14.07.2014- Prezidenti tıxaca salan general sürücüsü DİN-dən qovuldu — Təfərrüat
Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycandakı səfirliyində keçmiş prezident Eduard Şevardnadzenin vəfatı ilə bağlı anım mərasiminə gedən zaman Prezident tıxacda qalıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, həmişə olduğu kimi, bu dəfə də Prezidentin avtomobil kortejini Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov müşaiyət edirmiş. Yəni, 10 AA 103 dövlət nömrə nişanlı polis maşını kortejin önündə hərəkətdə imiş. Lakin bu dəfə elə həmin avtomobilin səhvi ucbatından Prezidentin avtomobil karvanı «Gənclik» metrostansiyası yaxınlığında, daha doğrusu Teymur Əliyev küçəsində yerləşən Gürcüstan səfirliyinə gedən yolda tıxaca düşüb. Gözlənilməz hadisə çaşqınlığa səbəb olsa da, Prezidentin müşafizə xidməti vəziyyətdən çıxa bilib və hərəkət davam etdirilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, Prezidentin avtomobil karvanının qəflətən tıxaca düşməsi ətrafdakı insanların da marağına səbəb olub. Sonradan məlum olub ki, buna səbəb general Həsən Şirinovun sürücüsünün yolu səhv getməsi olub. Belə ki, sürücü əvvəlcədən təyin olunmuş yerdən yox, başqa küçədən dönüb, yol polisi isə həmin küçədə təhlükəsizlik tədbiri görməyibmiş. Mühafizə xidmətinin çevikliyi nəticəsində kortej qısa müddətdə tıxacdan çıxıb və heç bir problem olmadan hərəkəti davam etdirib. Həsən Şirinovun da olduğu polis avtomobili isə dərhal marşrutdan çıxarılıb. Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı sürücünün səhvi üzə çıxıb və o, polis orqanlarından uzaqlaşdırılıb.
Məlumatlı mənbəənin verdiyi xəbərə görə, Həsən Şirinovun özünün də vəzifəsindən azad olunması gündəmdədir.
Avtosfer.az saytı məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov bildirib ki, o, səhhəti ilə əlaqədar olaraq hospitalda müalicə olunur və bu barədə heç bir məlumatı yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib ki, məsələ ilə bağlı məlumatsızdır.