Əvəz Zeynallı Frankfurtdan yazdı – “Yaltaqlığın” ingiliscə tərcüməsi…

evez zeynalli frankfurt 

Əvəz Zeynallı

Frankfurtun narahat düşüncələri…

Hə, tam da Frankfurtda, 11-ci mərtəbədən bu möhtəşəm alman şəhərini seyr edərkən yadıma bu günlərdə baş verən və şahidi olduğum bir hadisə düşdü. Biz bədbəxtik ya… Bizim gözlərimiz bu ölkəni olduğumuz hər yerlə müqayisə etməkdən və hər zaman ölkəmizi irəli çıxarmaqdan, ya da elə görməkdən ibarət deyilmi? Bütün ömrümüz elə keçmədimi? Təəssüf ki…

Hə, ən kiçik dəyərləndirmə ilə həm tranzit olaraq keçdiyim İstanbuldan, həm də almanların ən inkişaf etmiş şəhərlərindən olan Frankfurtdan irəlidədir, Hacıbala Abutalıbov demiş, Bakımız. Sadə bir müqayisə – nə İstanbulda, nə də Frankfurtda internet yoxdur. Var, amma ona ulaşılması inanılmaz dərəcədə zor. Hər şey pulludur, ya da ulaşılması çox çətindir. İstanbulda, Atatürk hava limanında 1 saatdan çox məşğul oldum, amma vatsapa girə bilmədim. Divarlarda yazılan elanları 10 dəfə təkrar-təkrar yerinə yetirdim, sonda məlum oldu ki, türk vətəndaşı olmayanlar internetdən istifadə edə bilməz. Gülməli, həm də ağlamalıdır. Amma mən elə başa düşürdüm ki, həm İstanbulda, həm də Frankfurtda internet əlindən tərpənə bilməyəcəm. Görünür, hələ də insanlığın problemləri qalır. Amma Bakıda parkın ortasında Roma ilə rahat-rahat danışa bilməyəndə, Barselonadakı dostumuzun səsindəki kəsintini hiss edəndə, Parislə təmasımız rahat olmayanda, naz edirik. Naz bizim genimizdədi ya…
And olsun, Ulu Şivrinin ruhuna ki, bizim, ya da türkiyəli qardaşlarımızın, lap elə alman dostlarımızın ona gücü və imkanları yetər ki, bütün ölkələrimiz pulsuz vay-fay şəbəkələri ilə tam əhatə olunsun. Bunu etmək mümkündür axı… Ola bilər… Cənubi Koreya qədər yoxuqmu ki, adamlar bütün ölkələrini pulsuz internet şəbəkəsi ilə hörüblər… Allahın koreliləri – yaxşı mənada…

“Yaltaqlığın” ingiliscə tərcüməsi…

frankfurt

Hə, Frankfurtda – almanların bu ən qədim şəhərlərindən birində bu qayğılar arasında yadıma bu günlərdə bir rəsmi görüşdə başımıza gələnlər düşdü. Bir önəmli heyətlə Azərbaycanda fəaliyyət göstərən ölkələrin səfirlərindən biri ilə görüşürdük. İçimizdən olan gözəl xanımlarımızdan biri də görüşdə tərcüməçilik missiyasını öz üzərinə götürmüşdü. Hərəmiz qrafikimizə uyğun olaraq 3-5 dəqiqə aralıqlarla çıxışlarımızı edirdik. Ölkədəki vəziyyət, yaranmış durumla bağlı təkliflərimiz, siyasi məhbuslar derkən, həmkarlarımızdan biri həbsdə olan Əbdül Əbilovdan danışdı. Söhbət həbsdə olan bloggerlərdən gedirdi və facebooka yaradıla biləcək əngəlləmələrdən narahatçılığımız ifadə olunurdu. Heç mövzunu da biz qaldırmamışdıq. Səfir soruşdu, biz də cavablandırmaq istədik. Əbdülü təqdim etdik: ““Yaltaqlığa dur deyək!” səhifəsinin qurucusu.”

evez zeynalli frankfurt

Bir-iki, hiss etdik ki, tərcüməçilik missiyasını çiyinlərinə götürən xanım nəsə tərəddüd edir. Ola bilməzdi. Ölkəmizdə ən yaxşı ingilis dilini bilənlərdən olan bu xanımı hansı söz çətinə sala bilərdi? Bəli, olan olmuşdu. Xanım əməkdaşımız ingiliscəyə “yaltaqlıq” sözünü çevirə bilmirdi. Məsələni bizə dedi. Həmən yanında daha bir təcrübəli ingilic dilində danışan və bu dili bilən daha bir xanım həmkarımız əyləşmişdi. Hətta bəzən xanımlar sıra ilə edirdilər tərcüməni. Ondan soruşduq. Bir xeyli düşündü digər xanımımız. Olmadı. Heyrət bir şey, o da “yaltaqlıq” sözünün ingiliscə qarşılığını tapa bilmədi. Məsələ cığırından çıxdı. İşə səfirin rəsmi tərcüməçisi qarışdı. O da bilmədi! Hər 3 tanınmış və təcrübəli xanım-ingilis dilini peşəkar səviyyədə bilən tərcüməçilər beləcə, “yaltaqlıq” sözünün ingiliscə qarşılığını tapa bilmədilər. Hamımız bir qəribə təəccüb və heyrət içərisində qalmışdıq. İşə səfirin özü qarışdı. O da bilmədi! Sonunda birtəhər dolaylı ifadələrlə səfiri başa sala bildik, amma o, eləcə də yaltaqlığın nəmənə bir şey olduğunu tam anlaya bilmədi. Bizimsə matımız-qutumuz qurumuşdu…

İngilislərdə yaltaq yoxdur?!

frankfurt almaniya

Görüş bitdi. Bizə elə gəldi ki, ingilis dilində “yaltaqlıq” sözü ümumiyyətlə, yoxdur. Mən bu hadisənin təsirindən çıxa bimədim bir neçə gün. Doğrudur, sonra uşaqlar ingilis dilinin lüğətinə girib internet deyilən dünya dövlətindən tapdılar və məlum oldu ki, “yaltaqlıq” sözünün ingilis dilində qarşılığı var, amma bu, o qədər ölü və arxaik sözmüş ki, bir ölkənin ingilis dilini peşəkar səviyyədə bilən 3 ciddi xanımı işin içindən çıxa bilmədilər. Üstəlik, bir səfir də bu sözdən xəbərdar olmadığını göstərdi.
Məsələ kifayət qədər ciddi məsələdir. İngilis dilində bu söz işlənmir artıq. Niyə? Ona görə ki, o sözə ehtiyac yoxdur. Bu qədər sadə. Bu sözə ehtiyac yoxdursa, deməli, bu sözün özü, deməli, subyektləri də yoxdur. Allah, Allah, deməli, ingilislərdə “yaltaq” yoxdur! İnanılmazdır, amma belədir.
Yaltaq niyə olur? Ona ehtiyac olur ki, olur. Hər şey elə deyilmi? Sevgiyə ehtiyac olmayan yerdə sevgi olarmı? Olmaz təbii ki. Nəyə ehtiyac var, o var. Ehtiyac olmayan şey niyə olsun ki!
“Yaltaqlıq” bizim bütün problemlərimizin əsas səbəbidir. Bir başqa sual meydana çıxır. Məsələnin mahiyyətini bilməyən, başa düşməyən, anlamayan qərbli dostlarımızı bizim dərdimizə necə çarə tapmağı düşünürlər? Çıxış yolu nədədir? Bu mərəzin nə olduğunu bilmir Avropa mədəniyyəti, o, necə bizə yardımçı olacaq?! Doğrusu, mənim üçün çox anlaşılmaz qaldı.
Biz hamının dərdini anlada bildik, amma Əbdül Əbilovun dərdini el yığıldı, anlada bilmədi. O zaman biz digərlərini necə anladacağıq?!

Frankfurt gözəldir, kədərimiz kimi…

frankfurt alman

Gəzmək, şəhəri dolaşmaq, görməli yerləri görmək varkən, mən neçə gündür düşündüyüm bu olay haqqında yazmaq istədim. Bir azdan mən Frankfurta gəzməyə çıxanda, Oxucular bu yazını oxuyur olacaqlar. Onlar orada oxuyarkən, mən əminəm, küçələrdə yaltaq almanlar görməyəcəyəm. Bu, mümkün də deyil. Onlar o sözləri, o davranışları və o yükü 100-200 il bundan əvvəl atdılar. Biz ata bilmədik…

Düzəldə bilmədik bu cəmiyyəti. Hər gələn hər gedəni aratdı. Hər gələn hər gedənə rəhmət oxutdu.

Həzin və kədərli bir misra kimi: “Sağ ol, kədərimi bol eyləyirsən!”

Bu millətin kədəri, dərdi, qəmi nə qədər boldur, iridir, böyükdür, İlahi!

frankfurt evez

İ.S. Buna varlığım qədər inanıram. Bir gün Azərbaycan cəmiyyəti də “yaltaqlıq” sözünün nə olduğunu bilməyəcək.

 






Fikirlər