Namusunuz olsun, dayanın!

Namusunuz olsun, dayanın!
Son vaxtlar “namus cinayətləri” haqqında oxumaqdan da, eşitməkdən də yorulmuşam. Bu “söz birləşməsi”ndən istifadə olunmaması xahişi ilə KİV rəhbərlərinə rəsmi müraciətlər də göndərmişəm. Hətta sevdiyim jurnalist dostumdan bu mövzuda yazı yazmasını da xahiş etmişəm. Lakin redaktorların və jurnalist dostumun nəinki reaksiyasını gördüm, üstəlik həmin KİV-lərdə qızını, qohumunu, anasını zorlayanlar haqqında həqiqətə uyğun olub-olmadığını bilmədiyim, əslində bu cür hadisələrin adiləşməsinə xidmət edən yazıların artmasının şahidi oldum. Odur ki, məni narahat edən “namus üstə qətl” məsələlərinə münasibət bildirməməyi artıq özüm üçün dözülməz hesab edirəm. Hər xalqın, regionun, kəndin, tayfanın, bəzi hallarda isə ailələrin çox ciddi önəm verdiyi dəyərlər mövcuddur. Bu dəyərlər zaman-zaman dəyişməkdə davam edir. Hazırda mətbuatda ən çox hallanan dəyərlərdən biri “namus”la bağlıdır. Azərbaycan mətbuatı heç bir əsas olmadan namus ifadəsini daha çox qadınlarla bağlayır və bir qayda olaraq qadınlar əleyhinə törədilmiş cinayətlərə bəraət qazandırmaq üçün ondan vasitə kimi istifadə olunur. Mətbuatda hər gün rastlaşdığımız namus üstə ərin arvadını, qardaşın bacısını, kişinın 20 il əvvəl boşadığı keçmiş arvadını, oğulun anasını öldürməsi kimi xəbərlər adiləşdikcə insanlar daha da etinasız olur. Baş vermiş cinayətlərin bu cür təqdim olunması “oğru aləmi”nin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Baxmayaraq bəzi hallarda hakimlər də bu vəziyyətdən istifadə edərək belə qatillərə daha yüngül cəzanın təyin olunmasına cəhd edirlər. Namus Azərbaycanda ən çox işlənilən ifadə olsa da, qanunvericilik dəqiq anlayışını müəyyən etməyib. Lakin tarixən Azərbaycanda namus daha çox qadınlara şamil olunub. Sanki bu ifadənin kişilərə heç bir aidiyyatı yoxmuş kimi. Uzun illər öncə Ə. Ağaoğlu namusun ancaq qadınlara şamil olunmasını qətiyyətlə pisləyirdi. O, cəmiyyətdə qeyri-rəsmi nikah mübahisələrini təhlil edərkən müqəddəs hesab edilən namus anlayışının sadəcə qadına aid etməklə əxlaq qaydalarında nə qədər aşağı olmamızı xatırladır və buna təəssüflənirdi. Hər gün mətbuatdan oxuduğumuz məlumatlar ötən illər ərizndə vəziyyətin heç də dəyişmədiyini göstərir. Mətbuat işçiləri namusu daha çox qadında, həm də qadın bədəninin bəlli nöqtələrində axtarırlar. Sanki namus və əxlaq sözünün Azərbaycan kişisinə heç bir aidiyyəti yoxdur. O da faktdır ki, Azərbaycan kişisinin namussuz, əxlaqsız olması nədənsə ona heç vaxt qadınlar kimi ölüm və ya zorakılıq gətirmir. İllər öncə Ə. Ağaoğlu bunu daha mükəmməl ifadə edirdi: “Əxlaqı təkcə cinsi münasibətlərlə məhdudlaşdıranlar insanı yalnız qurşağa kimi təsəvvür edənlərdir . Halbuki beldən yuxarı qəlb və ruha aid olan əxlaq sahələrində vəziyyət daha acınacaqlıdır”. Bu günümüzü əks etdirən cox gözəl bir ifadə formasıdır. 2012-ci ilin rəsmi məlumatına görə, Azərbaycanda 5 478 qadın zorakılıq qurbanı olub. Birmənalı olaraq onların əksəriyyətini “namus cinayətlərinin qurbanları” adlandıra bilərik. Əslində cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutulmayan namus və ya əxlaqi dəyərlərin qorunması mümkün deyil. Haqlı olaraq Ə. Ağaoğlu qeyd edirdi ki, dünyanın heç bir yerində bizim mühitdə olduğu qədər namusdan danışıldığı halda bizim qədər namusa etinasız yanaşılmır. Yaltaqlıq, oğurluq, vətənə xəyanət, hakimiyyətin mənimsənilməsi, övladların istismar olunması, başqasının əmlakını talama, övladını hərbi xidmətdən yayındırma, qızlarını məcburi ərə vermə, başqasının qanunla qorunan şəxsi həyatına müdaxilə də namussuzluq kimi qiymətləndirilməlidir. Namus pula satılmamaq, yaltaqlıq etməmək, başqasının malını, mülkünü mənimsəməmək, zəhmətinə xor baxmamaq, həqiqəti ört-basdır etməmək, insanları şər, böhtan və yalanın qurbanına çevirməməkdir. Namus ifadəsindən istifadə edib namus cinayətləri ilə alver edənlərə səslənirəm. Dayanın! Namusunuz olsun! Oxucu toplamaq xatirinə “namus cinayətləri” deyib namusla alver etməyin!






Fikirlər