Sonsuzluğunun ƏSAS SƏBƏBİ - Baş ginekoloq AÇIQLADI
Azərbaycanda son illər qadın sonsuzluğu halları artıb. Əgər 2005-ci ildə Azərbaycanda 1117 nəfər qadında ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıbsa, 2011-ci ildə bu rəqəm 1776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208 olub. Qadınlar arasında sonsuzluq hallarının artması səbəblərindən danışan Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova Publika.az-a açıqlamasında bu rəqəmin daha çox süni mayalanma ilə bağlı müraciətlər əsasında ortaya çıxdığını deyib. “Təəssüf ki, qadınlar daha çox müayinədən keçdiyindən onlarla bağlı statistik rəqəmlər açıqlanır. Əgər kişilər müayinədən keçsəydi, sonsuz kişilərin sayı bir neçə dəfə yüksək olardı. Sonsuz qadınlarla bağlı rəqəmlər adətən, süni mayalanmaya müraciət edən qadınlar əsasında hazırlanır. Onlara qadın məsləhətxanalarında sonsuzluq diaqnozu qoyurlar. Səbəblərindən asılı olaraq biz qadınlara əksər hallarda kömək edə bilirik. Müalicə üsulu effekt vermədikdə, süni mayalanmaya üz tuturlar”, - deyə baş mama-ginekoloq qeyd edib. S.Məmmədova bildirib ki, sonsuzluğu məhz qadınlarımızın son illər daha çox xəstələnməsi ilə əlaqələrdirə bilmərik. Onun sözlərinə görə, diaqnostik üsulların istifadəsi genişləndiyindən aşkarlanma halları yaxşılaşıb: “10 il əvvəl maddi texniki baza xəstəyə hərtərəfli hormon, USM müayinəsi aparmağa imkan vermirdisə, bu gün respublikanın ən ucqar doğum evləri belə ən müasir avadanlıqlarla təmin edilir. Son illər aşkarlanan sonsuzluq hallarının bir neçə səbəbi var. Bunlar mütləq və nisbi səbəblər olmaqla iki yerə bölünür. Qadının hər hansı genetik xəstəlik nəticəsində daxili cinsiyyət üzvlərinin olmaması və ya inkişafdan qalması mütləq səbəblərdəndir. Keçmişdə bu qadınların USM müayinəsi edilməsinin bəzi çətinlikləri vardı. Lakin bu gün hətta analar qızlarını 15-16 yaşlarında müxtəlif müayinələrdən keçirir, aşkarlanan problemin səbəbini araşdırır və ona tibbi müdaxilə edilir”. Baş ginekoloq sonsuzluq yaradan nisbi səbəblərdən də danışıb. Onun fikrincə, bu hallar vaxtında aşkarlanıb müalicə edilsə, qadın sonsuz olmaz: “Burada birinci hal hormonal disbalansdır ki, bəzi qızlarda stress nəticəsində, düzgün işləmək, yuxu və qidalanma rejimini qorumayanda bu problem aşkarlanır. Nisbi aradan qaldırılacaq sonsuzluq səbəblərindən biri də infeksion xəstəliklərdir. Qızlar bəzən həyat tərzlərinə diqqət etmədikdə onlarda infeksion və ya qeyri-infeksion xəstəliklər əmələ gəlir. Bu da xroniki formaya keçəndə daxili cinsiyyət üzvlərində anotomik dəyişikliklərə səbəb olur. Borularda keçməzlik, uşaqlığın daxili endometrium qatında patoloji hallar yaradır. Nəticədə isə bunlar normal yumurtanın mayalanması və inkişafına mane olur. Çox zaman qızlarımız məhz formada qalmaq üçün səhər yemək yemir, yağlı, heyvan mənşəli qidalardan imtina edirlər. Amma unutmaq olmaz ki, reproduktiv funksiyalara səbəb olan qadın hormonları təbii heyvan piyi və xolestoroldan əmələ gəlir. Xolestorol da kərə yağı, qoyun əti kimi qidalarda daha çox olur. Gündəlik qidada həm şəkər, həm də karbohidrat olmalıdır. Yağlı qidalardan qaçmaqla bədənlərində ana olmaq üçün lazım olan hormonların inkişafından uzaqlaşırlar. Həmçinin qızlarımız axşam saat 23:00-dan sonra yuxuya diqqət etməlidirlər. Bu saatda qadın yuxuda olanda hormonlar bərpa edilir, baş-beyində bütün orqanizmi tənzimləyən xüsusi maddələr əmələ gəlir. Çox zaman dərslər və digər səbəbləri əsas gətirərək yuxu rejimlərini pozurlar. Gündə 3-4 saat yatan, gün ərzində daim aktiv olan qadınlarda xroniki stress əmələ gəlir. Bu da normal yumurta hüceyrəsi ifraz edib, normal hamilə qalmağa imkan vermir. Üçüncü səbəb immunoloji problemlərdir. Hər bir hüceyrənin HLA antigen pasportu var. Qohum nikahların artması nəticəsində qanlar o qədər qarışıb ki, hüceyrələrdə çaşqınlıq yaradır. Hüceyrələr görüşəndə onlarda HLA antigenlərində eynilik olan cütlüklərin övladı olmur. Son 5-7 ildə respublikanın aparıcı tibb müəssisələrinin hamısında bu problem asanlıqla aşkarlaya bilirik. İmmunoloji sonsuzluğun müalicəsi yoxdur, yeganə yol donor yumurta və ya toxumundan istifadə etməkdir. Çox nadir hallarda izaholunmaz sonsuzluq halları müşahidə edirik. Bu zaman cütlüklərin heç bir problem olmasa da, uşaq sahibi ola bilmirlər. Bu cütlüklər ayrılıb başqaları ilə ailə qurduqları halda uşaqları olur”. Baş ginekoloq ölkəmizdə bu sonsuzluq səbəblərinin ən çox hansına rast gəlinməsinə də aydınlıq gətirib. O vurğulayıb ki, hormonal problemlərdən baş verən sonsuzluq halları ilk sıradadır: “Bizdə sonsuzluq hallarının 65-70 faizi məhz baş-beyinlə bağlıdır. Baş-beyin nə qədər yaxşı işləsə, bu zaman qalxanvari vəz, böyrəküstü vəz, mədəaltı vəz, yumurtalıqdakı vəzlərdə xüsusi hormonların ifrazına səbəb olur. İşləmədiyi halda hormon balansı pozulur. Bütün problemlər baş beyindən başlayır. 20 faiz isə daxili cinsiyyət üzvlərinin iltihabı xəstəlikləri ilə bağlıdır. 5 faiz immunoloji, qalanları isə izaholunmaz sonsuzluq hallarıdır. Əsas üstünlüyü hormonal pozuntular təşkil etdiyindən, valideynlər və qızlar öz sağlamlığına diqqət etsələr sonsuzluq problemlərini bir çox hallarda aradan qaldırmaq olar”.