Politoloq: “...Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri öz mövqeyini ortaya qoymalıdır”
Bir həftədir ki, Şeyx Allahşükür Paşazadə Suriyanın baş müftisi şeyx Bədrəddin Hassunun Dağlıq Qarabağla bağlı Rusiya KİV-lərinə verdiyi açıqlamaya münasibət bildirmir. Şeyxin məzuniyyətə çıxdığı və xarici ölkədə olduğu söylənilsə də, onun nə zaman qayıdacağı və hara getdiyi açıqlanmır.
Əldə etdiyimiz məlumata görə, Şeyx hazırda Almaniyadadır və o, belindəki problemlə bağlı müalicə olunur. Şeyxin 20 Yanvar faciəsinin ildönümünə qədər Bakıya dönəcəyi bildirilir.
Mövzuya qayıdaraq qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Suriyanın baş müftisi ilə bağlı yalnız bir bəyanat yayıb. Həmin bəyanatda bildirilib ki, Suriya müftisi adından əsasən erməni saytlarının yaydığı məlumatın mənbəyi məlum deyil: “Təxribat səciyyəli olması istisna edilməyən, səhihliyi şübhə doğuran informasiyanı dəqiqləşdirmək məqsədilə şeyxülislam adından müftinin ünvanına yazılı müraciət göndərilib”.
Lakin görünür, Şeyx məsələni dəqiqləşdirənə qədər artıq rus pravoslav xristianlarının Bakı və Azərbaycan Yeparxiasının Arxiyepiskopu Aleksandr işin axırına çıxıb. Belə ki, APA-nın yaydığı məlumatda qeyd olunur ki, Arxiyepiskop məsələ ilə bağlı aşağıdakıları söyləyib: “Suriya müftisinin Dağlıq Qarabağla bağlı bəyanatı onun özünə siyasi xallar, imic və lazımi vəziyyət qazanmaqdan başqa məqsəd daşımır. Dağlıq Qarabağ münaqişəsi dini və yaxud milli zəmində yaranan münaqişə deyil. Bu, siyasi münaqişədir və siyasi qruplar öz maraqlarına uyğun ondan istifadə edir. Buna görə də münaqişə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır, siyasi ambisiyalar əsasında yox”.
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, ümumiyyətlə, Şeyxin bir çox məsələlərə də münasibət bildirməsinə ehtiyac var:
“Məsələn, İran prezidenti işğalçı dövlətə səfər edir, lakin şeyx buna da münasibət bildirmir. Doğrudur, biz buna rəsmi səviyyədə mövqe bildirmirik. Ancaq tutaq ki, iranlı mollalar hər zaman Azərbaycanın daxili işlərinə qarışırlar. Cümə xütbələrində Azərbaycan əleyhinə fikir bildirirlər və İsraillə əməkdaşlığımıza qarışırlar. Lakin biz bir dəfə eşitmədik ki, Şeyx bu cür iranlı dini liderlərin hər hansı bir şəkildə cavabını versin.
Yumşaq şəkildə olsa da görmədik ki, o, hər hansı bir münasibətini bildirsin ki, Azərbaycanın daxili işlərinə qarışmayın. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinə bağlı olan hansısa axund da cümə xütbələrində söyləmir ki, nə üçün Azərbaycanı qardaş adlandıran dövlətin başçısı Azərbaycan torpaqlarını, məscidlərini dağıdan ölkəyə səfər edir, qətliamları törədən şəxsin əlini sıxır.
Konkret olaraq Suriya müftisinin açıqlamasına gəlincə, burada hardasa Şeyxlə razılaşmaq olar. Çünki hazırda informasiya məkanında dezinformasiyalar çoxdur. Ancaq əgər deyibsə ki, bunu dəqiqləşdirmək lazımdır, bəs bu proses neçə gün çəkməlidir?
Müftinin açıqlaması bir həftə bundan öncə yayılıb və artıq bu məsələ dəqiqləşdirilməli idi ki, o, həqiqətən belə bir açıqlama verib, ya yox. Bəzən Rusiya və erməni mənbələri Azərbaycanı hansısa dövlətlə qarşı-qarşıya qoymaq üçün qəsdən dezinformasiya yayırlar. Lakin bir həftə, məncə, kifayət edərdi ki, müftinin nə deməsi aydınlaşdırılsın. Əgər həqiqətən müfti belə bir açıqlama veribsə, o zaman Qafqaz Müsəlmanları İdarəsi, eyni zamanda bu təşkilatın rəhbəri öz mövqeyini ortaya qoymalıdır. Qoymayıbsa, bu, azərbaycanlı din xadimlərinin geri çəkilməsi anlamına gərir. Bu, çox təəssüf doğurur”.
AzerTaym.az