“AZƏRBAYCANDA İŞİD TƏHDİDLƏRİ ARTAN XƏTLƏ GEDİR” - Sülhəddin Əkbərdən XƏBƏRDARLIQ
Yaxın Şərqdən sıxışdırılan İŞİD terror qruplaşmasının üzvlərinin digər ərazilərə, xüsusilə də Cənubi Qafqaz regionuna gələ biləcəkləri ilə bağlı çoxsaylı məlumatlar var. Lakin bu da reallıqdır ki, İŞİD artıq əvvəlki gücündə deyil. Terror qruplaşmasına qarşı aparılan birgə əməliyyatlar nəticəsində onlara qoşulmaq istəyənlərin də sayında ciddi azalma müşahidə edilir. Məlum olduğu kimi, İŞİD-in özünəməxsus metodlarından biri də müxtəlif ölkələrin xəritələrini yayıb, oradakı hədəflərini internet vasitəsilə yaymaqdır. Bu xəritələrdə bir zamanlar Azərbaycanın da adı yer alırdı. Son zamanlar isə terror qruplaşmasının bu kimi hədələri xeyli azalıb. Bəs Azərbaycana qarşı necə, İŞİD-in təhdidləri davam edirmi? Öncə qeyd edək ki, bir neçə gün öncə İraqda İŞİD-dən xilas edilən 4 yaşlı azərbaycanlı Abdulla ölkəyə gətirildi. Bu faktın özü İraqda saxlanan cihadçı ailələrin arasında azərbaycanlı qadın və uşaqların olmasını təsdiqlədi. “Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər bildirib ki, terrorçu təşkilatlardan dünyada artıq vəkalət müharibələrində, üçüncü tərəf kimi istifadə olunur: “İkincisi də, hansı dövləti parçalamaq istəyirlərsə, o zaman da bu təşkilatlardan istifadə edirlər. Həmin təşkilatlar ölkənin ərazisinə göndərilir, daha sonra isə onların arxasında duran dövlətlər ölkəyə müdaxilə edirlər. Buna biz Suriyada, İraqda, Əfqanıstanda, həmçinin Liviyada da rast gəldik. İndi də bu, davam etməkdədir. Terrorçulardan asimmetrik savaşlarda, vəkalət müharibələrində istifadə olunmaqla bərabər, həm də parçalamaq, dağıtmaq istədikləri yerlərdə faydalanırlar. Bundan sonra da eyni məqsədlər üçün terror təşkilatlarından istifadə edəcəklər. Lakin onların müəyyən istifadə müddətləri var. Belə ki, hansısa bir strateji hədəflərə nail olduqdan sonra bu təşkilatlar həmin ərazini tərk edib, başqa bir yerdə peyda olurlar. Bu baxımdan, İŞİD-in bundan sonra haradasa peyda olması onun arxasında duran güclərin siyasi məqsədlərindən asılı olacaq. Hansı ölkədəki yeni asimmetrik savaşlar başlayacaq və oranı çökdürmək istəyəcəklərsə, yenidən İŞİD və ya başqa ad altında ortaya çıxan terror qruplaşmasını fərqli ölkələrdə görə biləcəyik. Görünən odur ki, yeni dünya nizamı formalaşana qədər bu terror təşkilatlarından bir alət kimi istifadə olunacaq. Hələ bu uzun müddət davam edəcək”. Ekspert konkret olaraq Azərbaycanla bağlı söyləyib ki, beynəlxalq terror təşkilatlarının ölkəmizdə də mövqeləri var: “Sadəcə olaraq, bu, onların arxasında duran güclərin hədəflərindən asılıdır. Əgər Azərbaycanda 1994-cü ildə qəbul olunan böyük razılaşma pozularsa, ola bilsin həmin terror təşkilatlarından istifadə etmək ehtiyacı yaransın. Bu ehtimallar da var. Terror təşkilatlarından demək olar ki, güclü dövlətlərin hamısı istifadə edir. Sadəcə olaraq, hərənin özünə yaxın terror təşkilatı var. Yaxud da güclü terror təşkilatlarının daxilində hərənin öz payı var. O baxımdan Azərbaycanda marağı olan bir çox dövlətlər terrorçu qruplaşmalardan istifadə edə bilərlər. Bura Qərb dövlətləri, Rusiya, ərəb ölkələri, İran da daxildir. Terrorçuların əsasən şimal rayonlarımızda aktiv olmasının isə iki başlıca səbəbi var. Birincisi, bu rayonlarda sünni məzhəbə aid olan əhalinin sıxlığı müşahidə edilir. İkincisi isə bu hal rayonların coğrafi olaraq Rusiya ilə həmsərhəd olması ilə bağlıdır. Relyef baxımından münasiblik də artıq operativlik və taktiki məsələdir”. S.Əkbər İŞİD-də vuruşan 195 nəfərin Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilməsi və onların ölkəmiz üçün təhlükələri barəsində də danışıb: “Əgər Azərbaycan hədəf seçilərsə və əmr veriləcəksə, onlar xaricdən bura gəlməyin yolunu tapacaqlar. Bu şəxslərin Azərbaycan vətəndaşlığından çıxarılması heç nəyi dəyişmir. Azərbaycan pasportunu əllərindən almaqla heç də onların terrorçu kimliyini almaq olmaz. İndiki hal üçün Azərbaycana İŞİD-in terror təhdidləri artan xətlə gedir. Bu, qonşu regionlardakı vəziyyətlə, İŞİD-in İraq və Suriyadan çıxarılmasının son mərhələyə daxil olması ilə bağlıdır. Ən başlıcası isə dünyada gedən geopolitik qarşıdurmanın həm qlobal, həm də regional səviyyədə həlledici mərhələyə daxil olması ilə əlaqəlidir. Bu o deməkdir ki, bizim regionda da hər bir dövlət öz geostrateji seçimini etməlidir. Bu geostrateji seçim məsələsində də tərəflər bu günə qədər artıq öz mövqelərini müəyyənləşdiriblər. Məsələn, söhbət Cənubi Qafqazdan gedirsə, həm Gürcüstan, həm də Ermənistan müxtəlif istiqamətlərdə öz seçimlərini ediblər. Azərbaycan isə hələ ki bunu etməyib. Ona görə də ölkəmizə hər iki tərəfdən təzyiqlər ola bilər. Təzyiq alətlərindən biri də terror təşkilatlarının meydana çəkilməsidir. Çox təəssüf ki, Azərbaycanı artan ehtimal üzrə bu perspektiv gözləyir”. Azərbaycana qarşı İŞİD-in təhdidi hansı həddədir?