Əli Nağıyev - Ali Baş Komandanın ən çox güvəndiyi GENERAL!

Anadolu türklərində gözəl bir söz var: Haqqaniyyət. Yəni Haqqa-Ədalətə uyğunluq, dürüstlük. Bir çox hallarda bir insanın haqqı özünə veriləndə Anadolulu qardaşlarımız “Haqqaniyyət öz yerini buldu” deyib sevinirlər. Bizdə buna “çörəyi ver çörəkçiyə” də deyirlər. Çünki “zər qədrini zərgər bildiyi” kimi, “çörəyi də çörək itirməyənə vermək” ən böyük haqqaniyyət sayılır.
Bu gün Prezident İlham Əliyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevi və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovu general-polkovnik hərbi rütbəsinə layiq görməsi də haqqaniyyətin öz yerini tapmasıdir. Nədən ki, bu fəxri ad - Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbədir. Ölkə başçısı bu iki xidmət rəisini həmin rütbəyə layiq görməklə onların işindən xeyli razı qaldığını nümayiş etdirib.
 
Açığı, general-polkovnik Orxan Sultanovun fəaliyyəti kifayət qədər məxfi olduğundan onun bu fəxri ada layiq hansı işləri həyata keçirdiyi bəlkə də uzun illərdən sonra ortaya çıxacaq. O zaman ki, görülən işlərin məxfiliyi ortadan qalxacaq və Azərbaycanın qazandığı uğurlar qarşısıalınmaz reallığa çevriləcək. 



Hörmətli general-polkovnikimiz Əli Nağıyevin də bir çox fəaliyyəti  məxfilik qriffi altındadır və onları bəlkə bir özü, bir də Ali Baş Komandanımız bilir. Bununla belə, Əli Nağıyevin DTX rəisi təyin olunduğu gündən indiyədək keçən zaman zərfində həyata keçirdiyi bir çox əməliyyatlar var ki, üzərindən gizlilik pərdəsi qalxıb və biz bu uğurlar barədə yüksək səslə danışa bilərik. Məsələn, bir çox rayonların icra başçılarının korrupsiya və rüşvətxorluq cinayətləri üstündə yaxalanmaları Əli Nağıyevə qədər heç bir xüsusi xidmət orqanlarının rəhbərinə qismət olmayıb. Məhz Əli Nağıyevin bu il yarım ərzində apardığı uğurlu əməliyyatlar ölkəmizdə kök salmış 5-ci kolonun alt bazasını yox etməklə böyük bir şəbəkənin çökməsinə, ölkə başçısının şəbəkə rəhbərlərini rahatlıqla işdən uzaqlaşdırmasına yol açıb. 
 
Təbii ki, işdən uzaqlaşdırmaq hələ onlara haqq etdikləri cəzanın tam verilməsi anlamına gəlmir. Amma o da sirr deyil ki, böyük şəbəkələrə qarşı mübarizənin ən optimal yolu budur: əvvəl altını boşaldıb onların dayaqlarından məhrum etmək və tədricən hissə-hissə parçalamaq, “zərərsizləşdirmək”

 

Bəllidir ki, göydələnləri yıxmağın radikal yolu bir sıra gözlənilməz nəticələr doğura və ətraf mühiti təhlükəyə ata bilər. Azərbaycan hakimiyyəti də bu cür gözlənilməz sürprizlərə yol verməmək üçün tədrici üsullarla “zərərsizləşdirmək”  yolunu seçib və bu sahədə ciddi uğurlar qazanıb. Etiraf etməliyik ki, bu uğurların əldə olunmasında DTX rəisi Əli Nağıyevin taktiki planlarının mühüm rolu olub və bundan sonra da olacaqdır. Zaman keçdikcə, korrupsiyaya və onun arxasında dayanan 5-ci kolona qarşı mübarizə aşağıdan yuxarıya doğru irəliləyəcəkdir. Kim bilir, bu amansız mübarizədə neçə nazirin, komitə sədrinin ağır cəzalandırılması faktı ilə də üzləşəcəyik.
 
Təsadüfi deyil ki, Azərbaycan siyasi iradəsinin 5-ci kolona qarşı mübarizəsini dayandırmaq üçün ölkədaxili qüvvələrin aktivləşməsinin qarşısı vaxtında görülən tədbirlər nəticəsində alınmış və xarici qüvvələr erməniləri bizə qarşı müharibəyə təşviq etmişdir. Açığını desək, dövlətçiliyimizə qarşı istifadə olunan erməni kartı korrupsiya və rüşvətxorluğa, deməli həm də 5-ci kolona qarşı mübarizəmizi 2 ay yubada bilmiş, Ordumuzun böyük qəhrəmanlıqlarından sonra bu təhlükə aradan qaldırılmışdı. 
 
Adına bəzən “Vətən müharibəsi” dediyimiz son döyüşlərin gedişində də biz Əli Nağıyevi yenə əməliyyat hazırlıqlarının tam ortasında görmüşdük. Strateji müttəfiqimiz Türkiyədən gələn hərbi heyətlərlə bütün görüşlərdə Müdafiə naziri ilə yanaşı Əli Nağıyevin və Orxan Sultanovun iştirakı bu mənada təsadüfi sayılmamalıdır. Bu fakt onu göstərirdi ki, bu gün general-polkovnik rütbəsinə layiq görülən hər iki Xidmətin rəhbərləri, xüsusilə də Əli Nağıyev təkcə 5-ci kolonla deyil, həm də xarici təhlükəyə qarşı mübarizə aparırdı. Elə buna görədir ki, Şuşadakı silahlı qüvvələrimizin kordinasiyası Müdafiə Nazirliyinin rəhbərlərinə yox, Əli Nağıyevə tapşırılmışdı və bu həqiqət Ali Baş Komandanın həmin şəhərə DTX rəisinin ezam etməsi faktında bütün çılpaqlığı ilə ortaya çıxmışdı.
 


Bu qədər ağır məsuliyyətli işin Əli Nağıyevə tapşırılması, əlbəttə, səbəbsiz deyildi. DTX rəisi hələ I Qarabağ döyüşlərində ön cəbhədə döyüşən nadir dövlət məmurlarımızdandır. Bir çox generallar kabinetlərdə gizlənəndə Əli müəllim Çaykənd əməliyyatında, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi rol oynamış, Daşaltı döyüşlərində fəallığı ilə seçilmişdi. Görünür, coğrafiyanın relyefini və əməliyyat şəraitini yaxşı bildiyindən Şuşadakı qüvvələrin kordinasiyası kimi mühüm işi də Əli Nağıyevə həvalə olunmuşdu.

General Qarabağ döyüşlərində - Tarixi video
 
Müharibə bizim zəfərlərimizlə bitsə də, Əli Nağıyevin mübarizəsi hələ də tamamlanmayıb, hətta deyərdim ki, ən ağır mərhələsi başlayıb. İndi onun qarşısında Həzrət Həmzənin təbiriylə desək, gözəgörünməyən, hətta bu xarakterləri ilə göz qabağında olan ermənilərdən daha təhlükəli düşmənlər dayanır. Söhbət 5-ci kolona qarşı başladılan və ermənilərin öz “komanda yoldaşlarına” dəstəyi ilə dayanadırılan mübarizənin davam etdirilməsindən və uğurla tamamlanmasından gedir. Təsadüfi deyil ki, elə bu gün media qurumları DTX-nın Cəlilabadda növbəti əməliyyata başlandığı və bir neçə nəfərin saxlanıldığı xəbərini yaymışdılar. Bu fakt Ali Baş Komandanın ən çox güvəndiyi generalın 5-ci kolonla mübarizəsinin qaldığı yerdən start götürdüyünə işarədir.
 
Bu ağır və şərəfli mübarizədə general-polkovnik Əli Nağıyevə döyüş uğurları arzulayırıq!






Fikirlər