zamanda bir çox məsələlərdə olduqca ilginc açıqlamaların müəllifi olaraq gündəmi "zəbt edən" R.Arifoğlunun maraqlı müsahibəsini oxucularımıza təqdim edir:
- AXCP ilə münasibətlərinizdəki problem nədən qaynaqlanır, niyə hədəf seçilmisiniz?
- AXCP adlanan qurumun bütün heyəti və yetkililəri Əli Kərimlinin komandası ilə üstümə düşüb, məni və qəzetimi gözdən salmaqla məşğuldur. Bu, mənəvi terrordur. Mən buna etiraz edirəm, ictimaiyyəti, ölkənin demokratik təsisatlarını, liderləri bu məsələyə müdaxilə etməyə çağırıram. Görünməmiş bir hadisə baş verir, bir siyasi lider bir qəzet baş redaktorunu, qəzetin kollektivini mənəvi terrora məruz qoyur, kompromatlar yaydırır, müxtəlif texnologiyalardan istifadə edir, sosial şəbəkələrdə təhqir etdirir. Əslində bir absurd məqam da var. Mən heç bir ictimai-siyasi fəallığı olmayan bir qəzetin baş redaktoruyam, AXCP isə bir siyasi təşkilatdır. Guya bu konfliktlərin başlamasının kökündə Müsavat Partiyasının Milli Şuradan çıxması durur. Lakin belə deyil. Bu, illərdir ki, davam edən, arada səngiyən, sonra yenə də sürət götürən bir kampaniya, anti-təbliğat, məni gözdən salma kursudur. Gerçək mahiyyəti ilə bağlı dəfələrlə Əli Kərimlinin özünə suallar vermişəm. Cavablar almışam. Yəni bu adam məni hakimiyyətə işləməkdə, ən müxtəlif ittihamlara qonaq etdiyi vaxtlarda görüşüb məsələni araşdıranda təklif edib ki, mən İsa Qəmbərin yanından ayrılım, gəlib onun müavini olum. “Əli Kərimli kəfən geyinib, İsa Qəmbər heç nə etmir” kimi iddialar irəli sürüb. İki dəfə mənə bu təklifi çatdırıb, hətta birinci müavin olmağımı təklif edib. Mən açıq şəkildə yox demişəm. Həm də açıq şəkildə demişəm ki, mənim kimi adamlar sənin kimi adamların yanında ola bilməz, çünki kimsəyə azadlıq vermirsən və hər kəslə tabeçiliyində olan bir işçi kimi davranırsan. Siyasət və demokratiya isə başqa məkandır və mən İsa Qəmbərin yanında özümü rahat hiss edə bilirəm. Görünür, bu amil, “Yeni Müsavat” qəzetinin öndə olması, onların 15-16 ildir ciddi-cəhdinə baxmayaraq, qəzetin və saytımızın real tirajının onların qəzetindən yüksək olması, bəlkə də mənə məlum olmayan başqa səbəblər var ki, bu adamlar məndən əl çəkmir, mənimlə müharibəni davam etdirirlər.
- Əli Kərimli Müsavat Partiyasından istefa verərək onun müavini olmağınızı ilk dəfə sizə nə vaxt təklif edib?
- İlk dəfə 2005-ci ilin sonlarında, parlament seçkilərindən sonra, ikinci dəfə isə 2011-ci ildə təklif edib.
- Əli Kərimli ilə bağlı Əbülfəz Elçibəyin sizə tapşırığının olduğunu yazmısınız. Bu tapşırıq nə ilə əlaqəli olub?
- O vaxt məsələ belə idi ki, Əbülfəz Elçibəyin əlində qəzeti yox idi, bunların isə əlində qəzet var idi. Elçibəyi üzdən-gözdən salmışdılar. Eyni zamanda Kələkidə olduğu vaxt Əbülfəz Elçibəyin əlindən yetkilərini almaq, partiyaya tamamilə sahiblənmək istəyirdilər və buna da müəyyən qədər nail olmuşdular. Həmin müddət mən Əbülfəz Elçibəyin müdafiəsində dayanan və Kələkidə olduğu müddətdə 3 dəfə ona xüsusi buraxılış həsr edən, onun media siyasətini, təbliğatını aparan və əks-təbliğatına qarşı çıxan, ona çox yaxın olan bir şəxs kimi buna qarşı çıxırdım. Qəribə bir vəziyyət yaranmışdı. AXCP-nin sədri Əbülfəz Elçibəy idi, Kələkidə olmasına baxmayaraq, mediada ən inanılmış adamı mən idim, amma eyni təşkilatın digər rəhbərliyindəki şəxslərlə düşmən vəziyyətində idim. Hətta Əli Kərimli bu müddətdə iki dəfə haqqımda cinayət işi qaldırılması və həbs olunmağım tələbi ilə Baş Prokurorluğa müraciət etmişdi. Dəfələrlə bununla bağlı izahatlar yazmaq məcburiyyətində qalmışdım. Əbülfəz Elçibəy istəyirdi ki, Əli Kərimli bir istedadlı gənc siyasətçi kimi onun çevrəsində qalsın. 1997-ci ilin avqust ayında mənə demişdi ki, Əli Kərimlinin bir əlindən mən tutub özümə tərəf çəkirəm, o biri əlindən də başqa bir müavini tutaraq hakimiyyətə tərəf çəkir. Demişdi ki, gücüm çatmır, mənə bir az kömək edin. Əbülfəz Elçibəyin məqsədi Əli Kərimlini üzdən-gözdən salmaq yox, balans yaradaraq onun sakit şəkildə hakimiyyətə təslim olmasına imkan verməmək idi. Əslində Əli Kərimli üçün faydalı şərait yaratmaq istəyirdi. Mən də mətbuatda tapşırıq belə olmadan situasiyanı bilən, ondan nəticə çıxaran, bir addım qadaqda getməyi sevən gənc texnoloq kimi bu vəziyyətdən özüm üçün vəzifə çıxardım. Əbülfəz Elçibəyin xeyrinə mətbuatda və AXCP ətrafındakı müzakirələrdə vəziyyətin dəyişməsini təmin etməyə çalışdım.
- Ancaq AXCP təmsilçiləri və “Azadlıq” qəzeti əks arqument kimi Əbülfəz Elçibəyin 1999-cu ildə qəzetlərə müsahibələrindən sitatlar təqdim edir, Əbülfəz Elçibəyin sizə fərqli münasibət bəslədiyini sübut etməyə çalışırlar.
- Orada yalnız bir qəzetdən – “Günaydın” qəzetinə istinad olunur. Bu qəzet də mediada birmənalı qarşılanmayan layihə olub. İddialar var ki, bu qəzet o zamankı səhiyyə naziri Əli İnsanovun pulu ilə çap edilib və məqsədi də Azərbaycan müxalifətini içəridən qarışdırmaq olub. Əbülfəz Elçibəy Kələkidən dönəndən sonra onunla mənim münasibətlərimin gərgin vaxtları idi, bunlar da konkret Əli Kərimli və Etibar Məmmədovla bağlı olub. Bu məqamlar fraqmental idi, Əbülfəz Elçibəylə mənim aramda bu səviyyədə müzakirə və münaqişələrin, küsülülüyün olması yalandır. Bu, həddindən artıq çox təhrif edilib. Mən indi araşdıracam ki, niyə Əbülfəz Elçibəy Azərbaycan mediasında mənim haqqımda yalnız “Günaydın” qəzetində danışıb. İnsan insandır, ömrün müəyyən fraqmentində ata oğlundan, oğul atasından, qardaş qardaşdan deyinir də, danışır da, giley də edir, qəzəbli də olur. Ana övladına qəzəbli ifadələr də yağdırır. Bu baxımdan ola bilər ki, Əbülfəz Elçibəyin hansısa situasiyada mənə qarşı da qəzəbi olub və buna da böyük haqqı var. Əbülfəz Elçibəy bizim böyüyümüz, liderimiz olub və hər bir qınağa, irada haqqı olub. Lakin bu qədər müddət keçəndən sonra onun adından mənə qarşı kampaniyada istifadə etmək əxlaqsızlıq və tərbiyəsizlikdir. Mənim də əlimin altında Əbülfəz Elçibəy vəfat edən gün - 22 avqust 2000-ci ildə “Azadlıq” qəzetində dərc olunmuş, onu təhqir edən, aşağılayan bir yazı var. O yazı AXCP-nin rəhbərlərindən biri, Əli Kərimliyə ən yaxın adamlardan biri tərəfindən yazılıb. İndi əxlaqım yol vermir ki, həmin yazını təkrar çap edəm, çünki o yazıda Əbülfəz Elçibəy təhqir olunub. Onların özlərinin gücü çatmır, arqumentləri, deyəcək sözləri yoxdur, Əbülfəz Elçibəyi bir vasitə kimi hiss edirlər. Yalnız bir qəzetdən sitat gətirərək mənim haqqımda təəssürat yaratmağa çalışırlar ki, Əbülfəz Elçibəy də elə Rauf Arifoğluna nifrət edib. Halbuki o elə zamanlar idi ki, AXCP hakimiyyətlə iç-içə, ona yaxın idi, mən isə indiki hakimiyyətlə mübarizə aparan tək qəzetin rəhbəri idim. Ona görə də Əbülfəz Elçibəyin mənə münasibətinin bu qədər neqativ olması qeyri-mümkündür. Mən sonradan yazılarımı təhrif edib, arasına təhqirlər yerləşdirərək süni mənbə yaradan bir dəstənin izinə düşdüm. Onların ikisi hazırda həbsxanadadır. Araşdırma zamanı gördüm ki, mənim onsuz da sərt yazılarımın arasında saxta təhqirlər yerləşdirilib, Azərbaycanın keçmiş və indiki rəhbərliyi mənim adımdan təhqir olunub. Bu, yalan çıxdı və mən bununla bağlı Mətbuat Şurasına müraciət etdim. Mətbuat Şurasının araşdırması zamanı mənim yazılarımın hansı şəkildə təhrif edildiyi üzə çıxdı. Mən indikini də o kampaniyanın tərkib hissəsi sayıram. Hətta olmuş olsa belə, Əbülfəz Elçibəyin adından bu cür istifadə etməyi tərbiyəsizlik hesab edirəm.
- Yazılarınızın təhrif edilməsi nə zaman baş verib?
- Mən 2010-cu ildə, parlament seçkiləri zamanı təbliğat kampaniyası apararkən ayrı-ayrı qəzetlərdə guya mənim vaxtilə yazdığım yazılar dərc olundu. Mən həmin gündə çıxmış qəzetimizə baxdım, məlum oldu ki, o yazının bir hissəsi mənimdir, qalanı əlavə edilib. Bunu konkret Fərəməz Novruzoğlu həyata keçirmişdi və bir neçə qəzetdə də çap etdirmişdi, süni mənbə yaratmışdı. Daha sonra o qəzetlərdəki təhrif olunmuş, yarısı mənə, yarısı Fərəməz Novruzoğluna məxsus olan o yazıları AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu götürərək, sosial şəbəkələrdə paylamaqla məşğul idi.
- Bəs bu prosesin sonunu necə görürsünüz?
- Elə sonudu. Olduqca biabırçı vəziyyət yaranıb. Əli Kərimli AXCP sədri, Azərbaycan prezidentliyinə iddia edən bir şəxs kimi hesab edirəm ki, ifşa olunub. Bu mənəviyyatın, bu əxlaqın sahibi prezident olmaq istəyir. Mən Allaha şükür edirəm ki, mənimlə toqquşdu və ifşa olundu. İnsanlar arifdirlər, çoxları susar, lakin hesabını götürər. Bu, AXCP-nin Əli Kərimli qanadının, daha doğrusu, “Yurd” qrupunun mənəvi-siyasi iflasıdır. Onlar demokrat olmadıqlarını, despot, şantajçı, şantaj qrupu olduqlarını bütünlüklə sərgilədilər. Mən də bu məsələdə geri duran deyiləm. Hansı üslubla mənə münasibət göstərəcəklərsə, həmin üslubda da on qat cavablarını alacaqlar. Şəkil yayacaqlar, video yayacağam. Mənə dair bunların qarşı irəli sürdüyü kompromat sıfır dərəcəsindədir, lakin Əli Kərimli və ətrafının kompromatları hər yerdə partlaq verməkdədir. Bu baxımdan hesab edirəm ki, onlar özlərini yığışdırsalar və bəyan etsələr ki, birtərəfli moratorium qoyurlar, daha yaxşı, daha ağıllı hərəkət olar. Əks halda, onsuz da bitmiş vəziyyətlərini daha da ağırlaşdıracaqlar.
- Üzvü olduğunuz Müsavat Partiyası ilə AXCP arasında münasibətlər bəllidir. Ancaq bu, həm də “Azadlıq” qəzetinin sizə münasibətidir. İki qəzetin baş redaktorlarının görüşüb, müzakirə apararaq bu məsələni yoluna qoyması imkanları varmı, yoxsa bu imkanlar tükənibmi?
- “Azadlıq” qəzetinin baş redaktoru Əli Kərimlidir, başqa baş redaktoru yoxdur ki?! Qənimət Zahid də hazırda ailəsi ilə Fransadadır. Ümumiyyətlə, formal baş redaktorun kim olmasından asılı olmayaraq, Azərbaycan reallığında olan budur ki, Nəcəf Nəcəfovdan sonra “Azadlıq” qəzetinin baş redaktoru hər zaman Əli Kərimli olub.
- Bu proseslərdə Müsavat Partiyasının sizə dəstəyi hansı səviyyədədir?
- Mən Müsavat Partiyasından heç bir dəstək gözləmirəm. Ümumiyyətlə, prosesə, mübarizəyə girişəndə adətən, məndən şikayətçi olurlar. Qruplara, partiyalara mən dəstək verirəm. Ona görə nə dəstək gözləyir, nə də umuram. Doğru bildiyim işi görürəm. Hesab edirəm ki, bu mərhələdə də üzərimə gələn bu hücumu özüm dəf etməliyəm və bunun üçün də hər cür imkanlar var