Putinin unudulan hədəsi və Bakının qəlizləşən seçimi – TƏLƏB-ŞƏRTLƏR AGIRLAŞIR

Putinin unudulan hədəsi və Bakının qəlizləşən seçimi – tələb-şərtlər ağırlaşır

Rusiya prezidenti o vaxt demişdi ki...; Ankaradakı terror olayları Vaşinqton üzərinə də şübhə toxumları səpib; Türkiyə ABŞ-ı nədən Rusiya ilə gizli işbirliyində suçlayır, Amerika ilə müttəfiqlik təhlükədəmi?; dəyişən dönəmin Azərbaycana da birbaşa dəxli var, çünki... ( manset) 

 

Türkiyədəki son qanlı terror olayları bir çox mübhəmləri və ilginc mətləbləri ortaya çıxardı və çıxarmaqdadır. Ən önəmlisi, bu olaylar bölgədə Ankaranın istər gerçək, istərsə də virtual (yalançı) müttəfiqləri və düşmənlərinin səfinə güclü bir işıq saldı. Dost və rəqiblərdən kimsə yeni test-sınaqdan uğurla çıxdı, kim isə - yox. Kimi də “iki stulda oturmağa” çalışır - Ankaranın strateji müttəfiqi sayılan ABŞ kimi.
 
Məsələ də ondadır ki, bir yandan Ağ Ev terroru şiddətlə qınayaraq, Ankaranın yanında olduğunu bəyan elədisə, “Türkiyənin terror təhlükəsi ilə üz-üzə qalan ölkə kimi öz xalqını hücumlardan qorumaq üçün bütün mümkün imkanlardan istifadə etmək hüququ var” söylədisə, digər yandan da Türkiyədən Suriya ərazisindəki terrorçu kürd qruplaşmalarının düşərgələrinə zərbələri dayandırmaq xahişində bulundu və bulunmaqdadır. 
Təbii ki, belə yanaşma Türkiyə üçün qaneedici deyil. Ankara haqlı şəkildə PKK-nın Suriyadakı qolunun - son terror aktının icraçısının üzv olduğu PYD/YPG-nin də terror təşkilatı kimi tanınmasını tələb edir. Görəsən, əlavə hansı dəlil-sübut lazımdır ki, regionda Türkiyəni özünün vazkeçilməz müttəfiqi və dostu sayan bir dövlət bu qərarı versin? 
Amerikanın sərgilədiyi belə ikibaşlı mövqe qardaş ölkəni tam haqqına məmnun eləmir. O üzdən də prezident Rəcəb Tayyib Ərdoğan PKK məsələsində ABŞ-ın konkret mövqe ortaya qoymasını, əks təqdirdə, Türkiyə kimi bir müttəfiqi itirəcəyinin anonsunu verməli oldu. Paralel surətdə ABŞ təyyarələrinin İncirlik hərbi bazasından çıxarılacağı barədə Türkiyədən xəbərdarlıq mesajı gəldi, Ərdoğanın baş müşaviri Şərəf Malkoç bunu bilavasitə PYD/YPG-ni terror təşkilatı kimi tanımaması ilə əlaqələndirdi.
Ankaranın onun dilindən çıxan ismarışı isə belə idi: “İslam coğrafiyasını və Osmanlını parçalamağı qarşısına məqsəd qoyan Birinci Dünya Müharibəsi əslində hələ də davam edir. Bu işin içində Rusiya da, İran da var, təəssüf ki, dost bildiyimiz dövlətlər də. Bizə dost olması lazım olanlar düşmənçilik edirsə, onun tədbirini də görürük. Təkcə Amerikaya qarşı deyil, Türkiyə əleyhinə fəaliyyət göstərən istənilən dövlət haqqında tədbirimizi görürük. Təkcə İncirlik deyil, Türkiyənin təzyiq rıçaqları çoxdur. ABŞ Suriyada Türkiyə əleyhinə Rusiya ilə birgə hərəkət edir. Bunun izahı varmı?”.
***
Beləcə, ABŞ bölgədə Rusiya ilə birgə Türkiyə əleyhinə ssenarilərdə iştirakda ittiham olunur - Türkiyənin özü tərəfindən. Suriya böhranı başlayandan rəsmi Ankara Ağ Evə qarşı hələ bu cür ağır ittiham irəli sürməmişdi. Bu ittihamın ardınca ABŞ prezidenti Barak Obama ilə Rəcəb Tayyib Ərdoğan arasında olan 1 saat 20 dəqiqəlik telefon danışığı da deyəsən vəziyyətə aydınlıq gətirməyib. Hər halda, görüşlə bağlı gələn informasiyalara görə, Obama PYD/YPG-nin terrorçu kimi tanınacağı vədini verməyib.  
Doğrudur, həftəsonu Rusiyanın Türkiyə əleyhinə hazırladığı qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi ABŞ da veto qoyub və Türkiyə ilə müttəfiqliyə sadiqlik göstərməyə çalışıb. Amma əsas sual açıq qalır: Vaşinqton PYD/YPG-ni terror hörgütü olaraq tanıyacaqmı? 
 
İstisna deyil ki, bu sual, eləcə də ABŞ-ın Rusiya ilə Türkiyə əleyhinə işləməsinə dair ittihamın cavabsız qalması hələ bir müddət də Ankara-Vaşinqton müttəfiqliyini təhdid altında saxlayacaq, iki ölkə münasibətlərinə sərinlik gətirəcək, şübhə toxumları səpəcək. Zira, “Örtülü bazar dostluğu pozar”.
***
Ankaradakı son terror olayında Rusiya “izi” isə artıq təsdiqlənmiş sayılır. Analitiklər bunu indi həm də Ərdoğanın Bakı səfərinin təxirə salınması fonunda, arqumentli şəkildə izah edirlər. Misal üçün, politoloq Qabil Hüseynli müsavat.com-a deyib: “Ərdoğanın Bakıya səfərinin kökündə nələrin durduğunu Rusiyadan yaxşı bilən olmazdı. Moskvaya yaxşı bəlli idi ki, o, Bakını Müsəlman İttifaqına qoşmağa cəhd edəcək.
 
Üstəlik, Davudoğlu da Brüsselə gedəcəkdi. Miqrasiya məsələləri müzakirə olunacaqdı. Miqrant məsələlərinin əsl səbəbkarının Rusiya olduğu isə birmənalı şəkildə Qərb dövlətləri tərəfindən vurğulanır. Brüsseldə Rusiyanın ciddi şəkildə tənqid ediləcəyi, ondan Suriyada hava hücumlarının dayandırılmasının tələb ediləcəyi gözlənilirdi. Burada da ən çox arqumentlərlə çıxış edəcək, Rusiyanı faktlarla ifşa edəcək şəxs Türkiyənin baş naziri idi. Ərdoğanın Bakı, Davudoğlunun Brüssel səfərinə yalnız Rusiya mane ola bilərdi. Yüksək peşəkarlıqla hazırlanan bu əməliyyat Rusiya, istərsə də ABŞ kimi iri dövlətlər tərəfindən təşkil oluna bilərdi”. 
Yəni Rusiya ilə bahəm, ABŞ üzərinə də yenə kölgə salınır. Maraqlıdır, deyilmi? 
Bu yerdə “Su-24" insidentindən sonra Rusiya prezidenti Vladimir Putinin ötən ilin dekabrında Federasiya Şurasına etdiyi illik müraciəti zamanı Türkiyənin ünvanına söylədiyi hədələr yada düşür. Putin belə bir ifadə də işlətmişdi ki, ”biz Türkiyəni gözləmədiyi yerlərindən, qəfil vuracağıq, onlar hələ çox peşman olacaqlar". 
Sən demə, PKK-yönlü HDP lideri Səlahəddin Dəmirdaşın Moskva səfəri qardaş ölkəyə qarşı məkrli fəaliyyətin yalnız başlanğıcı imiş... 
***
Moskvanın terrorizmin sponsoru olmasına dəlalət edən daha bir diqqətçəkici detal: Rusiyanın Türkiyə əleyhinə hazırladığı qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən olan ABŞ və Böyük Britaniya ilə yanaşı, Ankaranın ənənəvi rəqibi, Rusiyanın isə ənənəvi gizli müttəfiqi və Ermənistanın açıq dostu Fransa da veto qoyub. 
Bu, Kremlin son terror aktlarında, ümumən bölgədəki destruktiv rolunun təsdiqinə əlavə dəlil sayıla bilər. Hər halda, Fransa Türkiyə kimi terrordan ən çox əziyyət çəkən 2-3 ölkədən biridir. Ümumiyyətlə, axır vaxtlar rəsmi Paris Kremlin Suriyadakı əməliyyatlarını qınayan mövqe sərgiləyir, bombardmanları dayandırmağa çağırır ki, bu da əvvəlki mövqe ilə ziddiyyət təşkil edir. 
Yeri gəlmişkən, Fransa prezidenti Fransua Olland Suriyadakı situasiya üzündən Türkiyə və Rusiya arasında müharibəni mümkün saydığını söyləyib. “Bunu önləməkdən ötrü hər şeyi eləmək lazımdır” - bildirib Fransa lideri... 
Situasiya isə həqiqətən də partlayış həddindədir. Deyəsən Rusiya da onun fərqindədir və nəhayət, təlaş keçirməyə başlayıb. Məlumatlara görə, Moskva həmçinin Türkiyə və İsrail arasındakı qəfil razılaşmadan narahat olub. İsrail radiosunun məlumatına görə, belə bir narahatlığı Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail diplomatı Dore Qold ilə görüşündə deyib. Qeyd edək ki, son günlər Türkiyə və İsrail arasında bütün məsələlərdə razılıq əldə edilməsi haqqında məlumatlar yayılıb.
***
Sonda bir daha vurğulamaq zərurəti var ki, Ərdoğanın Bakı səfəri və bu səfər çərçivəsində onun Bakıya edəcəyi təkliflər Türkiyəyə son terror hücumunda mühüm motiv rolu oynayıb. İndi aydın olur ki, Putinin o vaxtkı hədələri həm də həmin təkliflərin ediləcəyi Azərbaycana ünvanlı imiş. Özü də birbaşa. Demək, rəsmi Bakı üçün seçim problemi indi daha da mürəkkəbləşmiş sayıla bilər.
Analitik xidmət






Fikirlər