Müəllimləri tənqid edən nazirə SƏRT REAKSİYA...
“Emin Əmrullayevin hər dəfə müəllimlərin səhvlərini gündəmə gətirməsini çox qınayıram. Bu gün nazir Emin Əmrullayevdir. İki il, on il öncə nazir o deyildi. Amma orta və ali məktəblər həmişə təhsil nazirliyə tabe olub. Orta məktəb nazirliyin sol əlidirsə, ali məktəblər sağ əlidir. Ali məktəb yaxşı təhsil verməyibsə, günah nazirin təyin etdiyi rektorlarda və direktorlardadır. İnstitutu qurtarana qədər bu gənclər təqribən 40 dəfə imtahan verib. 41-ci sertifikasya imtahanına ehtiyac yoxdur. Çünki imtahanın ədalətinə inam yoxdur. İnsanın elə yerində yara ola bilər ki, onu nə özün gərə bilirsən, nə də dosta göstərə bilirsən. İmtahanlar təqribən o yara kimidir. İmtahana aludəçilik bizdə TQDK-nın yaranmasına səbəb oldu. Əgər testə qədər gənclər ixtisaslarını öz arzularına görə seçirdilərsə, indi onun əvəzindən bu işi DİM edir. Bunlar dərdi, yaradır. Ancaq dözmək lazımdır. Bu məsələ nazirin kim olmasından asılı deyil. Bu qüsur TN-nin qüsuru olduğundan dövlət adamı onu ictimailəşdirməməli, nazirliyin illər boyu buraxdığı səhvləri gizlicə yenidən hazırlama yolu ilə düzəltməlidir”. Bunu News24.az-a açıqlamasında əməkdar elm xadimi professor Şahlar Əsgərov deyib. O bildirib ki, problemlərin kökü imtahanlarla bağlıdır: “İmtahan götürməyə ehtiyac yoxdur. Ali məktəbdə təhsilin keyfiyyəti artırmaq lazımdır. Orta məktəblərin 10 və 11-ci siniflərində dərsləri nəzarətə götürmək lazımdır. Repetitorluqla mübarizə aparmaq lazımdır. Əgər bunlar yoxdursa, onda nazirin dediklərindən heç biri olmayacaq. Gələcəkdə bu ali təhsillilər “ana” sözünü səhv yazacaqlar”. Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mininin kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmədiyini deyib.