"DÜNƏN TOYDA ÜÇ DƏFƏ OXUYAN xalq artisti olur...!" -DEPUTAT

"Dünən toyda üç dəfə oxuyan xalq artisti olur...Prezidentə düzgün təqdimat verilmir!" - DEPUTAT

"Xalq və əməkdar artist kimi fəxri adların verilməsi meyarları dəyişib".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa dövlət başçısının bir qrup insana fəxri adlar verməsindən sonra müəyyən sənət adamarının adlarının siyahıya düşməməsinə görə narazılıq etməsinə münasibət bildirərkən deyib.

Kim çox toya gedirsə o," xalq artisti"ola bilər

Millət vəkilinin sözlərinə görə, indi kim oldu ona xalq və ya əməkdar artist adı verilməsini normal qarşılamaq lazımdır: "Çünki kim çox toya gedirsə o," xalq artisti", kim şou proqramlarda çox iştirak edirsə o, "əməkdar artist" ola bilər. Buna görə də fəxri adların verilməsi gerçək sənət adamlarına dəxli olmayan artıq bir məsələyə çevrilib".

Prezidentə düzgün təqdimat verilmir

F. Mustafa qeyd edib ki, müəyyən bir mərhələni keçməyən, xalqın tanımadığı insanlara bu adların verilməsi müvafiq qurumların Prezidentə verdiyi təqdimatın nə dərəcədə əsaslandırılmış olmadığını göstərir: " Prezident müvafiq qurumlara etibar edir. Dövlət başçısı onsuz da yaxşı sənət adamlarına, rəssamlara, ədəbiyyart adamlarına həmişə diqqət göstərir və onların əməyini qiymətləndirir. Ancaq müvafiq qurumlar müxtəlif vasitələrlə layiqli insanların təqdimatını vermirlərsə, Prezident kimin haqlı olub-olmadığını bilmək üçün onları bir-bir yoxlamalı deyil ki? Buna görə bu məsələlər həmin qurumlarn vicdanına buraxılıb".

Şahmalıoğlunu dəyərləndirməyəndə kimi dəyərləndirək?

Deputat diqqətə çatdırıb ki, Süleyman Abdullayev kimi nəhəng muğam ustası əməkdar artistdir: "Yaşı da 80-ni keçib hələ əməkdar artistdir. Bu, gülməli deyilmi? Dünən toyda üç dəfə oxuyan xalq artistdir, bu isə əməkdar artistdir. Yaxud Ənvər Həsənov kimi Azərbaycan kinosunun karifeyi 40 ildir əməkdar artistdir, yaşı 70-ə çatır. 50-dən artıq filmdə aparıcı rol oynayıb. Lakin 1-2 serialda çəkilən adam isə xalq artistidir. Belə şey ola bilərmi? Yəni şou gösərən adam xalq artistidir. Tacir Şahmalıoğlu Qarabağ şikəstəsinə hələ uşaqlıqdan damğa vuran sənət adamıdır. Onu dəyərləndirməyəndə kimi dəyərləndirək? Onun uşaq vaxtı oxuduğu Qarabağ şikəstəsi yetərlidir ki, ona dəyər verəsən. O, Qarabağ davasının simvoludur".

Fəxri adların dəyəri düşür

F. Mustafa hesab edir ki, müvafiq qurumlar o adların çoxunu gizlədir, vermir, müxtəlif yollarla bu təqdimatları göndərir: "Bunun araşdırılma imkanı da yoxdur. Layiqli sənət adamlarının müəyyən bir qismi həqiqətən layiq olduğu ada sahib çıxmırlar. Əslində bu adların hamısı absurd məsələlərdir. Hamısı hesablayır ki, mən 10-15 ildir tədbirlərdə iştirak edirəm niyə mənə bu ad verilmir. Adam xəstədir, adam anlamır ki, kimsə atın belində həccə gedəndə ata hacı adı vermirlər. Hamı bu adı almağa başlasa onda nə var ki? Xalqın dəyər vermədiyi adamlar xalq və ya əməkdar artist adı alan artıq bu adların dəyəri düşməyə başlayır. Əsl sənət adamı ad almağa ümumiyyətlə meyl göstərməməlidir, çünki bu adın bir mənası yoxdur axı! Fəxri ad alan adamların bir qismi cəmiyyətdə tamamilə başqa tərzdə tanınan, yaşayan adamlardır, heç xalqa aidiyyatı olmayan adamlardır. Ona görə də onların fəxri adlar daşıması problemdir".

Ölkə rəhbərliyini aldatmağa ehtiyac yoxdur

Onun sözlərinə görə, bu məsələdə ölkə rəhbərliyini aldatmağa ehtiyac yoxdur, bu məsələdə mətbuat da gerçək sənət adamlarının müəyyən dərəcədə kömək etməlidir ki, layiqli olanlara adlar verilsin: "Fəxri adlar alanlar arasında layiqli olanlar da var və bu, təqdir edilməlidir. Azərbaycanı ad yarışından xilas etmək lazımdır. Artıq bu, xəstəliyə çevrilib. Əgər gözəl sənətkarsansa, xalq səni sevirsə, adın olub-olmamasının nə fərqi var? Müvafiq qurumlar daha layiqli insanların ölkə Prezidentə təqdimatı barədə düşünməlidirlər, yəni narazıçılıq yaratmağın bir əhəmiyyti yoxdur".






Fikirlər