Sabiq deputatdan 11 yaşlı qızın nişanlanması ilə bağlı AÇIQLAMA: Gürcüstanda azərbaycanlıları nüfuzdan salmaq istəyirlər

Sabiq deputatdan 11 yaşlı qızın nişanlanması ilə bağlı AÇIQLAMA: Gürcüstanda azərbaycanlıları nüfuzdan salmaq istəyirlər

Nişan mərasimi Tbilisi şəhəri yaxınlığındakı Soğanlıq kəndində baş verib. Qızın 14, oğlanın 16 yaşı var. Bu, toy deyil, sadəcə olaraq ad ediblər ki, yetkinlik yaşına çatanda evlənəcəklər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının üzvü, sabiq millət vəkili Mahir Dərziyev bildirib.

O, erkən nikahları şiddətlə qınadığını diqqətə çatdırıb:

“Doğrudan da, bu, nə əxlaqa, nə qanuna, nə mənəviyyata sığan bir məsələdir. Hətta mənim imkanım olsa, erkən nikaha zorla daxil etməni qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirərdim və belə bir cinayət maddəsinin tərəfdarı olardım. Gürcüstanda qanunla nikah yaşı 18-dir.  Amma 2017-ci ildə Gürcüstan qanunvericiliyindəki “Vətəndaşlıq aktları” ilə bağlı qanuna dəyişiklik oldu. Orada keçid müddəası kimi valideynlərin razılığı ilə daha erkən - 16 yaşından nikaha daxil olmağa bir il icazə verildi. Amma bu keçid müddəti bitdikdən sonra 17 yaşında nikaha daxil olmağa ancaq məhkəmə orqanlarının razılığı ilə icazə verilə bilər. Bu da müəyyən şərtlərlə bağlıdır. Tutaq ki, yeniyetmə hamilədirsə, belə bir şey mümkündür. BMT-nin yaydığı  məlumata görə, Gürcüstanda qadınların 17 faizi 18 yaşına çatmamış ərə gedir. Bu, 2015-ci ilin məlumatıdır. 2019-cu ilin məlumatında isə Gürcüstanda 14-19 yaş arası qızların 14 faizinin evləndiyi qeyd olunub. Bu, bütün Avropa miqyasında təəssüf ki, ən yüksək göstəricilərdən biridir”.

Həmsöhbətimiz vurğulayıb ki, Gürcüstanda erkən nikah problemi bir azərbaycanlı icması üçün yox, bütün ölkə üçün aktualdır:

“Prosesi icra edən şəxslər qanunvericiliklə cinayət məsuliyyəti daşıyırlar. Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsə 7 ilədək həbs cəzası verilir. Bir məqam da var ki, Gürcüstanda bu gün qadınların orta nikah yaşı 29-dan, kişilərdə isə 32-dən yuxarıdır. Bir şeyi də qeyd edim ki, hələ 2017-ci ildə yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin razılığı olmadan övlad dünyaya gətirmə, nikaha girmə hallarının çoxaldığı bildirilirdi. Lakin bir məsələ də var ki, Gürcüstan qadına qarşı zorakılığın əks olunduğu İstanbul konvensiyasına qoşulub. Bu Konvensiyadan irəli gələrək üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir”.

Sabiq deputat Azərbaycanın media orqanlarına da müraciət edib:

“Media orqanlarından xahiş edirəm ki, bu tip məsələləri ictimailəşdirəndə  diqqətli olsunlar. Çünki Gürcüstandakı bəzi dairələr bu problemi sadəcə azərbaycanlılara aid etməyə çalışırlar. Problemlərdən azərbaycanlı icmasını nüfuzdan salmaq üçün istifadə edirlər. Halbuki bu məsələ bütün Gürcüstan üçün aktualdır. Yəni ortada fakt var.  Özü də Gürcüstanda nikah yaşının aşağı salınmasının ən güclü tərəfdarlarından biri kilsədir. Kilsə bu istəyini demoqrafik vəziyyətlə əlaqələndirir”.






Fikirlər