Komitə sədri PENSİYALARLA BAĞLI məsələ qaldırdı: “NƏ QƏDƏR DAŞ DAŞIMALIDIR ki, 65 yaşına çatsın”
“Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda əsasən kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur. Bu da işləyənlərn 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”. AzerTaym.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin iclasında deyib. O, bu sahədə olan çatışmazlıqlara toxunub. “Əgər kimsə 50 yaşı varsa, o, pensiyaya çıxmaq istəyirsə, onların pensiya təminatı 65 yaşından başlayırsa, 63 yaşlı insan nə qədər daş daşımalı asfalt tökməlidir ki, gəlib 65 yaşına çatsın. Bu baxımdan onlar başqa yollarla əlillik alıb pensiyaya çıxmalı olurlar”. Deputat qeyd edib ki, bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır: “Azərbaycanda tikinti sektorunda çalışanların hansı pensiya yaşında çıxmağı müəyyənləşməlidir. Müəllimlər, alimlərlə birgə tikintidə işləyənlərə eyni peniya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüuquqlarını qorumalıyıq”. S.Novruzov bildirib ki, ünvanlı sosial yardımların əvəzində müəyyən biznes yerləri açıla bilər, bu da yeni iş yerləri hesab olunur. “Bunun üçün maliyyə ayrılmalıdır. Biz onları ələbaxımlılıq sistemindən uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazamalıdırlar. Əks halda ələbaxımlılıqla bunun effektivliyi olmayacaq”.