ADU-da dünya EPOSLARI ilə bağlı SƏRGİ KEÇİRİLİB

Dekabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası və SABAH qrupunun birgə layihəsi olan “Mədəniyyətlərarası dialoq-dünya eposları” adlı sərgi keçirilib.

Sərgidə ADU tələbələri dünya mədəniyyətinin şifahi xalq ədəbiyyatı nümunələri olan eposlar haqqında təqdimat edərək, “Kitabi-Dədə Qorqud”, “İqor polku haqqında dastan”, “Nibelunqlar haqqında nəğmə”, “Beovulf” və “Roland haqqında nəğmə”, “Sid haqqında nəğmə” dastanları barədə Azərbaycan, ingilis, rus və digər dillərdə ətraflı məlumat veriblər. Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Əliyeva dünya və Qərbi Avropa eposlarını Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi, kökləri mifoloji dünyagörüşünə gedib çıxan “Kitabi-Dədə Qorqud” dastanları ilə müqayisəli şəkildə öyrənməyin əhəmiyyətindən bəhs edib. Sərgidə təmsil olunan eposların xalqın milli-mənəvi dəyərləri, etno-psixoloji keyfiyyətləri ilə sıx əlaqəsinin olduğunu qeyd edən H.Əliyeva bu qəbildən olan tədbirlərin mütəmadi olaraq təşkil olunacağını qeyd edib.

Sərginin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla eposlar haqqında təsəvvürlərimizin sərgi vasitəsilə başqa mədəniyyətlərin təbliğatı ilə yanaşı, Azərbaycan mədəniyyətinin də təbliğatının gözəl bir örnəyinə çevrildiyini bildirib: “Mən çox istərdim ki, bizim laboratoriyalarımız və müəllimlərimizin başladıqları bu mədəni şücaət və təbliğat davam etsin və tələbələrimizin daha geniş kütləsi bu işə cəlb olunsun. Bildirmək istərdim ki, bu sərgiləri qorumaq lazımdır, yaxın gələcəkdə başqa ölkələrin universitetlərində Azərbaycan mədəniyyətini, dilini təbliğ edərkən belə gözəl işlərə ehtiyacımız olacaq. Bu, bilavasitə Azərbaycan mədəniyyətinə yeni dostlar və təbliğatçılar qazandıracaq”.

Sonda sərgidə fəal iştirak edən tələbələr sertifikatlarla mükafatlandırılıb.






Fikirlər