ETSN-nin maliyyə FIRILDAQLARI...

ETSN-nin maliyyə FIRILDAQLARI...Hesablama Palatasının hesabatında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı da ilginc faktlar yer alıb.

Sənəddə deyilir ki, hesabat ilində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Inkişafı Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin auditi aparılıb. Müəyyən edilib ki, departament tərəfindən büdcə xərcləri üzrə proqnoz göstəriciləri hazırlanarkən iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, əvvəlki illərin nəticələri əsas götürülməyərək layihələr tərtib edilib.

Nəticədə auditlə əhatə edilən dövr ərzində əksər xərc maddələri üzrə vəsait istifadə edilməyib və dövlət büdcəsinə qaytarılıb. 2012-13-cü illərdə departament aparatına ayrılan vəsait üzrə müvafiq ilin büdcə xərclərinin rüblər, aylar üzrə bölgüsünə əksər hallarda riayət olunmayıb. Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondunun vəsaiti hesabına bayramlarla əlaqədar dövlət qulluqçusu olan işçilərə mükafat verilib, Departamentin Əlaqələndirmə Mərkəzinə təmir xərcləri üçün nəzərdə tutulan büdcə və büdcədənkənar vəsaitlər hesabına tabeçilikdə olan regional müəssisələrin obyektlərin əsaslı təmirinə vəsait xərclənib.

“Geoloji korrpusiya”

Hesabat ilində nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılıb. Xidmətin tabeliyində olan ekspedisiyalarla struktur vahidi olan Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzi arasında bağlanılan müqaviləyə əsasən ekspedisiyalar tərəfindən Mərkəzə analiz üçün göndərilən işlər Xidmətdə qeydə alınandan sonra icraçıya təqdim edilməyib və qeydiyyata alınmadan Mərkəzə vəsait ödənilib, qurum tərəfindən laboratoriya-tədqiqat işlərinin aparılmasına dair axtarış sahəsi üzrə kimyəvi, mineroloji, qeyri-filiz süxurlarının analizinin aparılmasıyla bağlı görülməyən işlərin yekun aktına daxil edilməsi nəticəsində Mərkəzə artıq büdcə vəsaiti ödənilib. Laboratoriya tədqiqat işlərinin dəyərinin ödənilməsinə dair Mərkəzlə Xidmət arasında müqavilə bağlanmadığı halda, ekspedisiyalar tərəfindən təqdim edilən nümunələrin analizi üçün Mərkəzə laboratoriya və topogeodeziya işlərinə görə vəsait ödənilib, maliyyə hesabatlarında maliyyə-təsərrüfat fəaliyyəti üzrə gəlirlər, mənfəət və zərər məbləğləri tam göstərilməyib. Xidməti ərazilərin abadlaşdırılmasıyla bağlı keçirilən satınalmalar zamanı bəzi hallarda iddiaçı kimi iştirak edən malgöndərənlər barədə məlumatların alınması təmin edilməyib, təşkilatın balansında maşın və mexanizmlərin olmadığı və ya icarəyə götürülmədiyi halda, tender komissiyası tərəfindən qiymətləndirmə meyarı düzgün seçilməyib və həmin iddiaçılar qalib elan edilib, mühasibat uçotu qanunvericiliyin tələblərinə uyğun aparılmayıb, gəlirlərin və digər daxilolmaların, xərclərin uçotu mühasibat uçotuyla bağlı müvafiq standartlara uyğun olmayaraq kassa metodu, əməkhaqqı xərclərinin uçotu isə hesablama metoduyla aparılıb.

ETSN-nin maliyyə FIRILDAQLARI...Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinə ayrılan vəsaitin istifadəsinə dair auditin nəticəsində müəyyən edilib ki, büdcə proqnozları tərtib edilərkən bir sıra hallarda əhatəli iqtisadi əsaslandırma və hesablama aparılmayıb, real tələbat nəzərə alınmayıb, tələbatdan çox vəsaitlər nəzərdə tutulub. Departamentdə dövlət qulluğuna dair vakant inzibati vəzifələrə 14 nəfərin müvəqqəti işə qəbul edilməsinə rəğmən, müsabiqə elan olunmayıb, nəqliyyat vasitələrinə yanacaq sərfiyyatına dair hesabatlar tərtib olunmayıb, artıq ehtiyat hissəsi silinib, ödəniş cədvəllərində aylıq vəzifə maaşları çox və təkrar yazılmaqla artıq əməkhaqqı ödənib, 2 sabiq əməkdaşa və digər işçilərə artıq əməkhaqqı və mükafat verilib.
Mühasibat uçotu təlimata uyğun aparılmayıb, borc olmadığı halda maliyyə hesabatlarında məcburi dövlət sosial sığorta ayırmaları üzrə debitor borcun olması göstərilib.

Yanacaq və ehtiyat hissələri maxinasiyası

Hesabat ilində nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq Idarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit aparılıb. Idarə tərəfindən büdcə xərclərinin proqnoz göstəriciləri hazırlanarkən bəzi xərc maddələri üzrə iqtisadi əsaslandırma aparılmayıb, bəzi xərc maddələri üzrə icra olunmamasına rəğmən, xərc maddələri üzrə proqnozlaşdırma aparılıb və vəsait nəzərdə tutulub. Iki nəfər işçiyə tutduğu vəzifəylə yanaşı əlavə olaraq boş vəzifə üzrə əmək funksiyasının icrası həvalə edilib və Əmək Məcəlləsinin tələblərinə əməl edilməyərək işçilərə artıq əməkhaqqı, satınalma müqaviləsi üzrə inzibati binanın cari təmiri işlərinə görə icraçıya artıq büdcə vəsaiti ödənilib. Nəqliyyat vasitələrinə normadan artıq, istismar olunmadığı halda elmi-tədqiqat gəmisinə yanacaq, avtonəqliyyat vasitələrinin təmirinə heç bir təsdiqedici sənədlər olmadan ehtiyat hissələri silinib, idarənin balansında olan gəmi şəxsi heyətiylə digər dövlət qurumu tərəfindən istismar edilməsinə rəğmən, icarə haqqı müəyyənləşdirilməyib, icarə müqaviləsi bağlanıb, nəticədə gəmi heyətinə əməkhaqqı və əlavə xərclər hesablanaraq ödənilib. Idarə tərəfindən satınalmalar zamanı vəsait məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə ayrı-ayrı müqavilələrə bölünən, icraçılarla müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan birbaşa müqavilələr bağlanıb və icra edilib, büdcədənkənar vəsaitlərin formalaşması üzrə tədbirlər tam həyata keçirilməyib, mühasibat uçotunun təşkili və aparılması, maliyyə hesabatlarının tərtibi müvafiq təlimatlara uyğun aparılmayıb.

Podratçıya artıq vəsait ödənilib

ETSN-nin maliyyə FIRILDAQLARI... Nazirliyin Dövlət Ekspertiza Idarəsi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, dövlət rüsumlarının hesablanması və ödənilməsinin qanunvericiliyə uyğunluğuna dair audit aparılıb. Idarənin dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə xərclər smetalarının, xüsusi vəsaitlər üzrə gəlir və xərclər smetalarının proqnoz layihələri hesablamalarla əsaslandırılmayıb, xüsusi vəsaitlər üzrə gəlir və xərclər smetalarının xərc istiqamətləri üzrə proqnoz göstəricilərində nazirlik sisteminə daxil olan digər strukturların müəyyən ehtiyaclarının ödənilməsi nəzərdə tutularaq icra olunub, müxtəlif maddi qiymətlilər əvəzsiz olaraq nazirlik sisteminə daxil olan bir sıra strukturlara verilib. Dövlət büdcəsinldən ayrılan vəsaitlər üzrə smeta məbləğinin artırılmasına rəğmən həmin dəqiqləşmələr hesabatlarda əks olunmayıb, bir sıra hallarda büdcə vəsaitinin təyinatı dəyişdirilib, malların satın alınması zamanı ehtimal olunan qiymətlər müəyyənləşdirilməyib, satınalmaların qalibləri iştirakçıların qiymət təklifləri əsas götürülməklə müəyyən olunub və icra edilib. Dövlət ekoloci ekspertizaları üzrə sifarişçilərlə bəzi halda müqavilələr bağlanmayıb, qarşılıqlı öhdəliklər müəyyənləşdirilməyib və rəsmiləşdirilməyib, debitor və kreditor borcların uçotu aparılmayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair aparılan auditdə müəyyən edilib ki, büdcə proqnozu layihələri ayrı-ayrı xərclər üzrə normativ göstəricilər nəzərə alınmadan təxmini hesablanaraq tərtib olunub. Nəqliyyat vasitələrinə normadan artıq yanacaq və ehtiyat hissələri silinib, aktivlərin uçota alınması və uçotdan silinməsi qaydalara uyğun həyata keçirilməyib. Ehtiyat hissələrinin alınması zamanı, malların vahidinin qiymətinin satınalma cədvəlində göstərilən qiymətdən baha verilməsi səbəbindən podratçıya artıq vəsait ödənilib. (Azadliq.info)

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Fikirlər