Əflatun Amaşov:“Mənim əvəzimə başqa birisinin - nazir müavininin qızının adını siyahıya ƏLAVƏ ETMİŞDİLƏR...”

Heç kimdən qorxmadan hüququmu müdafiə etməyə qərar verdim”

 Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında iştirak etdi. Ömrünü jurnalistikanın problemlərinin həllinə həsr edən medianın yaxın dostu ilə ayrı-ayrı vaxtlarda müsahibələrimiz olsa da, ayrı-ayrı məsələlərlə bağlı açıqlamalarını alsaq da, onunla ənənəvi rubrikamızda söhbət etmək üçün görünür, illər keçməli, şair demişkən, yaş 60 olmalıymış. Aprelin 26-da Mətbuat Şurasının sədrinin 60 yaşı tamam olacaq, bir çoxları kimi, özü də inanmasa ... Yubiley yaşından başlayan səmimi söhbətimizdə çox şeylərdən danışdıq. 

Müsahibədə ilk dəfə açıqladığı çox maraqlı həyat hekayələri də oldu. Müsahibədən öncə isə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Əflatun bəyə 60 illik yubileyi münasibətilə xatirə plaketi hədiyyə etdi. Söhbətimizdə Rauf bəylə bərabər, “Yeni Müsavat”ın və “Minval.az” saytının əməkdaşları Ələsgər Süleymanov, Elşad Məmmədli, Sevinc Telmanqızı, Emil Mustafayev və bu sətirlərin müəllifi iştirak edirdi.

(Əvvəli ötən sayımızda)

Sevin Telmanqızı:

- Deyirsiniz, o vaxt rayona reportaja getmişdiniz... Çox adam hesab edir ki, Əflatun Amaşov birdən-birə gəlib RUH-un sədri oldu, sonra da Mətbuat Şurasının... İndiki nəsil sizi belə təsəvvür edir. Amma siz də əlinizdə diktofon, dəftərçə müsahibələr, xəbər dalınca getmişiniz. Siz necə xəbərləri izləmisiniz, nailiyyətləri nə cür əldə etmisiniz?

- Mən uzun müddət AzərTAC-da işləmişəm. Orada bir neçə azərbaycanlı var idi, bütün şöbə müdirləri əsasən yəhudilərdən ibarət idi; ermənilər, gürcülər, ruslar çox idi. Hətta o zaman AzərTAC-da məxfi şöbənin rəhbəri və müavini erməni idi. O vaxt işçiləri axşam evlərinə aparmaq üçün kiçik tutumlu avtobus var idi, onun sürücüsü də Rantik adında bir erməni idi. Texniki şöbə yəhudilərə baxırdı, Rayski adlı yəhudi ora rəhbərlik edirdi. AzərTAC-da bir neçə azərbaycanlı var idi ki, xidmətçilər, sürücülər idilər. Həmçinin daha bir neçə azərbaycanlı da müxbirlər idi.

- O zaman azərbaycanlıları incidirdilər?

- O qədər azərbaycanlı da yox idi ki, incidələr (gülüşmə). Ancaq kifayət qədər peşəkar insanlar idilər və xəbərlər də rus dilində yazılırdı. Yalnız 90-cı illərdən sonra Azərbaycan dilində xəbər yazılmağa başladı. O zaman mən çox şeylər öyrənə bildim. Mədəniyyət şöbəsinin müdiri var idi - Leonid Qoldşteyn. Düzdür, Azərbaycan dilində yaxşı bilmirdi, ancaq Azərbaycan mədəniyyəti ilə bağlı xəbərləri istənilən azərbaycanlıdan yaxşı yaza bilərdi. Çünki, onlar öz üzərində çalışırdılar, işləyirdilər, peşəkar insanlar idi... Mən Moskvada olanda mütəmadi şəkildə tələbə yoldaşlarımla yeni filmlərə baxmağa gedirdik və teatr tamaşalarını izləyirdik. Bakıya gəldim, AzərTAC-da işə başladım, oradakı mühit yox, dedim görəsən, insan teatra getməsə, yeni filmə tamaşa etməsə, necə yaşaya bilər? Çünki mənim Moskvada yaşadığım “DAS” adlı yataqxana daha çox SSRİ xaricindən gələn jurnalist tələbələr üçün nəzərdə tutulmuşdu. 100-ə yaxın ölkədən tələbə gəlirdi. Həmin mühitdə insanın dincəlməsi üçün hər şey var idi, hovuzdan tutmuş futbol meydançasına qədər.

unnamed (6).jpg (131 KB)


Elşad Paşasoy:

- Əflatun bəy, bildiyimə görə sizin Rusiyada təhsil almağınıza mane olmaq istəyirmişlər. O zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevə müraciətinizdən sonra ədalət bərpa olunub. Bəlkə bu əhvalatı danışasınız...

- Bəli, belə bir hadisə olub. Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alırdım. O zaman milli kadrların hazırlanması ilə bağlı Mərkəzi Komitənin qərarı var idi. Qərara görə, milli təhsilli insanlar Moskvada və Rusiyanın digər şəhərlərində təhsil ala bilərdilər. Belə bir məqamda mən də sənədlərimi vermişdim. Demək olar ki, bu məsələlər üçün problem qalmamışdı. Bir müddət sonra mənim əvəzimə başqa birisinin - mədəniyyət nazirinin müavininin qızının adını siyahıya əlavə etmişdilər. Belə bir məqamda nə etməli olduğum haqda düşündüm. Ancaq heç nədən də çəkinmədim, çünki o zaman əlaçı tələbələrdən idim. Ona görə də heç kimdən qorxmadan öz hüququmu müdafiə etməyə qərar verdim və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə teleqram vurdum. Həmin teleqrama əsasən məni tapdılar, maraqlandılar ki, nə məsələdir.

 “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə teleqram vurdum”


- Teleqrama reaksiya nə qədər çəkdi?

- 2 gün. Dedilər sizi universitetin rektoru Faiq Bağırzadə çağırır, Kamran Bağırovun qardaşı. Mən onun otağına daxil oldum. Maraqlı mənzərə idi, bir tərəfdə qəbul gedir... Düşündüm ki, görəsən mənə nə deyəcək? Öz-özümə dedim ki, “fikrindən daşın” desə də axıra qədər, prinsipial olaraq getməliyəm, ona təslim olmalı deyiləm! Ancaq içəri daxil olanda mənimlə çox xoş danışdı. Masanın üstündə meyvələr var idi, meyvənin birini götürdü ki, “meyvədən də ye, bayırda çox istidir”, dedim yox, çox sağ olun, təşəkkür edirəm. (gülür) Ağ kağız və qəşəng bir qələm çıxartdı- o zaman elə qələmlər kütləvi satışda yox idi - dedi yaz...

Rauf Arifoğlu:

- Yəni Heydər Əliyevin sizin həyatınızda rolu o zamandan olub?

- Bəli bu, faktdır ki, o kişinin mənim Moskvaya getməsində çox böyük rolu olub.

- Amma sonra siz Mətbuat Şurasının sədri seçildiniz və onunla bir neçə dəfə təmasda oldunuz, mükafat verdiniz, mükafat aldınız. Bunu sonradan mərhum prezidentin özünə söyləmək fürsəti oldumu ki, mənim həyatımda belə bir rol oynamısınız?

- Mənə elə gəlir ki, o, bilirdi. Nə isə... Bir gündə mənim sənədimi hazırladılar və məni aeroporta göndərdilər...

unnamed.jpg (146 KB)


E.Paşasoy:

- Əflatun bəy, Gürcüstan, Borçalı sizin üçün çox önəmli ünvandır, doğulduğunuz Faxralı kəndinə çox bağlı olduğunuzu da bilirik. Amma bu gün Gürcüstan Avropaya vizasız gediş-gəliş imkanı qazandığı üçün bir çox vətəndaşlarımız üçün həsəd aparılası ölkəyə çevrilib. Bir anlıq Azərbaycanda qazandıqlarınızı kənara qoyub da ürəyinizdə “kaş Gürcüstan vətəndaşı olardım” demirsiniz ki?

R.Arifoğlunun replikası:

- Vallah, gürcülər hər şeydə bizə həsəd aparır, baxmayın ki, onlar Avropaya vizasız gedirlər.

Ə.Amaşov:

- Doğrudan da mən azərbaycanlı olduğuma görə qürur duyuram. Bunu Gürcüstanda yüksək səviyyəli görüşlərimdə də bildirirəm. Mən çoxsaylı görüşlər keçirirəm, kiçik rayon rəhbərlərindən tutmuş yüksək çinli məmurlaradək. Mən Rauf bəyin sözünü dəstəkləyirəm, doğrudan da gürcülər bizə çox böyük sayğı ilə yanaşırlar. Əgər bu söz onları incitməzsə, mən onların həsədlə baxdığını da burada ifadə edə bilərəm. Hətta bizim görüşlərdə onlar özləri danışırlar ki, məsələn, Qara Qarayevin 100 illiyi tamam olur, bəlkə Tiflisdə böyük bir salonda bəstəkarın yubileyini təşkil edək. Bəlkə ikinci bir tədbiri Batumidə keçirək. Gürcüstanın siyasi elitasında Azərbaycana xoş münasibəti olan, Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirən insanlar var. Hətta Gürcüstan-Azərbaycan dostluq qrupunun gürcü tərəfdən nümayəndələrinin sayı 50-yə yaxındır və kifayət qədər səlahiyyətli, cəmiyyətdə mövqeləri olan insanlardır. Qrupun da rəhbəri vitse-spikerlərdən biridir.

S.Telmanqızı “ağırlaşan” söhbəti yaş üstünə gətirir və atmosferi yumşaltmağa çalışır:

- Əflatun bəy, söhbətimizə başlayanda Rauf bəy dedi ki, heç kəs sizə 60 yaş vermir. O söhbətin üstündən keçdik. Cavan görünürsünüz, yaşınızı göstərmirsiniz və s. Cavan qalmaq üçün xüsusi bir düsturunuz, pəhriziniz, özəl yaşam tərziniz varmı?

- Sevinc xanım istəyir ki, onun xalası təriflənsin (gülüşmə). (Ə.Amaşovla müxbirimiz S. Telmanqızı yaxın qohumdurlar - Red)

unnamed (5).jpg (975 KB)


R.Arifoğlu gülərək:

- Siz də tərifləyin də, Allah insaf versin!

- Əlbəttə, ailənin də öz sirri var. Mən elə bilirəm ki, insanın xoş əhval işində yaşaması ailədəki münasibətlərdən çox asılıdır. Biz bu yaxınlarda BMM-də Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər xanımın 80 yaşını qeyd etdik. Hər ikisi mənim sağ tərəfimdə əyləşmişdi. Hələ tədbirdən qabaq onların arasındakı münasibət, məsləhətləşmələr o qədər alicənablıqla icra olunurdu ki... Şirməmməd müəllim bundan əvvəl TRT1-ə müsahibəsində demişdi ki, hələ mənim xəstələnməyə, ölməyə vaxtım yoxdur, işim çoxdur. (gülürük) Doğrudan da Şirməmməd müəllimin belə həyat sürməsində, gümrah qalmasında onun həyat yoldaşının da rolu var. Həmçinin Şirməmməd müəllimin həyat yoldaşının həyatında mühüm rolu var. Mən orda da dedim ki, Ülkər xanım, siz bezib-eləməyin, hələ Şirməmməd müəllim çox onilliklər yaşayacaq, yaradacaq, siz yaşamağa məhkumsunuz. Əlbəttə, insanın sağlam həyat tərzi müəyyən mənada genlərdə ola bilər, uzunömürlü olması əsasən buna görədir.Amma belə qarışıq, əsəblərin mütəmadi olaraq coşduğu bir zamanda ailədəki münasibətlər, ailədə insanın qarşılanması, yola salınması mühüm rol oynayır. Çox güman ki, mənim də həyatımda bunlar mühüm rol oynayan amillərdəndir.

S.Telmanqızı:

- Sizə nəsildə balacalar hamısı “Afan baba” deyirlər.

- Sizdəmi elə deyirsiniz?

- Hə, biz də elə deyirik. Zamin də elə deyir (yazarımız Zamin Hacı nəzərdə tutulur-Red.). (gülüşmə)

- Zaminin ağzı nədir deməyə. (gülür)

unnamed (8).jpg (50 KB)

- Mən həmişə dostlara da deyirəm ki, sizdə mehriban və gözəl bir baba potensialını görürəm. Artıq baba yaşınız çoxdan keçib. Bəs, özünüz baba olmaq istəmirsiniz ki?

Rauf bəy konkretləşdirir:

- Orxanı nə vaxt evləndirmək istəyirsiniz?

- Mən hesab edirəm ki, burada Sevinc xanımın da, onun bacısı Aytən xanımın da passiv hərəkətləri müşahidə olunur. (gülüşmə) Ya gərək tələbə yoldaşı, ya bir yerdə çalışdığı insan olsun, yaxud milli mentalitetə uyğun olaraq kimisə kiməsə göstərmək olar, xarakterləri uyğun gələrsə, onlar evlənə bilərlər.

“Azərbaycanlı olduğuma görə qürur duyuram, bunu Gürcüstanda yüksək səviyyəli görüşlərimdə də bildirirəm”


S.Telmanqızı:

- Darıxırsınız baba olmaq üçün?

- Mənə elə gəlir ki, artıq vaxtdır. Son vaxtlar Orxanla danışanda da dedim artıq sən də bu barədə düşün.

R.Arifoğlu:

- Müsahibələrinizin birində bir az da zarafatla demişdiniz, amma yəqin bir az da gerçəkdir ki, sizin Orxana təsiriniz Orxanın sizə təsirindənn azdır...

- Özümü Orxana dost sayıram. Biz gerçəkdən də dostuq. Biz müəyyən mövzularda söhbətləşir, siyasi diskussiyalar edirik. Son zamanlar o Londondaydı, zəng etdim, Türkiyədəki referendumdan danışdıq, Türkiyə nə qazana, nə itirə bilər deyə. Ancaq ümumi bu qərara gəldik ki, Türkiyənin gələcəyi üçün seçimin nəticələri daha düzgündür. Çünki bizim üçün Türkiyə bütöv olmalıdır, PKK məsələsinə son qoyulmalıdır, Türkiyə bölünməli deyil, ölkə iqtisadi baxımdan güclənməlidir. Son zamanlar Suriyada baş verənlərdən, digər hadisələrdən sonra ölkəyə gələn turistlərin sayı kifayət qədər azalıb, iqtisadiyyat nisbətən zəifləyib. Bunlarla bağlı diskussiyalar edirik. Yaxşı yadımdadır, hələ Orxanın 1 yaşı tamam olmamışdı, mən xaricə gedəndə ona həm oyuncaqlar, həm də qalın vərəqli, şəkilli kitablar alardım.


- Nəticə nə oldu? Ona kitabları sevdirə bildinizmi?


- Artıq bu uşaq 5 yaşında olanda “Kitabi-Dədə Qorqud” dastanını oxumağa başladı. O, səkkizillik məktəbi də fərqlənmə ilə bitirdi, tarix olimpiadasında iştirak etdi, Azərbaycan üzrə birinci yeri tutdu, orta məktəbi də qırmızı attestatla bitirdi. Universiteti, magistraturanı, digər bitirdiyi yerləri də fərqlənmə ilə başa vurub. O gün söhbət edirəm. Onun sahəsi hüquq və fəlsəfədir. Artıq Orxan Şekspirdən bu yana demək olar ki, Böyük Britaniyada yazılan bütün əsərləri orijinaldan oxuyub. Bir neçə dəfə Böyük Britaniya televiziyalarında Şərq-Qərb məsələləri ilə bağlı müəyyən verilişlərə dəvət olunub. Hər həftə də bir kitab oxuyur, gələndə də yükü əsasən kitab olur. Keçən dəfə görüşəndə dedi “...gedək rus dilində kitablar alaq”. Dediyinə görə mən rus ədəbiyyatını yaxşı bilirəm, oxuyum. Biz Londonun mərkəzindəki nəhəng bir kitab mağazasına getdik. Lebedev və başqa rus milyonçuları Londonda mətbuatla işləyirlər, metroda pulsuz qəzetlər yayırlar, Böyük Britaniyada fəaliyyət göstərən qəzetlərin bir hissəsini alırlar. Həmin kitab mağazasının təmirində də onlar yaxından iştirak ediblər, bir şərtlə ki, kitab mağazasının bir mərtəbəsinin böyük bir hissəsində rus kitabları satılsın. Getdik o kitabxanaya, dünyada çox məşhur olan Tolstoy, Dostoyevski, Çexovun kitablarını götürdük, bir də İvan Qonçarovun “Oblomov” əsərini. Mən onların hamısını tələbəlikdə oxumuşam. Gəldik qaldığımız yerə. Möhkəm də yağış yağır, hətta pəncərədən kənarı görmək mümkün deyil... Mən kitaba baxdım, bir vərəq oxudum, və düşündüm bu kitabı necə oxumuşam ki, yadımda qalmayıb? İki günə oxudum, gördüm elə mənim özüm də Oblomovçuluğun ən böyük nümayəndəsiyəm. Razı olmadım Orxan oxusun, dedim yarımçıq qalıb, çemodana qoydum, gətirdim Bakıya.

S.Telmanqızı:

- Oğlunuzu necə görmək istəyirsiniz, bir hüquqşünas, yaxud davamçınız kimi?

- Mən bir ata kimi həmişə çalışıram ki, müəyyən məsələlərlə bağlı ona açıq olum və ona yaxşı təhsil verim. Yəqin ki, yaxşı təhsil alandan sonra həyatda öz yolunu tuta biləcək.

E.Paşasoy:

- Axşam Rauf bəy xatırlatdı ki, Əflatun bəy gələcək, mən də nələrdən söhbət edəcəyimiz haqda düşündüm. Necə düşünmüşəm ki, yuxuda da görmüşəm müsahibə vaxtı bizə öz şeirinizi oxuyursunuz...

Rauf bəydən maraqlı replika:

-Aha, indi oxutduracaq şeiri...

Sevinc xanım:

- Təbii ki. O, bir Paşasoy. (gülüşürük)

E.Paşasoy:

- Bir dəfə də Əflatun bəylə söhbətimiz olmuşdu, Xətaidəki yataqxanadakı çətin günlərindən danışmışdı. Həmin günlərin də şeiri ola bilər, ya bir başqası...

S.Telmanqızı:

- Uşaqlıq dövrünün də bir şeiri var idi. Zamin ona köşə də yazmışdı...

Rauf bəy:

- Zamin izləyir də sizin həyat və yaradıcılığınızı...(yenə gülüşmə)

E.Paşasoy:

- Buyurun, Əflatun bəy, yuxumuzu çin eləyin, xahiş edirəm...

(Davamı növbəti sayımızda)

 






Fikirlər