TƏHSIL NAZIRININ MILYONLUQ MAXINASIYASI - KOMPÜTER "OYUNLARI" BELƏ İFŞA OLUNDU - ARAŞDIRMA
Bu gün təhsildə korrupsiya faktlarının hələ də sürən “hökmranlığı” Azərbaycan cəmiyyətinin ən yaralı yeri sayıla bilər. Gələcək nəsillərin yetişdirilməsində, zamanın tələbləri ilə ayaqlaşma və müasir texnologiyalardan istifadə amili də bizim təhsil sistemindəki çatışmazlıqlardan sayıla bilər.
Düzdür, minlərlə məktəb kompüterlə təmin olunub, lakin hələ də bu istiqamətdə müxtəlif şikayətlər alırıq. Məsələn, bölgə məktəblərində ümumiyyətlə kompüterin olmaması barədə şikayətlər tez-tez mətbuatda işıqlandırılır. Həmçinin keyfiyyətsiz və əslində ucuz olan kompüterlərin məktəblərə “sırıdılması” barədə də iddialar az deyil. Adətən, belə olur. Müxtəlif nazirliklərin, ya da idarələrin rəhbər şəxsləri özlərinə yaxın şirkətləri “tender qalibi” edir, əslində ucuz olan məhsulları baha qiymətə dövlətə satmaqla, böyük vəsait əldə edirlər. Bu isə “otkat əməliyyatı” adlanır.
Məktəblərin kompüterləşdirilməsi işlərinə sabiq nazir Misir Məmmədovun vaxtında Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (TSİİ) rəisi Samir Məmmədov cavabdeh olub. Mikayıl Cabbarov nazir olduqdan sonra, S.Məmmədovu Təhsil Nazirliyinin Resurs Mərkəzinin direktoru təyin edib. Beləliklə, milyonlarla vəsait işbazlar və məmurlar arasında bölüşdürülür. 10 iyun 2015-ci ildə Qafqaznews.az-da “Məktəblərin kompüterləşməsini “biznesə” çevirənlər” başlıqlı məqalə dərc olunub. Ondan sonra isə (iyunun 12-də) dərc etdiyimiz “Cəmiyyət “Mədəd -Azərbaycan”ın fəaliyyətinin araşdırılmasını tələb edir?” başlıqlı yazıda bu barədə qeyd olunmuşdu. Məqalə keçmiş nazir Misir Mərdanovun vaxtında 4 mindən artıq orta məktəbin kompüterləşməsinin düzgün əsaslarla aparılmadığından bəhs edir: “ Məktəblərin kompüterləşməsi məsələsində xeyli maxinasiyalar olub. Belə ki, kompüterlər ucuz qiymətə alınsa da baha qiymətə sənədləşdirilib. Və ortada milyonlar mənimsənilib.
Bu “əməliyyat”da “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyi və digərləri fəal iştirak edib. “Mədəd”in kimə məxsus olması ilə bağlı xırda araşdırma zamanı məlum oldu ki, keçmiş nazir Misir Mərdanovun vaxtında orta məktəblərin kompüterləşdirilməsində məhz “Mədəd”in sədri Emil Məmmədov nazirin “sağ əli” olub”. Görəsən, ictimai təşkilat orta məktəbləri necə kompüterləşdirib..? Suala cavab tapmaq üçün “Mədəd” təşkilatı ilə bağlı məlumat toplamaq qərarına gəldik. Məlum oldu ki, “Mədəd” İctimai Birliyi həqiqətən də Təhsil Nazirliyi ilə aktiv əməkdaşlıq edir. Amma orta məktəblərin kompüterləşməsində deyil, informasiyalaşdırılmasında iştirak edir. Məktəblərin informasiyalaşdırılması “Mədəd-Azərbaycan” MMC tərəfindən həyata keçirilib.
XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev qafqaznews-a bildirib ki, “Mədəd-Azərbaycan” MMC 1999-cu ildə təsis olunub: “1999-cu ildə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında “Inkişaf üçün kredit haqqında saziş” imzalanıb. Təhsil Sektorunun Inkişafı üzrə Ikinci Layihə 2003-cü ildən başlayaraq həyata keçirilir. Layihənin ümumi büdcəsi 45.4 milyon dollar təşkil edir.
Bu məbləğin 25 milyonu Beynəlxalq Inkişaf Assosiasiyasının (Dünya Bankı) güzəştli krediti, 20.4 milyonu isə Azərbaycan hökumətinin payına düşür. Kurikulum islahatı, kurikulumun tətbiqinə dəstək, yeni tədris materiallarının hazırlanması və kitabxanalarının müasirləşdirilməsi layihənin alt komponentlərindəndir. Diqqət edin, “Mədəd” təşkilatı islahat proqramının qəbul olunduğu ildə, 1999-cu ildə təsis edilib. Ölkə başçısının sərəncamı ilə 2005-2007-ci illər üçün “Orta məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı” proqramı təsdiq olunub. Bu proqramı həyata keçirmək üçün 30 milyon manat pul ayrılıb.
Təhsil Nazirliyi dövlət proqramını həyata keçirmək üçün “Mədəd-Azərbaycan”ı seçib. Ümumilikdə 10 lotun qalibi olan “Mədəd Azərbaycan” təşkilatı 5 iqtisadi zona üzrə “Riyaziyyat”, “Informatika”, “Azərbaycan Tarixi” və “Həyat Bilgisi” fənlərini tədris edən müəllimlər üçün təlimləri icra edib. Heç kimin tanımadığı və ilk dəfə belə tenderdə iştirak edən bir qurum birdən-birə necə 10 lot qazana bilər? ”
Etibar Əliyevin fikrincə, “Mədəd-Azərbaycan” indiki nazirin vaxtında da öz maxinasiyalarını davam etdirir: “ Biz düşünürdük ki, təzə nazir “Mədəd-Azərbaycan”ın maxinasiyaları ilə bağlı Baş prokurorluğa müraciət edəcək. Amma bu baş vermədi”.
Ekspert nazir Mikayıl Cabbarovdan soruşur ki, “Mədəd-Azərbaycan”ın fəaliyyəti ilə bağlı monitorinq keçirilibmi? Məktəblərdə monitorinq barədə söz açan Etibar Əliyev qeyd edib ki, o vaxt “Kür” şirkətinin məhsulu olan kompüterlər 30 nəfərə 1 kompüter olmaqla məktəbələrə paylanılıb, lakin bu kompüterlərdən istifadə və tətbiq məsələsində vəziyyət yaxşı deyil. Yeri gəlmişkən, həqiqətən də “Mədəd-Azərbaycan” 1999-cu ildə təsis olunub. “Mədəd-Azərbaycan” 12 illik təcrübəsi ilə təhsil, İKT, iqtisadiyyat, səhiyyə sektoruna töhfə verib. Həmçinin, “Mədəd Kredit” təşkilatı da var ki, əhaliyə kreditlər verməklə məşğuldur(madad.net). “Mədəd – Azərbaycan” şirkəti ilə bərabər “Mədəd” adlı ictimai birlik də fəaliyyət göstərir. Bu birliyin sədri Emil Məmmədovdur. Bu qurum da Təhsil Nazirliyi ilə fəal əməkdaşlıq edir. (edu.gov.az).
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə ötən il bizə bildirmişdi ki: “ Azərbaycanda eyni zamanda “Mədəd” QHT və “Mədəd – Azərbaycan” şirkəti fəaliyyət göstərir.
Onların rəhbərləri fərqli şəxslərdir”. Ancaq “Mədəd – Azərbaycan” şirkətinin əməkdaşı bizə bildirdi ki, “Mədəd” QHT-nin başçısı eyni zamanda “Mədəd – Azərbaycan” şirkətinin təsisçisi və rəhbəridir. Biz “Mədəd- Azərbaycan”ın fəaliyyətinə monitorinqin olub-olmadığını aydınlaşdırmaq qərarına gəldik. Həm də necə olur ki, nazirliyin tenderini udan şirkərin və nazirliklə əməkdaşlıq edən QHT-nin rəhbəri eyni şəxs olur? Bu sualları Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova ünvanlasaq da, o bizim suallara cavab vermədi.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Azərbaycanda bir çox biznesmenlər eyni zamanda QHT rəhbərləridir: “Bu biznesmenlər öz əlaqələrindən istifadə edərək hökumətin və beynəlxalq təşkilatların ayırdığı qrantlardan qazanmaq istəyirlər”.
Bizimyol.info məlumat verir ki, 14 may 2013-cü ildə “British Counci” təşkilatı “Mədəd” ictimai birliyinə 30046 manat qrant verib. Amma “Mədəd” İB xərclənən pulların hesabatını təqdim etməyib. Təhsil Nazirliyinə də müraciət etdik, təəssüf ki, suallarımızı cavablandıran olmadı. Lakin bu günlərdə adının hallandırılmasını istəməyən mənbə bildirdi ki, həqiqətən də bu işlərdə mənimsəmə olmamış deyil.
“Burada böyük maraqlar var. Belə ki, 4 mindən çox məktəbdə qiyməti heç də baha olmayan kompüterlər 2 dəfə artıq qiymətə rəsmiləşdirilib, həmçinin, bu kompüterlərdə proqram təminatları yaxşı səviyyədə deyil. “ Kompüter və avadanlıqların çoxu işlənmiş və brak məhsullardır ki, ya xaricdən, ya da yerli internet-klublardan ucuza alınır, səthi təmirdən sonra məktəblərə göndərilir”, – deyə mənbə vurğulayıb.
Onun sözlərinə görə, bu “sövdələşmə” çərçivəsində dövlətin milyonlarla manat həcmində vəsaiti bu şəxslərin arasında bölüşdürülüb: “Dövlətin pulu ilə özlərinə biznes qurub, ofislər alıblar, xaricə istirahətə gedirlər. Samir müəllim isə bəzi şəxslərlə yaxşı münasibət qurub və bu münasibətlər vasitəsi ilə öz əməllərini ört-bastır edir. Son 2-3 il ərzində 10 milyon manatdan çox vəsait keyfiyyətsiz və ucuz kompüterlərin baha qiymətə rəsmiləşdirilməsi yolu ilə “silinərək” bölüşdürülüb. Prokurorluq araşdırsa, çox faktlar üzə çıxar ”.
Mənbə qeyd edir ki, “Mədəd Azərbaycan”a nazirlikdə “krışa”lıq edən Samir Məmmədov sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun çox yaxın adamı olub. “Maraqlıdır ki, bu adam son proseslərdən necə kənarda qalıb”, – deyə mənbə vurğulayıb. Məsələ ilə bağlı İKT mütəxəssisi, “Sahil Host” şirkətinin rəhbəri Vahid Qasımovun fikrini öyrənməyə çalışdıq. “Mən bu adı keçən şəxslər barədə heç nə deyə bilmərəm. Monitorinq də etməmişəm, amma məlumatlı olduğum qədər, köhnə kompüterlər verilmir, lakin o qədər yaxşı kompüterlər olmur və baha qiymətə olur. Dövlət sifarişi olan yerdə çox vaxt “otkat” da olur. Rəsmi sənəd tələb olunan məhsullarda ƏDV də qeyd olunduğuna görə, bu kompyuterlər həmişə biz aldığımızdan baha olur. Liseynziyasız proqram təminatına gəldikdə isə, bir çox dövlət qurumları, nazirliklər lisensiyasız proqramlardan istifadə edirlər. Kompüterlərin keyfiyyəti bir yana, onlardan istifadə imkanları da yaxşı sayılmaz. ADPU-da İnformatika müəllimliyi ixtisası 2009-cu ildə açılıb.
Bu sahədə ixtisaslı müəllimlərimiz də azdır”, – deyə ekspert vurğulayıb. O qeyd edib ki, “Mədəd Azərbaycan” şirkəti və ya nazirliyin müvafiq qurumları ilə hər hansı əməkdaşlığı, münasibəti olmayıb. “Amma aydın görünür ki, şəffaf tender keçirilsəydi, rəsmi distribyutor olan bir neçə şirkət də qatılardı və bu işi daha yaxşı görə bilərdilər. Amma İKT bazarında heç kimin tanımadığı bir şirkətin tenderi qazanması bəzi suallar doğurur. Çox güman ki, burda bəzi maraqlar var”, – deyə Vahid Qasımov əlavə edib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.