“Yaltaqlıq xalqımızın adətində pislənilən cəhətdir” – DEPUTAT

100fcbc6-fbcf-4682-81dc-dd9f4f92ed84

İnsanlar yaşlaşdıqca, cəmiyyətə baxıb fikirəşir ki, əgər yaltaqlıq kütləvi haldırsa, onda ayrı-ayrı fədləri qınamaq çətinləşir”

Azərbaycan cəmiyyətini narahat edən problemlərdən biri, bəlkə də ən vacibi yaltaqlıq meyillərinin artmasıdır. Bəziləri məhz yaltaqlıq sayəsində savad və qabiliyyətilərinin imkan vermədiyi postlara yiyələnir, hansısa imtiyazlara sahiblənir, kapital yığır…
Maraqlıdır, yaltaqlığı qadağan edən və yaxud da qarşısına hansısa sədlər çəkə biləcək qanun layihəsi hazırlana bilərmi?
Milli Məclisin hüquqşünas deputatı Tahir Kərimli Modern.az-a bildirib ki, hüququn ən mühüm mənbələrindən biri adətdir ki, buna adət hüququ deyirlər.
“Yəni adətlərimizi hüquqi normaya çevirirlər, dövlət iradəsi olur. Belə hallarımız var, məsələn, qızqaçırma hüquqi baxımdan cinayət sayılsa da, bizdə bu adət kimi qəbul olunur. Bu nöqtei-nəzərdən yanaşanda yaltaqlıq mənəvi məsələdir. Ancaq bu, bizim və başqa xalqların adətində pislənilən bir cəhətdir. Bunun sanksiyalaşdırılması məsələsi, qanuni vəziyyətə gətirilməsi mənim zənnimcə hələ ki hüquqi vəziyyət ala bilmir. Hansısa insan deyir ki, mən yaltaqlanıram, kimin hüququnu pozuram?.. Yəni o adətlər, o məsələlər hüquqa gətirilir ki, orada başqalarının hüququ pozulur”.

Millət vəkilinin sözlərinə görə, yaltaqlıq düzgünlüyün əhəmiyyətini aşağı salır.
“Yaltaqlıq insanların şəxsi keyfiyyətidir, bəzən sosial bəlaya çevirilir. Mən Ali Məhkəməyə vəzifəyə gedən zaman, bir nəfər açıqca yaltaqlandı. Mən o adamı yaltaqlandığına görə vəzifədən azad etdim ki, başqalarına nümunə olsun, bilsinlər ki, yaltaqlanmaqla irəli getmək olmaz. Bir ildən sonra mən özüm vəzifədən ayrıldım, hər dəfə mən o adamı küçədə görəndə onu işdən azad etdiyimə görə xəcalət çəkirdim. Bu məsələyə görə xəcalət çəkməyimin səbəbi cəmiyyətdəki bir çox insanların onun kimi olması idi. Ona görə də mən belə düşünürəm ki, yaltaqlığı həm də sosial bəla kimi qiymətləndirmək lazımdır. Elə bir ictimai münasibətlər olmalıdır ki, yaltaqlıq öz yerini tapa bilməsin, ona ehtiyac duyulmasın, insanlar yaltaqlıq vasitəsi ilə rifahını yaxşılaşdıra, vəzifəyə gedə, qiymətləndirilə bilməsinlər.
İnsanlar yaşlaşdıqca, cəmiyyətə baxıb fikirəşir ki, əgər yaltaqlıq kütləvi haldırsa, onda ayrı-ayrı fədləri qınamaq çətinləşir. Azərbaycanda bu xəstəlik yüksək dərəcədə yayılıb, bundan azad olmaq çox çətin məsələdir. İnsanlar bəzən özlərinin qabiliyyətsizliyini, peşə qabiliyyətinin olmamasını, savadsızlıqlarını yaltaqlıqla ört-basdır edir və yaxud öz bacaqlarıqları ilə əldə edə bilmədiklərini yaltaqlıqla qazanmağa çalışırlar. Belə hallara çox rast gəlinir. Bunun aradan qaldırılması üçün sosial mühit sağlamlaşdırılmalıdır”.

 






Fikirlər