UKRAYNADAKI SƏFİRLİYİMİZƏ RÜŞVƏT İTTİHAMI... - “Arayışı 200-300 dollara satırlar”
“Ukrayna paytaxtında, Kiyev şəhərindəki səfirliyimiz Bakıdakı Xocahəsən qəsəbəsində yerləşən ”Sədərək", “Binə” ticarət mərkəzlərini xatırladır. Arayışların qiyməti 200-300 dollardan başlayır. Deyirlər ki, raket atəşi altında işləyirlər, ona görə də arayış bahadır". Bunu azərbaycanlı baş redaktor Ramiz Mikayılov Youtube platforması üzərindən yayınladığı müəllif verilişində deyib. Ramiz Mikayılov Polşa və Moldovadakı səfirlərin Ukraynadan gedən soydaşlarımızı qəbul etdiyini vurğulayaraq onların Azərbaycana dönüşünə kömək etdiklərini söyləyib. Ukraynadakı səfirliyimizdə səfirin iddia etdiyi 20 işçidən biri ilə oradakı soydaşlarımızın əlaqə yarada bilməməsinin səbəbinin aydınlaşdırılmasını istəyib: “Mən bilirəm ki, Elmira Axundova Ramiz Mehdiyevin, Elmar Məmmədyarovun kadrıdır. Yalan danışıb dövlətimizi aldatmaq lazım deyil. Orada rüşvət baş alıb gedir. Elmira Axundovanı Prezidentin 3 gün axtarıb tapa bilmədiyi Elmar Məmmədyarov təyin edib. Elmira Axundova onun kadrıdır”. Ramiz Mikayılov deyib ki, Ukraynada yaşayan soydaşlarımız Azərbaycanın bu dövlətdəki səfirliyinin fəaliyyətindən kəskin şəkildə şikayətçidirlər: “Mənə bu barədə Kiyevdəki soydaşlarımızdan məlumat daxil oldu. Onlar Azərbaycanın Ukraynadakı səfirliyindən şikayətçidirlər. O gün Elmira Axundovadan eşitdim ki, guya səfirlikdə 15-20 adam oturub, iş başındadırlar. Təəssüflər olsun ki, soydaşlarımız ora zəng edir, lakin heç kimlə əlaqə yarada bilmirlər. Orada dəllallar var. Onlar bəlli pul qarşılığında vətənə qayıdış sənədlərini düzəldir, verirlər”. “Adam utanır deyə ki, bizim öz səfirliyimiz kömək etmir, siz edin”. Bu sözləri isə BBC-yə Ukraynada yaşayan və tikinti biznesi ilə məşğul olan Fərid Abbasov deyib. Onun sözlərinə görə müharibə başlayandan dərhal sonra 3 uşağı və xanımı ilə birgə Odessanı tərk etmək cəhdi alınmayıb. Çünki körpə övladına səfirlikdən sənəd ala bilməyib. Fərid Abbasov deyir ki, onlar 8 aylıq uşaqlarına sənəd ala bilmədiklərindən Azərbaycana gedə bilməyiblər: “Biz uşağı götürüb Türkiyəyə, Moldovaya gedə bilirik, amma Azərbaycana gedə bilmirik, çünki Azərbaycan şəkilli sənəd tələb edir. Bu sənədi də ancaq səfirlikdən ala bilərik. Qaydaya görə, sənədlərimizi verməliydik, 1 aydan sonra almalıydıq və 14 gün ərzində də ölkəni tərk etməliydik. Bizim də işlərimiz var, bilmirdim axı, işimi nə vaxt yoluna qoya biləcəm ki, Azərbaycana gedim”. Fərid Abbasov da Azərbaycanın Ukraynadakı səfirliyi ilə heç cür əlaqə saxlaya bilmədiklərini deyir: “Heç kimə zəng edə bilmirik, ya məşğuldur, ya götürən yoxdur. Dünən Cənubi Koreya səfirliyi mənə zəng edib, onların işini görmüşdüm, sizə nə kömək edək. Dedim, sağ olun. Adam utanır deyə ki, bizim öz səfirliyimiz kömək etmir, siz edin”. Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 24-dən bəri Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciətlər edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edib. XİN bildirib ki, ciddi təhlükə ilə üzləşmiş vətəndaşlar Moldova, Polşa və Slovakiyaya gedə bilərlər. Bundan əvvəl isə XİN bildirib ki, Azərbaycan vətəndaşları xüsusi hallar ilə bağlı Azərbaycanın Kiyevdəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] e-maili, Xarkovdakı fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] e-maili ilə məlumat əldə edə bilərlər.
“Yeni Müsavat”ın əməkdaşı Ramiz Mikayılovun ictimailəşdirdiyi məlumatlara aydınlıq gətirilməsi və Kiyevdəki durumu öyrənmək üçün səfir Elmira Axundova ilə əlaqə saxlamağa çalışıb. Səfir gün ərzində zənglərimizi cavabsız qoyub. Səfirliyin +38044 4846946 nömrəsinə etdiyimiz israrlı zənglərə də cavab verən olmayıb.